İki il əvvəlin 5 oktyabrında dünyaya açdığımız bu Qarabağ detalları şok yaratdı...

44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan düşmənlə yalnız hərbi müstəvidə vuruşmurdu. Qarşı tərəflə eyni zamanda informasiya cəbhəsində savaşırdı. Həmin dövrlərdə Prezident İlham Əliyevin dünyanın aparıcı telekanallarına verdiyi müsahibələr Ermənistanın işğalçılıq fəaliyyətinin ifşa olunmasında mühüm rol oynadı. Müsahibələrin hər birində ölkə prezidenti bəzi məqamları açıqlayırdı ki, bu da o dövrdə cəmiyyət və dünya üçün olduqca yeni faktlar idi.
Məsələn, 5 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsində dedi ki, bəzi vasitəçilər istəyir sadəcə atəşkəs olsun: “Sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz. Bizim tələblərimiz var. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki, yəni cədvəli bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq”.
Müsahibədə digər məqam Ermənistanın, erməni lobbisinin müharibəni qlobal müstəviyə keçirmək cəhdi ilə bağlıdır: “Bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər”.
Müsahibədə Prezident vurğuladı ki, Türkiyə Qarabağ prosesində fəal rol oynamalıdır: “Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə, təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır”.
Müsahibədən bəlli olur ki, müharibə zamanı təkcə Türkiyə və Pakistan Azərbaycana dəstək olmayıb: “Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi”.
Bütün bu deyilənlərin fonunda, Prezidentin o vaxt açıqladığı bu faktlar müharibənin taleyində necə rol oynadı?
- “Ermənistan həmin vaxt çox istəyirdi ki, müharibə Qarabağdan kənara çıxsın”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, həmin vaxt Przident İlham Əliyevin müsahibələrində toxunduğu faktlar müharibənin gedişində həlledici rol oynadı: “Bəlli oldu ki, Ermənistanı himayə edən dövlətlər heç nəsiz Azərbaycanı atəşkəsə məcbur etməyə cəhd ediblər. Ancaq ölkə başçısının qətiyyəti buna imkan verməyib. Çünki Azərbaycan müharibənin ilk günlərində atəşkəsə razılaşsaydı, o zaman torpaqlarımızın işğal altında qalması davam edərdi. Ermənistan həmin vaxt çox istəyirdi ki, müharibə Qarabağdan kənara çıxsın. Yəni Ermənistan ərazisində davam etsin. Bu minvalla Ermənistan Rusiyanı Azərbaycanla qarşıdurmaya cəlb etmək məqsədi güdürdü. Ancaq Ali Baş Komandanın ağıllı stratgiyası ermənilərin bu mənfur planını onların gözündə qoydu. Düşünülmüş siyasət nəticəsində Azərbaycana dəstək verən ölkələr oldu. Bunun başlıca səbəblərindən biri də beynəlxalq hüququn ölkəmizin xeyrinə olması idi. Ona görə də bu və digər məsələlər Azərbaycanın qələbəsində önəmli rol oynadı”.
Vidadi ORDAHALLI