Bu arada Avropa Parlamentində dinləmələr zamanı bəzi deputatlar Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borreldən Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasını tələb ediblər. Bu tələblər “Azərbaycanın Ermənistana qarşı təcavüzü” iddiaları ilə əsaslandırılıb.
Cavabında Josep Borrel əsassız olaraq Azərbaycanı işğalçılıqda ittiham edib: “Azərbaycan Ermənistanın bəzi ərazilərini işğal edib və bu qətiyyən qəbuledilməzdir”. O vurğulayıb ki, Avropa İttifaqı Bakıdan qoşunlarını geri çəkməyi və bu yaxınlarda yayılan məhbusların edamı videosunun araşdırılmasını tələb edir.
Ali komissar “Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və əsasən də bu yaxınlarda bağlanmış qaz sazişini dondurmaq niyyətindədirmi” sualına mənfi cavab verib. Borrel qeyd edib ki, Avropa İttifaqına üzv ölkələrin heç biri Azərbaycana qarşı sanksiya tətbiqini təklif etməyib. O qeyd edib ki, Azərbaycan yayılan videokadrlarla bağlı araşdırmalara başlayıb və onun nəticəsini gözləmək lazımdır.
Daha sonra Borrel bunları deyib: “Biz sərhəddə Avropa İttifaqının vasitəçilik missiyasının yerləşdirilməsini təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Biz hər iki tərəfin razılığı olmadan Avropa İttifaqı qoşunlarını göndərə bilmərik”.
Çox qəribədir, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında qaldı. Bütün yaşayış məntəqələri yerlə yeksan edildi. Nədənsə, bu müddət ərzində Borrel bir dəfə olsun məsələyə münasibət bildirmədi. İndi hansı əsasla Azərbaycanı işğalçılıqda ittiham edir?
“Heç olmasa bir dəfə Borrel separatçılarla bağlı mövqe ortaya qoymayıb”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun fikrincə, Avropa İttifaqı rəsmilərinin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlar ümumiyyətlə nə diplomatiya, nə də siyasi etika qaydalarına uyğundur: “Ancaq çox təəssüflər olsun ki, Borrel də daxil olmaqla, Aİ rəsmiləri 30 il ərzində Azərbaycanın ərazilərinin işğal altında qalmasına səssiz mövqedən yanaşdılar. Bir dəfə də olsun doğru-düzgün adekvat münasibət sərgiləməyiblər. Bu gün hələ də Qarabağın Rusiya sülhməramlıları olan hissəsində separatçılar mövcuddur. Həmin separatçıların da Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərinə Aİ reaksiya vermir. Heç olmasa bir dəfə Borrel separatçılarla bağlı mövqe ortaya qoymayıb. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhvə verən ölkədir. Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli rolunu düzgün dəyərləndirmək əvəzinə, bu cür əsasız ittihamlarla çıxış etmək absurddur. Ermənistanın yalan informasiyalarına, erməni lobbisinin təhriklərinə əsaslanaraq belə bir ittihamla çıxış etmək siyasi riyakarlıqdır. O baxımdan hesab edirəm ki, Aİ tərəfindən Azərbaycana yönəlik sərgilənən belə ədalətsiz yanaşmaya son qoyulmalıdır. Xüsusən də Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh sazişinin müzakirə olunduğu bir məqamda belə yanaşmalar prosesə fayda vermir. Əksinə zərər vurur. Bu tip açıqlamalar Ermənistanı təxribatlara sövq edir”.
Bir sözlə, politoloq hesab edir ki, Aİ yaxşı olardı Ermənistana Brüsseldə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı təzyiq göstərsin.
Vidadi ORDAHALLI