İsrail və ABŞ-la bağlı açıqlamalar verən İran prezidenti Məsud Pezeşkian əsas narahatlığının daxili fikir ayrılıqları olduğunu bildirib.
"Mənim qorxum geri çəkilmək və ya xarici təhdidlər deyil, əsl qorxum daxili fikir ayrılıqları, daxili qarşıdurmalar və bəzən kiçik məsələlərə görə yaranan münaqişələrdir. Düşmənlər də bu fikir ayrılıqlarını səbirsizliklə gözləyirlər" – deyə Pezeşkian bildirib.
Pezeşkian həmçinin qeyd edib ki, parlamentdən və dövlət televiziyasından çıxan müəyyən səslər bu parçalanmanı qızışdırır.
Pezeşkian İsrail və ABŞ-ın İranla müharibə istədiyini deyib: "Biz müharibə istəmirik, amma hücum etsələr, onlara güclü müqavimət göstərəcəyik. Müharibə istəmirik və bunu ilk gündən deyirik, amma müharibədən də qorxmuruq. Xalqımız da, müharibə başlayacağı halda, birliyini göstərdi. Biz çalışırıq, amma ABŞ və İsrail İranı parçalamağa, və onu devirməyə çalışır. Heç bir iranlı ölkəsinin parçalanmasını və ya təslim olmasını istəməz".
İran prezidenti bildirib ki, ABŞ resurslarımızı əlimizdən alaraq təslim olmağımızı istəyir: “Biz bunu etməyəcəyik. Amerikanın aldadıcı üzünün arxasında pis bir reallıq dayanır. Düşmən düşmənçiliyindən əl çəkməyəcək, biz buna görə birliyimizdən əl çəkməməliyik".
TAHİR