“Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşirik”. Bunu Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.
Ölkə başçısı Fransanın riyakar siyasəti ilə bağlı bir sıra məqamlara toxunub: “Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu necə ola bilər?”.
“Fransa son dövrlər ölkəmizə qarşı açıq qərəzli mövqe sərgiləməklə, bütün körpüləri yandırmaq yolunu tutub”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AMİP funksioneri Əli Orucovun fikrincə, Fransa son dövrlər Azərbaycana qarşı açıq qərəzli mövqe sərgiləməklə bütün körpüləri yandırmaq yolunu tutub: “Düzdür, Fransa əzəldən ermənipərəst mövqeyi ilə seçilib. Ancaq əvvəlki dövrlərdə bu dərəcədə Ermənistanın yanında olmaq siyasəti aparmırdılar. Bəzi məsələlərdə müəyyən qədər balanslı mövqedən çıxış edirdilər. Bunun bir səbəbi onunla bağlıdır ki, əvvəlki dövrdə Ermənistan ərazilərimizi işğal edib üstün mövqedə idi. Parisdə hesab edirdilər ki, belə vəziyyət onlara sərf edir. Nə də olsa Ermənistan da bu durumdan razıdır. Ancaq Vətən müharibəsindən sonra yaranan vəziyyət Fransanın əsl simasını ortaya qoydu. Məlum oldu ki, Fransa Ermənistanın məğlubiyyətindən ermənilərdən daha çox məyusdur. Fransanın belə qərəzli mövqe sərgiləməsi rəsmi Parisin danışıqlardan təcrid olunması ilə nəticələndi. Müharibə gedən vaxt Fransa Azərbaycanı Qarabağda erməni “mədəni irsini” dağıtmaqda ittiham edirdi. Fransa bəyan edirdi ki, Azərbaycan Ordusu müharibədə qadağan olunmuş silahlardan, kasetli bombalardan istifadə edir. Bəyan edirdilər ki, guya Azərbaycan Suriyadan terrorçuları gətirməklə müharibəyə cəlb edir. Ancaq bütün bunlarla bağlı Fransa kimi dövlət ortaya bir fakt belə qoymadı. Niyə? Ona görə ki, ortada bununla bağlı fakt yox idi. Məqsəd nəyin bahasına olursa-olsun, Azərbaycanı qaralamaq idi. Əslində bütün bu yalanlara görə Fransa Azərbaycandan üzr istəməli idi. Sadəcə, bu dövlət məqsədyönlü şəkildə buna getdiyi üçün belə bir addım atmaq niyyətində deyil. Biz onu da unutmamalıyıq ki, Fransa müharibə dövründə Azərbaycana qarşı BMT-də qətnamənin qəbul olunmasına çalışırdı. Ona görə də düşmənçilik yolunu tutan Fransaya bundan sonra inanmaq, etibar etmək olmaz”.
Vidadi ORDAHALLI