Ermənistan "Azərbaycanın Laçın dəhlizini blokadaya alması və bunun nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə əlaqədar" BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması xahişi ilə təşkilata müraciət edib. Bəyanat BMT-nin Tvitter səhifəsində dərc olunub.
Ekspertlər hesab edir ki, BMT TŞ Azərbaycanın əleyhinə hər hansı sənəd qəbul edərsə, bu, sülh prosesində bugünə qədər əldə olunan razılaşmaları sıfırlayacaq. Lakin birmənalı şəkildə Azərbaycan haqlı mövqeyini müdafiə etməyə davam edəcək - dəstək olsa da, olmasa da. Üstəlik, qurumda Azərbaycanla yüksək səviyyədə tərəfdaşlıq edən dövlətlərin mövqeyi də önəmlidir.
BMT TŞ-də Azərbaycanın əleyhinə hər hansı sənəd qəbulu ehtimalı nə dərəcədədir?
Siyasi şərhçi Sahil Kərmili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Laçın dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatlara nəzər yetirək: “Ümumiyyətlə, bu məsələ ilə bağlı BMT təhlükəsizlik Şurasına müraciət olunması, iclasın çağırılması və Azərbaycan əleyhinə hər hansı qətnamə qəbul olunması ilə bağlı tələblərin irəli sürülməsi gülünc, absurd məqamlardır: “Çünki Laçın sərhəd keçid məntəqəsi, yəni bu məntəqənin açılması və fəaliyyət göstərməsi Azərbaycanın suveren hüququdur. Çünki Azərbaycan öz suveren hüququndan, ərazi bütövlüyündən çıxış edərək bu sərhəd keçid məntəqəsinin fəaliyyətini bərpa edib. Bu tam Azərbaycanın müstəqil hüququdur. Bununla bağlı BMT - nin hər hansı qətnamə qəbul etməsi heç də inandırıcı deyil. Çünki BMT belə bir qətnamə, Azərbaycan əleyhinə hər hansı bir sənəd qəbul edərsə, bu artıq Azərbaycanın ərazi bütövlüyünə və sverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan etnik ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların heç cür blokadasından söhbət gedə bilməz. Sərhəd keçid məntəqəsi beynəlxalq konvensiyalarla, qaydalarla, qanunlarla fəaliyyət göstərir. Sənədlərdə həm insanların, həm də yüklərin daşınması Azərbaycanın qanunları ilə tənzim olunur. Biz dəfələrlə sərhəd keçid məntəqəsindən humanitar yüklər adı altında qanunsuz yüklərin daşınmasına şahid olmuşuq. Hətta silah-sürsat belə daşınıb. Bu da, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, qanun pozuntusu və cinayətdir. Azərbaycan dövləti bu cinayətin qarşısını daima alıb, bundan sonra da alacaq. O ki qaldı Qarabağda yaşayan ermənilərin hər hansı yüklərlə, ərzaqla təminatına, bununla bağlı Azərbaycan dövləti öz qətiyyətli və birmənalı mövqeyini dəfələrlə bildirib. Ağdam-Əsgəran-Xankəndi yolu açıqdır. Bu yolun son günlər çəkilisi yekunlaşmaq üzrədir., burada son tamamlama işləri gedir. Azərbaycan ərazisindən istənilən humanitar yük, ərzaq məhsulları bu yolla daşına bilər və Qarabağ ermənilərinin hərtərəfli təminatı təmin oluna bilər. Yalnız bütün bu proseslər Azərbaycanın nəzarəti çərçivəsində həyata keçirilə bilər”.
Məhəmmədəli QƏRİBLİ