Yunanıstan millət vəkilləri üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları müzakirə edirlər. Növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməlidir.
Baki-xeber.com xəbər verir ki, Yunanıstanla kreditorlar arasında əldə olunmuş razılaşma o cümlədən vergilərin artırılması və təqaüd yaşının qaldırılmasını nəzərdə tutur.
Ancaq bu müzakirələr hakim partiyanı (SYRIZA) da parçalayıb. Yunanıstan maliyyə nazirinin müavini Nadia Valavani bu paketə etiraz olaraq vəzifəsindən istefa verib. Enerji naziri Panagiotis Lafazanis də paketin qəbul edilə bilməz olduğunu deyərək dəstək verməyəcəyini bildirib.
Yunan mediası xəbər verir ki, müzakirələrdən əvvəl baş nazir Aleksis Çipras səsvermənin nəticəsinə görə istefa verə biləcəyini deyəb. Partiyasının məclis qrupunda üsyan bayrağı qaldıran millət vəkillərinə səslənən Çipras "ya bu gün partiyamızın bütün millət vəkilləri məni dəstəkləyəcək ya da baş nazirlikdən istefa verəcəyəm” mesajı verib.
Bununla yanaşı sərt qənaət siyasətinə etiraz edənlər parlament binası qarşısında aksiya keçirir. Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub.
Beynəlxalq Valyuta Fondu (BVF) avrozonanın Yunanıstana yeni iqtisadi yardım planı ilə bağlı razılaşmanı tənqid edib. Təşkilatın bildirdiyinə görə, Yunanıstanın dövlət borcu indi "həddən artıq dayanıqsızdır”.
Çərşənbə axşamı BVF avroqrup maliyyə nazirlərinə verdiyi məsləhətləri ictimailəşdirib. Məsləhətlərdə Yunanıstanın borclarının bir hissəsinin silinməsi təklifləri də yer alıb. Ölkənin borcları ilə bağlı böhranın həllində BVF və Yunanıstanın kreditorları arasında fikir ayrılığı əvvəl də olub. Lakin bu ilk dəfədir ki, anlaşılmazlıq ictimailəşdirilir.