Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Avropa İttifaqının ofisinin də zərər gördüyü Kiyevə hücuma qəzəbləndiyini bildirib. O, Brüsseldə keçirilən brifinqdə bildirib ki, bu hücum nələrin risq altında olduğuna dair növbəti xatırlatmadır.
“Kiyevə hücuma qəzəbləndim, hücum nəticəsində həmçinin Avropa İttifaqının ofisi zərər görüb. Bu, iyuldan sonra paytaxta dronlar və raketlərlə edilən ən qanlı hücum idi. Bu, bizim nümayəndə heyətimizə qarşı da hücum idi. Mən səfirimizin müavini ilə danışdım və əməkdaşlarımızdan heç birinin xəsarət almadığını öyrənəndə rahatladım. Dünənki zərbə diplomatik missiya, ittifaqımızın nümayəndəliyi yaxınlığına endirilib. İki raket nümayəndəlik binasından cəmi 50 metr məsafədə, 20 saniyəlik fasilə ilə düşüb. Bu, nələrin risq altında olduğuna dair növbəti xatırlatmadır. Bu göstərir ki, Kreml Ukraynanı qorxutmaq üçün heç nədən çəkinmir, dinc əhalini - kişiləri, qadınları və uşaqları kor-koranə qətlə yetirir və Avropa İttifaqını belə hədəfə alır” – fon der Leyen bildirib.
Avropa Komissiyasının prezidenti yaxın zamanda Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təqdim edəcəklərini də açıqlayıb: “Biz tezliklə sərt sanksiyaların 19-cu paketini təqdim edəcəyik. Paralel olaraq, Ukraynanın müdafiəsi və yenidən qurulmasını dəstəkləmək üçün Rusiyanın dondurulmuş aktivləri üzərində işləməyə davam edirik”.
Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas da Rusiyanın Kiyevə hücumuna münasibət bildirib. Kalas deyib ki, Rusiya qətlləri dayandırmalı və danışıqlara başlamalıdır.
“Dünya sülhə doğru yol axtararkən, Rusiya raketlərlə cavab verir. Kiyevə gecə hücumu şüurlu şəkildə gərginlik seçimini və sülh səyinin lağa qoyulduğunu göstərir. Rusiya qətlləri dayandırmalı və danışıqlara başlamalıdır” – deyə Kalas bildirib.
Fransa Prezidenti Emmanuel Makron isə hücumunu terror və barbarlıq adlandırıb. Makron bildirib ki, Fransa qəddar hücumları pisləyir və Ukrayna xalqına dəstəyini ifadə edir.
“Ukrayna üzərində bir gecədə 629 raket və dron, bu Rusiyanın sülh ideyasıdır. Bu terror və barbarlıqdır. Ondan çox insan, o cümlədən uşaqlar həlak olub. Yaşayış rayonlarını və mülki infrastrukturu qəsdən bombalayıblar. Avropa İttifaqının Nümayəndəliyi və Britaniya Şurasının ofisləri zərər görüb. Fransa bu mənasız və qəddar hücumları ən sərt şəkildə pisləyir. Ukrayna xalqına tam dəstək və bütün yas içində olan ailələrə dərin şəfqət” – deyə Makron sosial şəbəkə hesabında yazıb.
TAHİR