Fransa, digər dövlətlər kimi, Zəngəzur vilayət mərkəzində - Gorus şəhərində konsulluq açaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün mühüm addım ata bilər. Bu, regionun sabitliyi istiqamətində güclü addım olmaqla yanaşı, Fransa ilə Ermənistan arasında əməkdaşlığın inkişafı baxımından dəyərli forpost olacaq.
Bu təkliflə Fransa Milli Assambleyasında Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petel və Senatda analoji qrupun sədri Gilbert-Lyuk Devinaz Fransanın xarici işlər naziri Ketrin Kolonnaya rəsmi məktub göndərib.
Fransa parlamentarilərinin fikrincə, Ermənistan Respublikasının cənubunda yerləşən Sünik rayonu əhalinin ən az məskunlaşdığı dağlıq rayon olsa da, coğrafi təcridinə baxmayaraq, 4500 kvadrat kilometr ərazisi ilə Cənubi Qafqazın geosiyasi məsələlərində mərkəzi yer tutur:
“Axı, Azərbaycan Naxçıvanla quru əlaqəsinə nail olmaq istəyir. Buna görə də Sünik üçün ambisiyaları var. Bu ambisiyalar Bosfor boğazının türk əhalisini Xəzər dənizi regionu ilə birləşdirmək üçün daha böyük pantürk planının bir hissəsidir. Bu kontekstdə hərbi disbalansın Azərbaycanın xeyrinə hər gün artdığı bir vaxtda sonuncunun mümkün yeni təcavüzü fəlakətli nəticələrə səbəb ola bilər. Ermənistanın sözügedən təhlükəyə qarşı durmaq üçün müttəfiqləri azdır. Onların arasında Fransa Ermənistanın ərazi bütövlüyünə və erməni əhalisinin təhlükəsizliyinə təminat verən ən sədaqətli dövlətlərdən biridir”.
Bir daha sübut olunur ki, Fransa Zəngəzur dəhlizinə qarşı olduğunu açıq mətnlə bəyan edir. Eyni zamanda, Ermənistan balaca bir çoğragiyada üç ölkənin konsulluğunu açmaqla vəziyyəti daha da gərginləşdirmək istəyir. İran, Rusiya və Fransa məlum çoğrafiyada konsulluq açmaq niyyətlərini bəyan etməklə, əslində Zəngəzur dəhlizinə qarşı olduqlarını bəyan etmiş olurlarmı?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ilk olaraq belə bir niyyəti İran ortaya qoydu: “İranın burada konsulluq açmaq qərarı daha çox müharibədən sonrakı yeni reallıqlar, xüsusən də Zəngəzur ətrafında yaranmış yeni vəziyyət kontekstində qiymətləndirilir.
Tehran dəfələrlə regional dövlətlərin sərhədlərinin toxunulmazlığını bəyan edib, onun qırmızı xətlərinin olduğunu elan edib. Bu bəyanatlar Ermənistanda çox vaxt Zəngəzurun “özünü müdafiə etmək” istəyinin ifadəsi kimi qəbul edilib. İranın Qafanda konsulluq açmaq qərarının tonu və məntiqi belədir.
Amma praktikada İranın bununla bağlı qərarlarına “Zəngəzurun müdafiəsi” kimi yox, Zəngəzur ətrafında İranın maraqlarını müdafiə edən qərarlar kimi baxmaq olardı. Və o maraqlar, təbii ki, təkcə təhlükəsizlik və ya siyasi deyil, həm də iqtisadi maraqlardır.
Bu nöqteyi-nəzərdən İranın Qafanda konsulluğu faktı ilk növbədə İranın burada gündəlik olaraq hadisələrin ani inkişafından xəbərdar olmaq üçün daimi qanuni mövcudluğu demək olacaq, çünki İrəvandakı diplomatik nümayəndəlikdən Zəngəzura müntəzəm ezamiyyətlər əlavə texniki problem yarada bilər.
Tehran üçün Qafandakı konsulluq regional kanalların blokadadan çıxarılması prosesi çərçivəsində həm daha yüksək səviyyəli dərhal məlumatlılıq, həm də yeni vəziyyət yarandıqda texniki “operativlik” üçün istənilən nəticəyə hazırlıq baxımından önəmlidir”.
Ekspertin sözlərinə görə, ötən il İranın Qafanda Baş Konsulluğu açıldıqdan sonra Rusiyanın Ermənistandakı səfirliyi də analoji istəyini ifadə edib: Rusiya bu istəyi ilə bağlı müxtəlif kanallarla Ermənistan hakimiyyət orqanlarını məlumatlandırıb. İndi İrəvan bu məsələdə strateji müttəfiqdən imtina edə bilmir. Çünki Ermənistan vaxtilə İrana Zəngəzurda konsulluq açmağa icazə verib, Kremlə necə yox desin?
İndi də Fransa bu eşqə düşüb. Fransanın birbaşa məqsədi bölgədəki vəziyyəti daha da gərginləşdirməkdir. Bununla bir daha sübut olunur ki, hər üç ölkə Zəngəzur dəhlizinin açılmasını istəmir. Ermənistan bu ölkələri bölgəyə toplamaqla, Zəngəzur dəhlizinin açılmasının qarşısını almağı hədəfləyir”.
Məhəmmədəli QƏRİBLİ