Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib.
Mişelin sözlərinə görə, razılığa gəliinib ki, komandalarımız müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olsunlar: “Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım”.
Bütün bunlar onu göstərir ki, Aİ davamlı olaraq təşəbbüsü əldə saxlamağa və real nəticələrin əldə olunmasına qərarlıdır.
“Bu səbəbdən Avroittifaq bütün vasitələrlə prosesi irəli aparmaqda səylərini artırır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, Şarl Mişelin vasitəçiıiyi ilə keçirilən sonuncu Brüssel görüşündə müəyyən müsbət irəliləyişlərin olduğu qeyd olunur: “Başlıca irəliləyişlərdən biri odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Tərəflərin bu addımı Mişel tərəfindən rəsmən bəyan edildi və hesab edirəm ki, bu müsbət addımdır. Eyni zamanda bu, tərəflər arasında qeydə alınan irəliləyişdir. Bu o deməkdir ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edib. Bundan başqa, sərhədlərin müəyyən olunması ilə bağlı hər iki tərəf razılığa gəlib. Yəni hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq ediblər. Bununla yanaşı, payızda növbəti görüşün keçirilməsi razılaşdırılıb. Bütün bunlar müsbət haldır, amma o da məlumdur ki, hər dəfə Brüssel və Vaşinqton görüşlərindən sonra sərhəddə, Qarabağda təxribatlar artır. Bunların arxasında Rusiya dayanır. Təsadüfi deyil ki, Rusiya sülhməramlılarının olduğu Qarabağda təxribatların miqyası daha böyük olur. Çünki Moskva Qərbin egidası altında regionda sülhün bərqərar olmasında maraqlı deyil. Ona görə də payızda müsbət irəliləyişlər əldə etmək üçün Rusiyanın təxribatlarının qarşısı alınmalıdır. Bayrağımızın endirilməsi, Laçın yolunun tam açılması məsələsinin qarşımıza qoyulması onu göstərir ki, sülhməramlı adı ilə burada olan Rusiya kontingenti heç də sülhməramlı işlərlə məşğul deyil. Gələcəkdə Qərbin vasitəçiliyi ilə müsbət irəliləyiş əldə olunması üçün mütləq bunlar nəzərə alınmalıdır. Ancaq Qərb ölkələri Azərbaycanla Ermənistan arasında olan münasibətlərin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlıdılar. Eyni zamanda kommunikasiya xətlərinin açılmasında maraqlıdılar. Payızda proseslərdə müsbətə doğru bir sıra irəliləyişlər ola bilər. Bunu şərtləndirən bir sıra faktorlar var. Başlıca amil onunla bağlıdır ki, Qərb Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında qərarlı görünür. Bu səbəbdən Avroittifaq bütün vasitələrlə prosesi irəli aparmaqda səylərini artırır. Danışıqlarda konkret məsələlərin müzakirə olunması və bir sıra razılaşmaların əldə olunması bundan irəli gəlir”.
Vidadi ORDAHALLI