Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib. Səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Yevdokimov Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.
Daha sonra 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.
Maraqlıdır ki, Rusiya bölgədə həssas proseslərin getdiyi bir zamanda Azərbaycandakı səfirini dəyişir. Rəsmi Moskvanın bu gedişini necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son zamanlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə bəzi narahatlıqlar var: “Bunlar da əsasən Rusiya XİN və ayrı-ayrı siyasətçilərin bəyanatlarında özünü göstərir. Bundan əvvəl Rusiyada anti-Azərbaycan ritorikası bəlli bir qrup tərəfindən aparılırdısa, hazırda bunu hüquqi sənədlərə istinadən etməyə çalışırlar. Deyirlər ki, üçtərəfli bəyanatın müddəaları pozulur. Baxmayaraq ki, üçtərəfli razılaşmanın özü heç hüquqi sənəd sayılmır. Bununla demək istəyirlər ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınması razılaşmanın məramına uyğun deyil. Əsasən də bu mövqeyi sülhməramlıların aqibətində yaradıla biləcək qeyri-müəyyənliklə izah edirlər. Azərbaycanın Rusiyadakı səfirli bu məsələni aydınlaşdırmaq istiqamətində bəzi addımlar atdı. Hətta Rusiya XİN-in müavini ilə görüş də keçirilib. Bəzi müddələrın təkzib edilməsini müavinin dilindən qoparıb. Belə bir həlledici vaxtda Rusiyanın Azərbaycandakı səfirini dəyişməsi narahatlıq doğurmaya bilməz. Bundan oncəki səfir Qazaxıstanda işləmişdi. Onun türk dünyası barədə aydın təsəvvürləri vardı. Bocarnikov həm də təcrübəli və ixtisaslaşmış diplomat idi. Onun iki ölkənin münasibətlərini normallaşdırmaq istiqamətində ciddi səylər göstərdiyi ortada idi. Belə həlledici məqamda onun dəyişdirilməsi Azərbaycanla münasibətlərdə müəyyən dəyişikliklərin olacağından xəbər verir. Hər halda səfirin bundan əvvəlki fəaliyyətini araşdırmaq lazımdır. Bu kimi məqamları dəqiq biləndən sonra onun barəsində ətraflı fikir söyləmək olar. Ancaq ümumən bu gedişi Rusiyanın Azərbaycanla münasibətləri dəyişməsinə yönəlik addımı kimi qəbul etmək olar”.
Məhəmmədəli QƏRİBLİ