Fransadan Azərbaycana yönəlik növbəti həyasız çağırış. Ermənistan parlament sədru Alen Simonyanın Fransaya səfərindən sonra bu ölkədən Azərbaycana qarşı pozucu xarakterli çağrışlar səslənib.
Fransa Senatının sədri Jerar Larşe Tviter hesabında Ermənistana müdafiə silahlarının çatdırılmasını sürətləndirməyə çağırıb: “Mən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını, eləcə də təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının göndərilməsinin sürətləndirilməsini tələb etdim!”.
Qeyd edək ki, Fransa Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyoru, MİSTRAL “Atlas-RC” HHM raketləri verəcəyini elan edib.
“Senat sədrinin Ermənistanı silahlandırmaqla bağlı çağırışları qarşıdurma yaratmaq məqsədi güdür”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun fikrincə, Fransa Senatının Azərbaycanla bağlı mövqeyində konyunktur maraqlar olmamış deyil: “Hələ ötən ilin iyununda Fransa Senatı Ermənistanın özü tərəfindən tanınmamış Qarabağ separatçıları ilə bağlı bir mövqe sərgilədi. Hələ o zaman Senatın qəbul etdiyi bu qərar Azərbaycanda çox ciddi narazılıq yaratdı. Biz hələ o zaman bəyan etdik ki, Senatın bu qərarı Fransa ilə münasibətlərin xarakterinə və formatına yenidən baxılması zərurətini dövlətimiz qarşısında qoyur. Nəzərə almaq lazımdır ki, Senat Fransa hakimiyyətinin qanunverici qolunu təmsil edir. Ancaq onu da qeyd edim ki, parlamentdə aşağı palatadan fərqli olaraq, Senatın Fransada qanunvericilik aktlarının qəbul olunmasında səlahiyyətləri o qədər də böyük və çeşidli deyil. Senat yalnız Fransanın konstitusiyasına düzəliş və əlavələrin edilməsi ilə bağlı məsələlərdə aşağı palata ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Ancaq aşağı palata ölkənin xarici siyasətinə daha ciddi təsir etmək imkanına malikdir, nəinki Senat. Ancaq etiraf etmək lazımdır ki, Senatın Fransa dövlətinin qərarlarına müəyyən qədər təsir imkanı var. Çünki qanunvericiliyə görə, Senat sədri prezidentdən sonra ikinci şəxsdir. Prezident olmadığı təqdirdə Fransanı faktiki olaraq Senat sədri yönləndirir. İkincisi, Senat dövlət büdcəsini, onun sosial layihələrini təsdiq edir. Bu mənada aşağı palata ilə müqayisədə daha üstün səlahiyyətlərə malikdir. Bütövlükdə, Senat sədrinin bu çağırışı Fransanın Ermənistanla münasibətlərə daha böyük önəm verməsinin göstəricisidir. Bu faktın özü bir daha təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmağa hüququ yoxdur. Çünki vasitəçi tərəf qərəzsiz, obyektiv və tərəfsiz olmalıdır. Fransada bunların heç biri yoxdur. Bununla yanaşı, Senatın sərgilədiyi mövqe Fransanın Cənubi Qafqazla bağlı maraqlarına uyğun deyil. Digər tərəfdən, Fransa-Azərbaycan münasibətlərinin bugünkü dönəmi və formatı Parisin maraqlarına uyğun deyil. Çünki Fransanın Azərbaycanda təxminən 207 şirkəti fəaliyyət göstərir. Bunların içində “Total” kimi böyük şirkət var. Bəlli olur ki, Senat buradakı fransız şirkətlərinin maraqlarını nəzərə almır. Senat sədrinin Ermənistanı silahlandırmaqla bağlı çağırışları qarşıdurma yaratmaq məqsədi güdür. Bir məqamı da nəzərə almaq lazımdır ki, Makron həm də Rotşildlərin maraqlarını ifadə edir. Makronun vaxtında həyata keçirilən pensiya islahatları, miqrantlarla bağlı siyasət bundan qaynaqlanır. Bu siyasət Fransa xalqının maraqlarına cavab vermir”.
Vidadi ORDAHALLI