Türkiyə Xarici İşlər Nazirliyi İsrailin baş naziri Binyamin Netanyahunun canlı yayımda 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırmasına sərt reaksiya verib. Nazirlik 1915-ci il hadisələri ilə bağlı bəyanatı “keçmiş ağrılı hadisələrdən siyasi səbəblərdən istifadə etmək cəhdi” adlandırıb.
Nazirlik, 7 oktyabr 2023-cü ildən Fələstin xalqına qarşı soyqırım törədən və buna görə mühakimə olunan Netanyahunun “tarixi və hüquqi faktlarla bir araya sığmayan bu bəyanatını” qınadığını və rədd etdiyini, özünün və rəhbərlik etdiyi hökumətin cinayətlərini ört-basdır etməyə çalışdığını bildirib.
Bu arada Ermənistanın baş naziri Paşinyan da Netanyahunun açıqlamalarına cavab verib. Paşinyan jurnalistlərin Netanyahunun 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi xarakterizə etməsi ilə bağlı sualına “Aydındır ki, Netanyahunun bəyanatının Ermənistanın və ya erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur” deyə cavab verib.
Paşinyan bəyan edib ki, Netanyahunun bu bəyanatı Ermənistana xeyir verməyəcək və o, bunu “alver predmeti” kimi dəyərləndirdiyini deyib. O, həmçinin bəyan edib ki, digər ölkələrin də Netanyahu ilə eyni fikirdə olması onların ölkələrinə heç bir fayda verməyəcək.
TAHİR