BMT Ağdam şəhərinin bərpası üçün ehtiyacların qiymətləndirməsinə başlayacaq. Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
“Aİ və Dünya Bankı ilə birgə tədqiqat missiyası mart ayında, o cümlədən, Ağdam şəhərində keçirilib. Fikrimizcə, artıq bir neçə həftədən sonra bu ərazilərin bərpası üçün ehtiyacların qiymətləndirilməsi başlayacaq”. V.Andreyevanın sözlərinə görə, BMT minaların təmizlənməsi, eləcə də "yaşıl" iqtisadiyyata keçid kimi məsələlərdə Azərbaycana dəstək göstərir.
“Post-münaqişə dövrü Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmasını sürətləndirmək və əhalinin həyat keyfiyyətini daha da yaxşılaşdırmaq üçün imkan yaradır. Biz hökumətlə birlikdə rəqabətqabiliyyətli iqtisadiyyat, inklüziv artım, insan kapitalının inkişafı və təmiz ətraf mühit kimi istiqamətlər üzrə strategiyamızı hazırlayırıq”, - o deyib.
BMT Ağdamın bərpasına real dəstək qərarı verəcəkmi?
“BMT bu iki istiqamətdə Ağdamın və digər ərazilərin yenidən qurulmasında Azərbaycana dəstək verəcək”
Mövzu ətrafında “Bakı-Xəbər”ə danışan Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin sözlərinə görə, BMT belə hallarda əsasən ümumi işlərlə məşğul olur. “İnanmıram ki, BMT gəlib Ağdamda fərdi yaşayış binaları tiksin, BMT nümayəndəsi öz çıxışında qeyd edir. Ağdamın bərpası istiqamətində onlar iki prioritet vurğulayırlar. O prioritetlərdən biri - ərazilərin minalardan təmizlənməsi, əhalinin ərazidə tam təhlükəsiz hərəkət etməsinin təmin olunması bu gün beynəlxalq ictimaiyyət, eləcə də BMT üçün ən vacib məsələlərdən biridir. Yalnız bundan sonra BMT iqtisadi fəaliyyətə dəstək verə bilər. Təşkilatın nümayəndəsi də vurğulayır ki, “yaşıl enerji”nin inkişafına, ərazidə əhalinin daha çox iqtisadi fəaliyyətinin genişləndirilməsinə dəstək verə bilərlər. Hesab edirəm ki, BMT bu iki istiqamətdə Ağdamın və digər ərazilərin yenidən qurulmasında Azərbaycana dəstək verəcək. Qənaətimə görə, bu, vacib məsələlərdən biridir. Ərazidə təhlükəsizlik təmin edilsə, bunun ardınca iqtisadi aktivlik yaransa o ərazinin təbii məskunlaşması qısa müddətdə həyata keçirilə bilər. Yəni BMT bizə dəstək olacaq ki, işğaldan azad edilmiş ərazilərimizi insanların yaşayışı üçün cəlbedici edə bilək”.
A.Nəsirlinin bildirdiyinə görə, bu istiqamətdə BMT bizə dəstək olacaq. O hesab edir ki, həm Ağdamda, həm də digər ərazilərimizdə insanların məskunlaşdırılmasında bu qurum bu şəkildə iştirak edəcək. Ekspertin sözlərinə görə, prinsip ondan ibarətdir ki, insanların yaşaması, iqtisadi fəaliyyət göstərməsi üçün ərazilər münbitləşdirilsin. “Bunun üçün mina təhlükəsi aradan qaldırılmalıdır, digər tərəfdən iqtisadi infrastruktur yaradılmalıdır, ərazi iqtisadi baxımdan yaşayış üçün cəlbedici olmalıdır. Bu iki istiqamət BMT-nin prioritetidir və bu iki istiqamətdə, dediyim kimi, yalnız Ağdamın deyil, bütün azad edilmiş ərazilərimizin bərpasında bizə dəstək olacaq”-deyə A.Nəsirli bildirdi.
İradə SARIYEVA