Prezident İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında qeyd edib ki, Brüssel formatı bu səbəblərə görə uğurlu olub: “Brüssel formatı bir balaca əlavə dəstəkverici bir mexanizmdir ki, Ermənistan və Azərbaycan liderləri təmas qursunlar. Hesab edirəm ki, bu günə qədər o, müəyyən dərəcədə uğurlu olub”.
Dövlət başçısı bu formatla Minsk Qrupunun fərqindən də danışaraq bunları qeyd edib: “Bu formatın fərqi ondan ibarətdir ki, Minsk Qrupunda üzvün biri Fransa idi, bu gün isə Fransa artıq yoxdur”.
Prezident onu da qeyd edib ki, Fransa Avropa formatında o qədər də rəsmi vasitəçi deyil. Bu faktor müəyyən təzyiqləri aradan qaldırır, gərginliyi götürür ki, iki lider bir-biri ilə danışsın və bir-birinin mövqeyini daha yaxşı başa düşsün: “Minsk Qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər. Yəni, İkinci Qarabağ müharibəsindən sonra onlar da özlərinə sual verməyə başladılar ki, növbəti hansı addımlar atmalıdırlar. Bizimlə təmas quranda mən qeyd etdim ki, münaqişə artıq bitib”.
Məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, Brüssel formatı daha konstruktivdir: “Biz bunu 2021-ci ildən aydın şəkildə müşahidə edirik. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərdə konstruktivlik, beynəlxalq hüquqa dayanaraq mövqe sərgiləmək elementləri özünü göstərir. Xüsusən də sonuncu Brüssel görüşündə ümumilikdə çoxsaylı konkret məsələlər müzakirə edildi. Sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, oradakı erməni əhalinin Azərbaycanın suverenliyi çərçivəsində yaşaması, Ağdam-Xankəndi yolunun açılması məsələlərinin müzakirəsi bu baxımdan əhəmiyyətlidir. Düzdür, bu, o demək deyil ki, sonuncu Brüssel görüşündə sadalanan məsələlərin hamısı öz həllini tapdı. Yox, amma reallıq odur ki, Avropa İttifaqı konkret məsələlərin müzakirəsi ilə bağlı təşəbbüskarlığını artırır. Müsbət faktorlardan biri də odur ki, Avroittifaqla Birləşmiş Ştatların Qarabağ tənzimlənməsi ilə bağlı mövqeləri prinsipcə üst-üstə düşür. Ancaq ATƏT-in Minsk Qrupu 28 il vasitəçilik etsə də, heç bir irəliləyiş qeydə alınmadı. Əksinə, danışıqlar prosesi dalana dirəndi. 1997-ci ildə Fransa Minsk Qrupunun həmsədri olandan sonra 3 tənzimləmə variantı təqdim olundu - Paket, Mərhələli həll və Ümumdövlət. Bu varinatların hər üçü Azərbaycanın ziyanına idi. O cümlədən, Mərhələli həll variantı da. Fransa o zaman Minsk Qrupu çərçivəsində prosesi uzadırdı. Hesab edirdilər ki, vaxt nə qədər çox uzansa, bu, bir o qədər Azərbaycanın ziyanına, Ermənistanın xeyrinə olacaq. Artıq Fransa vasitəçi olmaq şansını itirib. Çünki 44 günlük müharibədən sonra bitərəf mövqedən çıxış etmir. Açıq formada Ermənistanın yanında dayanıb. Bu baxımdan hesab edirəm ki, Brüssel göstərilən etimadı doğrultmaq üçün daha təsirli vasitələrdən istifadə etməli, səylərini bir qədər də artırmalıdır”.
Vidadi ORDAHALLI