Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı hadisələr daha maraqlı məcrada inkişaf etməyə başlayır. Prosesə vasitəçilik edənlər sırasında son günlər Qərbin daha effektiv fəaliyyəti də açıq müşhadiə edilir. Digər vasitəçi olan Rusiya isə belə bir vaxtda sülh prosesinə xələl gətirə biləcək anlaşılmaz mövqe sərgiləyir.
Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan üçün maraq doğuran məsələ sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsidir. Azərbaycan prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında məsələnin bu tərəfinə toxunarkən qeyd edib: “Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub. Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”. Qeyd edildiyi kimi, Qərb açıq şəkildə sülhün əldə olunmasına fəal dəstək göstərir, Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərin bəyan edir. Bunun əvəzində Rusiya anlaşılmaz açıqlamalr verir. Məsələn, Rusiyanın ATƏT-in Daimi Şurasındakı səfiri Aleksandr Lukaşeviç iddia edir ki, Qarabağda hadisələr mənfi ssenari ilə inkişaf edir. Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin ərzağa, gündəlik tələbat mallarına və dava-dərmana kəskin ehtiyacı var. Rusiya diplomatı bildirib ki, Laçın dəhlizinin blokdan çıxarılması üçün təcili addımlar atılmalıdır: “Hesab edirik ki, belə bir şəraitdə Bakı və İrəvan arasında bundan əvvəl əldə olunmuş razılaşmalar əsasında sülh müqaviləsi mətninin ən tez bir zamanda razılaşdırılmasının zəruriliyi artıb. Ondan çıxış edirik ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə verilən dəqiq qarantiyalar, habelə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatların qeyd-şərtsiz icrası da daxil, bu müqavilənin alınmaz tərkib hissəsi olmalıdır”. Rusiyanın ATƏT-dəki daimi nümayəndəliyi bildirir ki, Moskva Qarabağda normal həyat fəaliyyətinin bərpa olunmasına, Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişaf etdirilməsinə kömək etməyə “tam enerjisi” ilə hazırdır. Lukaşeviç bunu da bildirib ki, Rusiya razılaşmalara əməl olunmasını ən yüksək səviyyədə müzakirə etmək üçün ən yaxın vaxtda Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin təşkilini istərdi.
Bundan əvvəl iyulun 15-də Bakı Rusiya XİN-in Qarabağ ətrafındakı vəziyyətlə bağlı bəyanatına kəskin reaksiya vermişdi. Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında Qarabağ məsələsinə bu yanaşmanın Azərbaycanla Rusiya arasındakı Müttəfiqlik Bəyannaməsinə, o cümlədən Rusiya prezidenti tərəfindən Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil etdiyi deyilirdi: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir”.
Beləliklə Rusiya, ermənilərin iddia etdiyi kimi, Qarabağın erməni əhalisinin “humanitar böhranla” üzləşməsi şousunu tirajlaçağa çalışır. Belə bir şey olmadığı bəlli olduğu halda rusların bu addımı isə sülhə əngəl yaradır. Halbuki, Qarabağda hansısa blokadanın olmadığını ruslar da yaxşı bilir. Elə “Euronews” telekanalının jurnalisti Anelisa Borxesin Laçın sərhəd-keçid məntəqəsindən dedikləri də bunun təsdiqidir: “Laçın dəhlizi. 22 iyul. İndi buradan Qırmızı Xaç Komitəsinin maşınları keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir. Ermənilər deyir ki, Azərbaycan onları mühasirədə saxlayır, baxmayaraq ki, azərbaycanlılar sadəcə olaraq sərhədlərinə nəzarət edir, humanitar yardımın keçməsinə icazə verirlər”. Bundan başqa, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu ölkəmiz tərəfindən dəfələrlə diqqətə çatdırılıb. Erməni jurnalist Edik Andreasyan bunun ən yaxşı variant olduğunu təsdiq eidr: “Problem Qarabağda erməni əhalisinin təminatıdırsa, Azərbaycan bunu Ağdam-Xankəndi yolu ilə həll etməyə hazırdır. Ermənilər Ağdamdan təminatın gəlməsi haqda artıq pıçıldaşırlar. Şarl Mişelin Bərdə-Ağdam-Xankəndi marşrutu ilə bağlı təklifinin əslində reinteqrasiya olduğunu anlamırlar. Bunu yəqin Ağdam yolunda ərzaq və digər təlabat mallarının yükləndiyi Azərbaycan karvanını görəndə anlayacaqlar. Hər şey gətirəcəklər, pulsuz. Qalib Azərbaycanın qürurlu erməni vətəndaşları, gətirilən hər şey sənindir. İlham Əliyev sizi hər şeylə təmin edəcək. Qarabağda olan bir dostumla danışıram. Mənə yazır ki, indi əsas məsələ təminatın həll edilməsidir, qalan şeylər – “öz müqəddəratını təyinetmə”, “müstəqillik” haqda sonra da düşünmək olar. Əslində bütün bunlar mövcud reallığı əks etdirir. Məsələ ondadır ki, 1988-ci ildəki vəziyyət bir daha təkrarlanmayacaq. 1988-ci ildə “Dağlıq Qarabağ muxtar vilayəti”, onun regional “hakimiyyəti”, qərarlar qəbul edən “orqanları” var idi. Bu gün isə heç nə yoxdur. “Parlament” və “hökumət” qanundankənar elan edilib, Araik Arutyunyan və digərləri Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Ağdam-Xankəndi yolu açılandan sonra əsas sual gündəmə gələcək: Laçın yolunu belə aça bilməyən rus sülhməramlılarının Qarabağda nə işi var? Bu məsələni İlham Əliyev yox, Nikol Paşinyan, Araik Arutyunyan və digərləri qaldırır”. Elə rusların da bunu nəzərə alması çox vacibdir.
Nahid SALAYEV