Səsvermə o deməkdir ki, hökumət çoxluğu itirib, lakin "ayaqda qala bilər". Razılaşma əleyhinə hakim Syriza partiyası üzvləri, o cümlədən, ultrasolçu və bir qədər əvvələ qədər maliyyə naziri olmuş Yanis Varoufakis səs verib. Müzakirələr keçirildiyi vaxt Yunanıstan maliyyə nazirinin müavini Nadia Valavani bu paketə etiraz olaraq vəzifəsindən istefa verib. Enerji naziri Panagiotis Lafazanis də paketin qəbul edilə bilməz olduğunu deyərək dəstək verməyəcəyini bildirib.
Avrozona maliyyə nazirləri səsverməni konfrans zəngində müzakirə edəcək. Növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməli, vergiləri və təqaüd yaşını qaldırmalıdır.
Yunanıstanın millət vəkilləri avrozona ölkələrinin kreditorlarından üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları qəbul edib. Kreditorlar Yunanıstandan razılaşmanı çərşənbə günündən gec olmayaraq qəbul etməyi tələb edirdi.
Səsvermə gərgin müzakirələr və Parlament qarşısında aksiyalarla müşahidə edilib. Etirazçılar parlamentin binasına "Molotov kokteyli” atıb, polis isə, buna cavab olaraq etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Baş nazir Alexis Tripas deputatları səs verməyə çağırsa da, islahatların effektivliyinə inanmadığını deyib. Lakin o bildirib ki, bu "irrasional" təkliflərin qəbulu yunan banklarını dağılmaqdan qoruyacaq: "Yunan xalqı ağıllıdır və kimin ədalətsiz döyüşdə mübarizə apardığını, kimin silahları təhvil verdiyini anlayır".
Yunan mediası xəbər verir ki, müzakirələrdən əvvəl baş nazir Aleksis Çipras səsvermənin nəticəsinə görə istefa verə biləcəyini deyib. Partiyasının məclis qrupunda üsyan bayrağı qaldıran millət vəkillərinə səslənən Çipras "ya bu gün partiyamızın bütün millət vəkilləri məni dəstəkləyəcək ya da baş nazirlikdən istefa verəcəyəm” mesajı verib.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanın Yunanıstana yeni iqtisadi yardım planı ilə bağlı razılaşmanı tənqid edib. Təşkilatın bildirdiyinə görə, Yunanıstanın dövlət borcu indi "həddən artıq dayanıqsızdır”.
Çərşənbə axşamı BVF avroqrup maliyyə nazirlərinə verdiyi məsləhətləri ictimailəşdirib. Məsləhətlərdə Yunanıstanın borclarının bir hissəsinin silinməsi təklifləri də yer alıb. Ölkənin borcları ilə bağlı böhranın həllində BVF və Yunanıstanın kreditorları arasında fikir ayrılığı əvvəl də olub. Lakin bu ilk dəfədir ki, anlaşılmazlıq ictimailəşdirilir.