Rusiya xarici işlər naziri Sergey Lavrov "Çarqrad" telekanalına müsahibəsində deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək etməyə hazır idi. Lakin erməni dostlarımız müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı sənədin qəbulunu təxirə salmağı xahiş etdilər.
O qeyd edib ki, 2022-ci ilin yanvarında Qazaxıstan kömək istəyən zaman KTMT öz həyat qabiliyyətini sübut edib:
"Biz KTMT üzvü kimi Ermənistana da eyni şəkildə kömək etməyə hazır idik. 2022-ci ilin payızında təşkilatın Yerevanda keçiriləcək sammiti üçün, erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq, KTMT-nin müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı sənəd hazırlandı. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırıldı. Son anda sammitdə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. İndiyə qədər o sənəd kağız parçası kimi qalır və reallaşmır. Lakin Yerevan artıq razılaşdırılmış sənədi təsdiqləsə, onu imzalanmağa və qüvvəyə minməsinə hazır olsaydı, mən əminəm ki, Ermənistan bundan qazana və daha sabit vəziyyət əldə edə bilərdi".
Maraqlıdır ki, Lavrov heç də uyğun olmayan mövzularla bağlı Qazaxıstanla Ermənistanı eyniləşdirir. KTMT Qazaxıstanda daxili sabitliyi təmin etmək üçün kömək etdi. Həmin ərəfələrdə Ermənistanda analoji hadisələr baş verməyib axı. Belə olan təqdirdə Lavrov, güman ki, Ermənistana Azərbaycanla bağlı münasibətlərdə hərbi yardım etməyi nəzərdə tutub. Hər halda, Lavrov Ermənistanı tənbeh etməyin daha sanballı üsulunu seçə bilərdi, nəinki Rusiyanın siyasətini sual altına qoyan mövqe ortaya qoymaqla.
Politoloq Qabil Hüseynli Lavrovun bu açıqlamasını diplomatik etiketə uyğun olmayan üslub kimi qiymıtləndirir. Onun sözlərinə görə, bu, Rusiyanın əsl mahiyyətini açmış olub: “Biz Rusiyanın əl altından Ermənistana və Qarabağdakı separatçılara yardımlar göstərdiyinin şahidi olurduq. Bu açıqlamada isə açıq təhdid var. Təbiidir ki, Lavrov bu məsələdə Ermənistan üçün başqa bir yardım mexanizmini nəzərdə tuta bilməzdi. Sırf KTMT səviyyəsində hərbi dəstəyi nəzərdə tutur. Çünki Qazaxıstanda tam fərqli müstəvidə proseslər cərəyan etdi. Hesab edirəm ki, Azərbaycanın əlaqədar qurumları Lavrova cavab verməlidir. Hətta yeri gəlsə, BMT-yə də müraciət etməlidir. Bununla eyni zamanda iki ölkə arasındakı münasibətlərə xələl gəlmiş olur. Çünki iki ölkə arasında müəyyən razılaşmalar var ki, bu onların mahiyyətinə ziddir. Hazırda Qarabağdakı separatizmin biz özümüz axırına çıxırıq. Sırhədlərimizlə bağlı da Avropanın dəstəyi ilə irəkiləyişə nail olacağıq. Rusiyanı narahat edən həm də budur. Öz mövqelərini itirmək qorxusu onu belə ziddiyyətli açıqlamalar verməyə vadar edir. KTMT-yə Ermənistan bir neçə dəfə müraciət etdi. Ancaq qurum belə yardım etməkdən çəkindi. Həm KTMT-nin üzvləri olan ölkələr buna razı olmazdı, həm də bunun başqa proseslərə apara biləcəyini Rusiya təxmin edirdi. Bu baxımdan da Lavrovun bu açıqlaması həm daldan atılan daşa bənzəyir, həm də, sanki bununla Ermənistanın könlünü almaq istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ