Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini təsdiqləyib. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarında əks olunub:
“Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”.
Adı Avropa missiyası olan bu prosesə Amerika qitəsində yerləşən ölkəni qoşmaq hansı anlama gəlir?
Mirkazım Seyidov: “Bəyan olunmalıdır ki, bu addım ölkələrimiz arasındakı münasibətləri korlaya bilər”
Müstəqil siyasətçi Mirkazım Seyidov “Bakı-Xəbər”ə bildirdi ki, Avropa İttifaqı Ermənistana geniştərkibli iki mülki müşahidə missiyası göndərib: “Sayca ikinci missiyanın Ermənistanın Azərbaycanla sərhəd bölgələrində iki il müddətinə yerləşdirilməsi nəzərdə tutulur.
Avropa İttifaqının bu addımı Azərbaycanın narazılığına səbəb olub və Xarici İşlər Nazirliyi Aİ-nin qərarına etirazını bildirib. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.
Maraqlıdır, Azərbaycanın etiraz edəcəyini bildiyi halda, Aİ Ermənistana uzunmüddətli missiya göndərməkdən əl çəkməyib.
Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsinə ehtiyac yox idi. Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin dörd görüşü olub. Bu görüşlər zamanı tərəflər arasında yekun sülh sazişinin imzalanması, sülh gündəminin irəli aparılması istiqamətində ciddi müzakirələr aparılıb. Müzakirələr tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təsəvvürünü yaradırdı. Ancaq Avropada olan Praqa görüşü hər şeyi dəyişdirdi. Sanki Ermənistana dəstək elementi təqdim olundu. Dəstək məhz Avropa İttifaqının 40 nəfərdən ibarət müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi haqqında qərarın qəbul olunması idi. Azərbaycan belə bir missiyanın ərazisinə göndərilməsinə icazə vermədi. Ancaq sülh naminə lazım bildiyi bir çərçivədə əməkdaşlığa razı olduğunu bəyan etdi. Ötən il dekabrın 19-da göndərilmiş müşahidə missiyasının müddəti başa çatdı. Müşahidə missiyasının hansısa hesabat və yaxud təsəvvürləri mövcud deyil. Bunun ardınca daha geniş tərkibdə və daha uzunmüddətli missiya Ermənistana göndərilib. Hazırda isə Kanadanı bu işə qoşurlar. Azərbaycan rəsmən Kanadaya öz etirazını bildirməlidir. Bəyan olunmalıdır ki, bu addım ölkələrimiz arasındakı münasibətləri korlaya bilər”.
Elşən Həsənov: “Kanada dövlətinin bu missiyada iştirakı normal qəbul olunmalıdır”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər bir ölkənin digər ölkə və regionlarda siyasi maraqları ilə bərabər, iqtisadi maraqları da olur: “Bundan savayı, hər hansı bir ölkə, Beynəlxalq müqavilə, konvensiya və digər hallardan doğan öhdəliklər çərçivəsində müxtəlif missiyaların işində iştirakına qərar verə bilər. İndiki halda Kanada dövlətinin verdiyi qərar Aİ-nin Ermənisütandakı missiyasına maddi yardım verilməsi ilə bağlıdır ki, buna da qeyri-adi yanaşma sərgiləmək doğru olmazdı.
İndiki halda Aİ-nin iki illik müqavilə əsasında Ermənistanda yerləşdirdiyi 100 nəfərdən ibarət missiyasına Kanada dövlətinin maddi dəstəyi yəqin ki, Aİ ilə Kanada arasında bundan öncə də digər münaqişə ocaqlarında və digər hallarda da göstərilib. Hər hansı bir halda missiyanın fəaliyyət istiqamətinin Azərbaycanla Ermənistan arasında sabitliyin yaradılması olduğu haqqında bəyanatın tərkib hissəsi kimi Kanada dövlətinin bu missiyada iştirakı normal qəbul olunmalıdır.
Bu tədbir beynəlxalq səviyyəli missiya olduğu üçün burada yerləşdiyi qitədən asılı olmayaraq hər hansı bir ölkənin iştirakı normal qəbul edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ