Məlum olduğu kimi, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda bəyanat qəbul edilib. Bəyanatda bir sıra məqamlar öz əksini tapıb.
Ən başlıca məqam ondan ibarətdir ki, Əliyev Azərbaycan torpağına müdaxiləyə imkan vermədi. Görüşdə Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq komissiyası yaradaraq, bütünlüklə regiona daxil olmaq istəyirdilər. Öncədən belə ehtimallar var idi. Ancaq Azərbaycan öz suverenliyinə hörmət qoyan bir ölkə kimi buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşma əldə olundu ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycanın ərazisində yox. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək. Avropa Birliyinin monitorinq missiyası yalnız Ermənistanın ərazisində işləyəcək.
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, Przident İlham Əliyevin qətiyyəti sayəsində onların bu planı baş tutmadı: “Paşinyan elə bilirdi ki, Makronun görüşdə iştirakı Azərbaycan Prezidentinin geri addım atmasına gətirib çıxaracaq. Ancaq qarşı tərəfin gözləntilərinin tam əksinə oldu. Çünki Prezident İlham Əliyev kifayət qədər təcrübəli siyasi lider olduğu üçün böyük uzaqgörənlik göstərərək buna getmədi. Ona görə ki, əgər monitorinq qrupu bizim də ərazimizdə yerləşsəydi, qarşı tərəf bundan sui-istifadə edərdi. Bu da öz növbəsində prosesin daha da uzanmasına, danışıqların nəticəsiz qalmasına rəvac verərdi. Təbii ki, Azərbaycan qalib ölkə kimi çox doğru olaraq buna getmədi. Bir daha sübut olundu ki, Azərbaycan müstəqil siyasət yeridir. Ermənistan kimi kiminsə yedəyində getmir. Bütün dünyanın gözü qarşısında Azərbaycan öz şərtlərini diqtə etdi. Bir daha aydın oldu ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü hər şeydən önəmlidir. Sözügedən məsələdə hansısa güzəştdən söhbət gedə bilməz”.
Vidadi ORDAHALLI