Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasət həyata keçirməsi, bu məsələdə Ermənistandan vasitə olaraq istifadə etməsi məlum həqiqətdir. Hazırda bu istiqamətdə siyasətini davam etdirən Fransa Ermənistanı silahlandırmağa xüsusi diqqət edir. Bu məsələ bir neçə gün əvvəl Fransa Senatının sədri Jerar Larşenin Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə də diqqət mərkəzinə gəlib.
Həmin görüşdən sonra Jerar Larşe bildirib: “Mən Ermənistanla Qarabağı birləşdirən Laçın "dəhlizi"nin dərhal açılmasını və onun təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının verilməsini sürətləndirməyi tələb edirəm”. Görünən budur ki, Fransa Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqları qəbul etmək istəmir. Elə buna görə Fransanın Ermənistana silah təchizatını həyata keçirməsi üçün uzun müddətdir ki, müzakirələr aparılır. Eyni zamanda, ATƏT-in Minsk qrupu formatının iflasa uğramasından sonra Fransa hər vəchlə Ermənistana yardım etmək istəyini gizlətmir. Digər tərəfdən, Fransanın Ermənistandakı səfirliyi yanında yeni hərbi attaşenin təyin edilməsi birbaşa olaraq silahların düşmən dövlətə verilməsinə yardım göstərəcək. Fransanın Ermənistandakı hərbi attaşesi isə bütün proseslərə nəzarət etmək səlahiyyətlərinə sahib olacaq. Sirr deyil ki, Fransanın silahları Ermənistana verməsi həm də regionda qüvvələr balansını qarşı tərəfin xeyrinə dəyişməyə yönəlib. Fransanın bu addımı, həmçinin, Ermənistandakı revanşizm əhvali-ruhiyyəsini yüksəldir, hazırkı status-kvonun dəyişdirilməsinə ümid yaradır, işğalçılıq prinsiplərini və separatizm meyllərini gücləndirir. Rəsmi Parisin bu davranışları, eyni zamanda, Cənubi Qafqazda yeni eskalasiya risqini artırır, beynəlxalq səviyyədə təhlükəsizliyin daha da zədələnməsinə gətirib çıxarır. Amma görünən odur ki, Fransa üçün nə regionun, nə də dünyanın təhlükəsizliyi önəmlidir. Çünki Fransa işğalçı, eyni zamanda, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistana hərbi, siyasi dəstək verir. Fransanın Ermənistanı silahlandırması və ölkəmizə mənfi münasibət bəsləməsi Azərbaycanı qabaqlayıcı addımlar atmağa sövq edir. Eyni zamanda, Fransa bu addımı ilə Ermənistanı fəalkətə sürükləyir. Çünki Azərbaycanla yeni toqquşma Ermənistan üçün fəlakətdən başqa heç nə vəd etmir. Bu vəziyyətdə hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə məsələləri komissiyası sədrinin müavini Armen Xaçatryan deyib ki, Ermənistan silah almaq üçün bütün ölkələrlə fəal iş aparır: “Fransa ilə prosesin hansı mərhələdə olduğu, hara yetişdiyimiz, hansı hərbi-texniki əməkdaşlıqdan söhbət getdiyi barədə fransızların dediyindən başqa heç nə deyə bilmərən. Düşünürəm ki, bu kifayətdir”. Xaçatryan vurğulayıb ki, Rusiya silah məsələsində Ermənistanın əsas müttəfiqi olaraq qalır: “Rusiya Federasiyası məlum səbəblərə görə uzun müddətdir Ermənistan Respublikasının silaha olan ehtiyaclarını təmin edə bilmir. Təbiidir ki, biz də ordumuzu silahlandırmaq üçün bütün dünya boyunca partnyorlar axtarmağa məcburuq”. Burada qeyd edək ki, ötən ay Ermənistanın müdafiə naziri Suren Papikyan Fransada olub, aviasiya sərgisinin açılışında iştirak edib və Fransa müdafiə sənayesi şirkətlərinin rəhbərləri ilə görüşüb.
Erməni politoloqAreq Koçinyan bildirir ki, Fransa artıq Ermənistan-Azərbaycan münasibətlərinin normalalşdırılmasında vasitəçi kimi qəbul olunmur: “Biz birmənalı şəkildə bu istiqamətdə işləməliyik ki, Fransa vasitəçi rolundan çıxıb bizim müttəfiqimizə, imkanlarımızı, müqavimətimizi gücləndirən müttəfiqə çevrilsin. Məsələn, Azərbaycan üçün Pakistan və ya Türkiyənin olduğu kimi bir dövlət olsun. Fransa bir vasitəçi kimi indiyədək Ermənistan üçün edə biləcəyini maksimum edib. İndi Fransanı vasitəçi kimi görmək Ermənistanın marağında deyil. Ermənistanın marağında olan Fransanı müttəfiq kimi görməkdir”. Lakin Koçinyan əlavə edib ki, burada bir problem var: “Qərbdə Ermənistanla hərbi-sənaye əməkdaşlığına birmənalı yanaşmırlar və buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasıdır. Başlıca problem Ermənistanın Rusiyadan asılılıq dərəcəsidir. Digər önəçli problem Ermənistanda idarəçiliyin əsasını təşkil edən şəxslərin Rusiya Federasiyası ilə bağlılığıdır. Əgər bu iki məqam olmasaydı, Ermənistanın KTMT üzvlüyü prinsipial problem olmazdı”. Politoloq bildirib ki, hazırda Ermənistanın silah əldə etməsi üçün başqa bazarlar yoxdur. Bu fonda da belə demək olarsa, Fransa özünü ortaya atıb. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Fransa açıq - aşkar şəkildə Ermənistanın tərəfindədir. ATƏT - in Minsk qrupu tərkibində olduğu vaxtlarda müəyyən bir neytrallıq göstərirdisə indi isə heç o da yoxdur. Amma Fransa da daxil olmaqla Qərb nəzərə almalıdır ki, bu regionda sülh prosesi gedir. Ermənistaı silahlandırmaqla Fransa buna əngəl yaradır. Ermənilər də nəzərə almalıdır ki, Fransadan nə qədər silah alsalar da, Azərbaycanın qarşısında tab gətirmək gücündə deyillər.
Nahid SALAYEV