“İndi biz bu Minsk Qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar”.
Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, o vaxt beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi: “Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk Qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər. Onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar”.
Bütün bunlar o deməkdir ki, Minsk Qrupunu bərpa etmək istəyənlərin buna nə hüquqi əsası, nə də mənəvi haqqı var.
“Heç vaxt icazə vermək olmaz ki, ölü Minsk Qrupu yenidən dirilsin”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərəm Zülfüqarlının fikrincə, Minsk Qurupu bütün fəaliyyəti boyu Ermənistanın işğalçılıq siyasətinə göz yumub: “Ona görə də, qurumun hər hansı fəaliyyət istəyi yolverilməzdir. Bu baxımdan Prezident İlham Əliyev tamamilə haqlıdır. Minsk Qrupunun yarıtmaz fəaliyyətini dəfələrlə qeyd edib. Bu dəfə də haqlı olaraq ölkə başçısı bunu qeyd etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi, 2016-cı ilin yanvarında Avropa Şurasının Sərsəng su anbarı ilə bağlı qətnaməsinin icra olunmamasının günahkarı Minsk Qrupudur. Nəinki həmin qətnamə yerinə yetirilmədi, məruzəçini heç Qarabağa buraxmadılar. Qarabağın ətrafındakı 7 rayonu yerlə yeksan etdilər. Bir dəfə həmsədrlər bunu qınamadılar. Minsk Qrupu bilərəkdən bütün bunları görməzdən gəldi. Niyə? Ona görə ki, işğalçı Ermənistanı cəzalandırmaq istəmirdilər. Missiyaları o idi ki, Ermənistan hansısa formada zəif duruma düşməsin. Həm də fəaliyyət istiqamətləri o olub ki, Qarabağ məsələsi daim qalsın, bunlar da öz dövlət maraqlarını həyata keçirsinlər. Yəni nə o zaman, nə də indi bunların marağında problemi həll etmək istəyi olmayıb. O üzdən, heç vaxt icazə vermək olmaz ki, ölü Minsk Qrupu yenidən dirilsin. Çünki onlar prosesi yenidən dondurmaq və gələcək nəsillərə ötürmək istəyirlər”.
Professor onu da əlavə etdi ki, onların bu planları reallaşmayacaq.
Vidadi ORDAHALLI