Millət vəkili ötən həftənin sonunda Böyük Britaniya Parlamentinin iclasında nitq söyləyərkən "Chatham House”un B.Saakyanı Londona dəvət etməsi qərarına etirazını bildirib. O, üzünü parlament üzvlərinə tutaraq sual edib ki, heç bir ölkə, hətta Ermənistanın özünün belə qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığı halda, özünü onun başçısı kimi təqdim edən şəxsə "Chatham House” tərəfindən diqqət yetirilməsi nə dərəcədə doğru qərardır?
B.Bləkman diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun işğalı, 1 milyona yaxın azərbaycanlının isə öz evlərindən məcburi köçürülərək qaçqın düşərgələrində məskunlaşması ilə nəticələnib: "Düşünürəm ki, həmin insanlara qarşı ədalətsizlik törədən bir şəxsin hər hansı təşkilat tərəfindən bu ölkəyə dəvət olunması və ona çıxış etmək üçün tribuna verməsi olduqca yanlış bir qərardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 4 qətnamə qəbul edib və onların icrası hələ də həyata keçirilməyib. Azərbaycan vətəndaşlarından daxil olan şikayətlərdə bildirilir ki, BMT-nin razılaşdırılmış qaydada qəbul etdiyi qətnamələr əsasən dərhal yerinə yetirildiyi halda, onlara aid məsələdə isə ədalətin bərqərar olunmasını 20 ildən çox gözləməli olublar”.
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun katibi Bob Blekmen "Chatham House” - Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanın Londona dəvət edilməsi və məsələyə dair institutun rəsmi izahatla çıxış etməsi ilə əlaqədar Britaniya parlamentində rəsmi müzakirələrin keçirilməsi üçün EDM (Early Day Motion) təklifi ilə çıxış edib.
Sənəd parlamentin Leyborist Partiyasından olan üzvləri Rocer Qodsiff və Alan Meal tərəfindən dəstəklənərək imzalanmaq üçün millət vəkillərinə təqdim olunub.
Sənəddə deyilir: "Parlamentin İcmalar Palatası Kral Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən özünü tanınmamış "Dağlıq Qarabağ respublikasının prezidenti" elan etmiş şəxsin "Chatham House”da çıxış etməsi üçün dəvət edilməsindən narahatlığını bildirir və Kral Beynəlxalq Münasibətlər İnstitutunu rəsmi şəkildə üzr istəməyə çağırır" (http://www.parliament.uk/edm/2015-16/328).
Qeyd edək ki, B.Blekmen Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının üzvüdür.