İyulun 26-da Prezidentin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb.
Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.
Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.
“Kim zəmanət verə bilər ki, Hindistanın Ermənistanı silahlandırması sülh prosesinə mənfi təsir etməyəcək?”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, indiki vəziyyətdə Hindistanın belə addımları təhlükəli nəticələr yarada bulər: “Biz görürük ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğrasa da 3 ilə yaxındır gedən danışıqlarda ciddi nəticə yoxdur. Ermənistan üzərinə götürdüyü öhdəliklərdən hər vasitə ilə yayınmağa çalışır. Qarabağdakı hərbi birləşmələrini çıxarmır, Zəngəzur dəhlizinin açılmasını yubadır. İki ölkə arasında sülh sazişinin olmadığı bir vəziyyətdə Hindistan Ermənistanı silahlandırırsa, bir müddət sonra rəsmi İrəvan danışıqlarda bir qədər sərt mövqedən çıxış edə bilər. Kim zəmanət verə bilər ki, Hindistanın Ermənistanı silahlandırması sülh prosesinə mənfi təsir etməyəcək? Onsuz da Ermənistanda Azərbaycana qarşı revanşist əhval-ruhiyə var. Silahlanmanın başlaması revanşistlərin mövqeyini daha da gücləndirə bilər. Düzdür, Ermənistan potensial imkanlarına görə, Azərbaycanla müharibə aparmaq qüdrətində deyil. Ancaq istənilən halda Ermənistanın silahlandırılması regiona sabitlik vəd etmir. Tam əksinə, bu, regionda sabitlik üçün ciddi təhdid mənbəyi yaradır. Məlum məsələdir ki, Hindistanın verdiyi silahlar İran vasitəsi ilə Ermənistana çatdırılır. Hindistan buna gedirsə, o zaman bir müddət sonra Fransa da Ermənistanı İran vasitəsi ilə silahlandıra bilər. Onsuz da mətbuatda Fransanın bu yöndə fəaliyyəti ilə bağlı məlumatlar yayılır. Ona görə də Hindistan indiki dövrdə Ermənistanı silahlandırmağı dayandırmalıdır. Regionda gərginliyin yayaranması Hindistana da fayda gətirməyəcək”.
Vidadi ORDAHALLI