Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən Ana Vətən Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb. Nazirlik partiyanın siyahılarında çatışmazlıqlar aşkar edib. Problemlərin aradan qaldırılması üçün parlament partiyasına bir ay vaxt verilib. Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir.
Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən üzv olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.
Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.
Ədliyyə Nazirliyinin qeydiyyata almadığı partiyaıarın arasında parlamentdə təmsilçiliyi olan partiyalar da var. Çox maraqlıdır ki, bu partiyalar məhz parlamentdə təmsil olunduqlarına görə dövlətdən normal maliyyə alırlar. Bu illər ərzində belə siyasi təsisatlar 5 min adamın normal siyahısını ortaya qoya bilmirlərsə, onda nə işlə məşğul olublar?
Ağ Partiyanın funksioneri, politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mediada bu məsələ haqqında tam dəqiqləşdirilmiş məlumatlar getmir: “Yəni burada heç kəsin qeydiyyatı ləğv edilmir. Sadəcə olaraq, yenidən partiyalara göndərilir ki, əlavələr, düzəlişlər edilsin. O cümlədən YAP - ın da birinci təqdimatı qəbul edilmir. Onlara da geri göndərilib. Gələk digər məsələyə - Parlament partiyalarının 5000 nəfərlik siyahını hazırlayıb ortaya çıxarmamasına. Ümumiyyətlə, parlamentdə elə partiya sədrləri var ki, mən şəxsən onların ikinci adamının kim olduğunu bilmirəm. Məsələn, həmin partiya sədri olmayanda müavinin kim olacağını bilmirəm. Yaxud da, parlamentdə ana müxalifət adından oturan partiyanın vitse-spikeri bir dəfə də olsun müxalif çıxış etməyib. YAP - dan saha çox yapçıdır. Belə bir anormal, ironik vəziyyətdir. Təbii ki, orada 20 ilə yaxın oturan partiyalar var. Bəlkə də daha çox. Düzdür, partiyaların maliyyələşməsi 2010-cu ildən sonra oldu. 13 il keçib bu vaxta kimi. Bu 13 ildə partiya strukturlarını qura bilərdilər. Parlamentdə oturan müxalif partiyaların indiyə kimi hansısa tədbirini görmədim. Adətən bilirsiz, müxalif partiyalar güc göstərisi kimi tədbirlər keçirdir. Orda iki müxalifdən başqa biz digər partiyaları 150 nəfərlik kalonla görmürük. Baxmayaraq ki, pul alırlar, parlamentdə təmsil olunurlar, nümayəndələri var müəyyən dairələrdə, məntəqələrdə. Həmçinin bu prosesdən sonra bəzi müxalif partiya sədrləri narazılıqlarını da bildirdilər. Amma vaxtında narazılıq etmək lazım idi. Milli Məclisdə müxalif partiya sədrləri ilə YAP - ın da nümayəndəsi iştirak edirdi. Partiya sədrlərinin Sahibə Qafarova ilə görüşü oldu. Orda 2-3 müxalif partiya sədrini çıxmaq şərti ilə heç kəs yeni qanuna etiraz etmədi. Əksinə, təriflədilər. Bu qanunu tərifləyənlər indi həmin parlamentdə təmsil olunan müxalif partiya sədrlərini tənqid edirlər. Vaxtında nə üçün tənqid etmirdiz, öz təkliflərinizi irəli sürmürdüz? Mən bu cür yanaşmanı qeyri - səmimi hesab edirəm. Amma bu bir daha onu göstərdi ki, Azərbaycan parlamentində real gücü olan partiyalar təmsil olunmalıdır”.
Məhəmmədəli QƏRİBLİ