"ABŞ-ın Azərbaycana sərmayələrinin azalması statistikasında siyasi kontekst yoxdur". Trend-in məlumatına əsasən, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Hoqland deyib.
Onun sözlərinə görə, ABŞ şirkətləri özəldir: "Bizdə dövlətin idarə etdiyi şirkət yoxdur. Şirkətlərimiz iqtisadi cəhətdən sərfəli olan yerə sərmayə qoyur. Ötən il böyük həcmdə sərmayələr yatırmışıq. Ölkələrimiz arasında münasibətlər və sərmayələr üçün şərait yaxşılaşdıqca sərmayələr də artacaq".
Son vaxtlar Azərbaycan və ABŞ arasında əlaqələrin soyumasına münasibət bildirən R.Hoqland qeyd edib: "Diplomatiya və beynəlxalq əlaqələr ailədəki münasibətlərə bənzəyir – hərdən hər şey yaxşı və rahat gedir, hərdən isə problemlər yaranır".
O, əlavə edib ki, əhəmiyyətli olan tərəflərin bir-birinə etibar etməsi və hörmətlə yanaşması, həmçinin bu problemlər üzərində işləməsidir.
Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır
R.Hoqland deyib ki, Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır. Onun sözlərinə görə, ticarəti inkişaf etdirmək çox vacibdir: "Bu layihənin böyük perspektivləri var. Bu məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə etdim".
R.Hoqland qeyd edib ki, Azərbaycan daşınma məsələlərində vacib rol oynayır: "İpək yolu" layihəsinin müzakirəsi gedir, hələ konkret qərar qəbul edilməyib".
ABŞ Minsk qrupuna olan inamını saxlayır
Dövlət katibinin köməkçisinin müavini bildirib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT-in Minsk qrupuna olan inamını saxlayır.
Onun sözlərinə görə, tərəflər bu məsələni qarşılıqlı hörmət əsasında həll etməlidirlər.
ABŞ və İran tarixi saziş bağlayıb