Çox qəribə vəziyyət yaranıb. Ermənistan baş naziri Nikol Paşinyan ard-arda Ermənistanın Rusiya ilə müttəfiqliyini şübhə altına alan addımlar atır, açıqlamalar verir, Moskva isə bunu malalamaqla məşğuldur.
Məlum olduğu kimi, ən son Paşinyan bildirib ki, Ermənistan Ukrayna məsələsində Rusiya Federasiyasının müttəfiqi deyil. Paşinyanın fikirincə, qarşıdurma Ermənistandakı bütün münasibətlərə birbaşa təsir göstərir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə cavabında bunu belə malalayıb: “Bu mühüm açıqlamadır. Bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Biz onlardan xəbərdarıq və nəzərə alırıq. Amma bütün bunlara baxmayaraq, biz müttəfiqimiz Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edirik”.
Belə qənaətə gəlmək olar ki, Rusiyanın Paşinyanın bu siyasətətinə, şıltaqlığına belə dözümlü yanaşmasının müəyyən səbəbi var. Səbəb budur ki, Paşinyan hər nə qədər Rusiyanın maraqlarını tapdalasa da, regionda Moskvanın xüsusilə separatizmlə bağlı planlarını və ssenarilərini yaxşı icra edir. O üzdən belə qənaətə gəlmək olarmı? Əks təqdirdə Paşinyanın bu şıltaqlıqlarına Rusiya niyə bu qədər dözümlü, təmkinli yanaşır? Belə nəticə çıxarmaq olarmı ki, Paşinyan hər nə qədər Qərbə meyillənsə də, Qarabağ bölgəsində separatizm məsələsinə münasibətdə Rusiyanın siyasətinə uyğun yaxşı oynayır, bu siyasəti yaxşı ifadə edir?
“Ermənistan yox, digər ölkə belə davransaydı, o zaman Rusiyanın buna cavabı çox sərt olardı”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, belə qənaətə gəlmək üçün yetərincə əsas var: “Həqiqətən də Ermənistanı Rusiyaya bağlayan başlıca faktor separatizmdir. Ermənistan elə bir xüsusi strateji əhəmiyyətə malik yer deyil ki, orada nüvə raketi yerləşdirəsən. Bu ölkənin Rusiya ilə birbaşa quru sərhədi yoxdur, açıq dənizlərə çıxışı yoxdur. İki yüz il əvvəl regionda ermənilərin süni surətdə məskunlaşdırılması məhz Rusiyanın uzaq planlarına hesablanmışdı. Rusiya Azərbaycanı iki yerə böldü və şimalını işğal etməklə kifayətlənmədi. Eyni zamanda, Cənubi Qafqaza erməniləri köçürməklə türk dünyası arasında bir bufer zonası yaratdı. Azərbaycan əraziləri hesabına qondarma bir dövlət yaratdılar. Bununla da kifayətlənməyib, erməniləri Qarabağda başımıza bəla etdilər. Bütün bunlara rəğmən, ermənilər nankorcasına Rusiyaya xəyanət edirlər. Bir vaxtlar Bizans və Osmanlı imperiyalarına necə xəyanət ediblərsə, indi də həmin yola gedirlər. Ancaq buna rəğmən, Rusiya Ermənistanla bağlı çox şeyi görməzdən gəlir. Ermənistan yox, digər ölkə belə davransaydı, o zaman Rusiyanın buna cavabı çox sərt olardı. Baxın, Ermənistan KTMT-nin və Avrasiya Birliyinin üzvü ola-ola Avropa İttifaqını regiona dəvət edir. Qərblə açıq əməkdaşlıq edərək Rusiya maraqlarının əleyhinə gedir. Ancaq Moskva sərt davranmır. Niyə? Ona görə ki, bu ölkələri birləşdirən dəyər separatizmdir. Ermənistan olmasa, Rusiyanın Qarabağda separatçı tör-töküntüləri qoruması mümkün olmayacaq. Bu isə o deməkdir ki, Moskva regionu təzyiq altında saxlaya bilməyəcək. Rusiya o qədər böyük ölkədir ki, nə Abxaziyaya, nə də Cənubi Osetiyaya ehtiyacı var. Bu separatçı regionları himayə etməkdə məqsət Gürcüstanı öz təsir dairəsində saxlamaqdır. Rusiya, hətta 1992-ci ildə Abxaziyada separatizmi alovlandıranda ermənilərdən öz məqsədləri üçün istifadə edib. Ermənilər Abxaz separatçıları ilə birlikdə Gürcüstana qarşı vuruşurdular. O üzdən, Ermənistan məhz separatizm baxımdan Rusiyaya lazımdır”.
Vidadi ORDAHALLI