Türkiyə ilə ABŞ İŞİD və Suriya mövzusunda atılacaq bəzi addımlarla bağlı razılığa gəlib. Razılaşmaya görə İncirlik hərbi hava bazası ABŞ liderliyində İŞİD-ə qarşı qurulmuş koalisiya təyyarələrinə açılacaq. Bunun qarşılığında Suriyada müəyyən bölgələrdə bufer zonalar yaradılacaq.
Baki-xeber.com CNNTürk-ə istinadən xəbər verir ki, Ankara İncirlik bazasının koalisiya təyyarələrinə açılması və Suriyada bufer zona yaradılması addımlarının eyni vaxtda atılmasını tələb edib. Hökumətdəki mənbələr ABŞ-ın da razılığı ilə iki nöqtədə bufer zona qərarının açıqlana biləcəyini deyib. Bu bölgələrin paralel və meridianları da açıqlanacaq. Türk Silahlı Qüvvələrinin bufer zona elan edilən bölgəyə dərhal girib tədbirlər görməsi hələlik planda yoxdur. Bu bölgələrə hər hansı bir hücum olduğu təqdirdə Türkiyə Silahlı Qüvvələri qarşı tərəfə əvvəl atəşlə cavab verəcək. Hücum davam edərsə, TSK bufer zonaya girib tədbir görəcək. Sonrakı mərhələdə bu bölgələrə Türkiyədəki suriyalı qaçqınlar yerləşdiriləcək.
Türkiyə-ABŞ razılaşmasına görə, İncirlik hərbi hava bazası koalisiya təyyarələrinə açıq olacaq, ancaq türk döyüş təyyarələri hava hücumlarına qatılmayacaq.
ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında cümə axşamı reallaşan telefon danışığında bu mövzuda hər hansı bir razılaşma olub-olmaması barədə jurnalistin sualına Ağ Evin sözçüsü heç bir cavab verməyib.