Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə müzakirə edilən məsələlərdən biri də Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması olub.
Azərbaycan tərəfi növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirib, onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoyub. Azərbaycanın Qarabağda yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarükü üçün Bərdə-Ağdam yolundan istifadə etməsi ilə bağlı təklifi Brüssel görüşündə Şarl Mişel tərəfindən dəstəklənib. Rəsmi Bakının təklif etdiyi Ağdamdan Xankəndiyə yol ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Qısa və rahat yolla avtomobillərin sürətli hərəkəti təmin olunub. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Bu yolla yükləri Xankəndiyə daha tez və təhlükəsiz çatdırmaq olar, nəinki uzun dağlıq Laçın yolu ilə. Ancaq Brüssel görüşündən sonra erməni tərəfi Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına qarşı çıxır. Ümumilikdə, Ağdam yolunun üstünlükləri olduğu halda ermənilər bu yolu niyə qəbul etmirlər?
“Bu qüvvələr separatçılara birmənalı olaraq tapşırıblar ki, Azərbaycanla hər hansı bir kontakta girməsinlər”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev erməni tərəfinin Ağdam yolundan imtina etməsini onların sülhdə maraqlı olmaması ilə əlaqələndirdi: “Sonuncu Brüssel görüşündə müxtəlif məsələlər müzakirə olundu. O cümlədən, Bərdə-Ağdam yolu ilə Xankəndiyə müxtəlif yüklərin daşınması təklif olundu. Mətbuat üçün açıqlamada Şarl Mişel şəxsən özü bunu bəyan etdi. Ancaq təəssüflər olsun ki, ermənilər bu təklifdən də imtina etdilər. Halbuki, sözügedən yol həm rahat idi, həm də yüklərin daha tez daşınması üçün əlverişli idi. Belə olan halda istər-istəməz müəyyən suallar yaranır. Biz ermənilərə yol, humanitar yardım və s. təklif edirik, amma onlar imtina edir. Niyə? Açıq-aşkar görünür ki, ermənilərin arxasında duran qüvvələr var. Bu qüvvvələr separatçılara birmənalı olaraq tapşırıblar ki, Azərbaycanla hər hansı bir kontakta girməsinlər. Reinteqrasiya ilə bağlı hansısa addım atmasınlar. Necə deyərlər, birmənalı olaraq qarşıdurma xətti tutsunlar. Nəticə etibari ilə Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası baş tutmasın və münasibətlər belə gərgin olaraq qalsın. Daha dəqiq desək, bu proses dondurulmuş vəziyyətdə qalsın. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasın. Əsas məqsəd odur ki, tərəflər arasında gərginlik olsun. Gərginlik olanda da hansısa irəliləyişə ümid olmur. Ona görə də bütün variantlar buna hesablanıb. Bunların arxasında duran əsas qüvvə Rusiyadır. Çünki belə vəziyyət Rusiyaya sərf edir. Ermənistan rəhbərliyi özünü elə göstərir ki, guya məsələnin tam həllində maraqlıdır. Ancaq belə deyil. Paşinyan hakimiyyəti də maraqlıdır ki, proses uzansın. Ermənistan hakimiyyəti bu minvalla istəyir ki, yekin sülh sazişi imzalanmasın. Rusiyanın da istəyi odur ki, bu bölgədən çıxmasın. Ona görə də separatçı tör-töküntülər təxribatçı fəaliyyətlərini artırıblar”.
Vidadi ORDAHALLI