Ukrayna Prezidenti aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Rusiya lideri Putin İstanbulda Zelenski ilə görüşməyə razılıq verərsə, Ukrayna onunla danışıqlara qoyulan qadağaya düzəliş edə bilər.
Podolyak, Putinin İstanbula gedəcəyi təqdirdə Kiyevin onunla danışıqlara qoyulan qadağanı ləğv edə biləcəyi sualına cavabında belə deyib.
“Biz Putini legitim Prezident hesab etmirik, amma əslində, o, Rusiyaya təkbaşına nəzarət edir. Ona görə də burada qanuni olaraq, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarında dəyişiklik etmək kifayət edəcək və müvafiq qanunvericilik aktları qəbul olunacaq” - deyə o bildirib.
Qeyd edək ki, mayın 11-nə keçən gecə Putin atəşkəs təklifini rədd edərək mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa danışıqların bərpası təklifini irəli sürüb. Zelenski də təkliflə razılaşıb və İstanbulda birbaşa Putinlə görüşməyi təklif edib. Kremlin sözçüsü Peskov isə deyib ki, birbaşa danışıqların bərpası üçün Kiyev Zelenskinin 2022-ci ildə imzaladığı və Putinlə danışıqları qadağan edən fərmanı qanuni olaraq ləğv etməlidir.
TAHİR