Erməni dövlət rəsmiləri də KTMT-dən çıxmaq barədə eyhamlara başlayır...

Vüqar Rəhimzadə: “Ölkənin parlament spikeri bunu inkar etmirsə, deməli tərəflər arasında ciddi fikir ayrılıqları var”

img

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfər edəcək. Parlament sədri deyib ki, səfər zamanı regional və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki məsələlər müzakirə olunacaq. Eyni zamanda, o, Ermənistanın KTMT-dən çıxmaq vaxtının gəlib çatması ilə bağlı eyham vurub.

A.Simonyan bəyan edib ki, Ermənistanın KTMT-dən çıxması mümkündür: “Əgər bu struktur lazımi reaksiya göstərmirsə, o zaman – mən öz fikrimdə qalıram – bu barədə yaxşıca düşünüb başa düşməliyik. Amma bu bir oyun deyil. Biz bundan sonra nə edəcəyimizi və bundan sonra nələrin baş verəcəyini anlamadan qəfil addımlar ata bilmərik. Bəli, problemin olması barədə Rusiyada danışacağam”.

Görünən odur ki, artıq Ermənistanda rəsmi şəxslər belə, KTMT-dən çıxa biləcəklərini istisna etmirlər. Bu isə müəyyən mənada ciddi siqnal sayıla bilər.

  • “Ermənistanın KTMT-ni şantaj etməsi də istisna deyil”

Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ermənistanın KTMT-dən hansısa mərhələdə çıxma ehtimalını istisna etmədi: “Məsələ ondadır ki, xəyanət etmək bunların ruhundadır. Ona görə də ermənilər hər dəqiqə Rusiyaya xəyanət edə billərlər. Nəzərə almaq lazımdır ki, KTMT-yə yönəlik tənqidi fikirlər Ermənistanda səngimək bilmir. Hətta bu günlərdə sabiq erməni rəsmilərindən biri KTMT-ni itlə müqayisə etdi. Bütün bunlar ermənilərin nifrətini ortaya qoyur. Ölkənin parlament spikeri bunu inkar etmirsə, deməli tərəflər arasında ciddi fikir ayrılıqları var. Ermənistanın KTMT-ni şantaj etməsi də istisna deyil. Çünki Ermənistan çox çalışdı ki, hərbi təşkilat Azərbaycanla qarşıdurmaya getsin. Lakin buna nail olmadılar. Başqa bir tərəfdən nəzərə almaq lazımdır ki, Paşinyan Sorosun dəstəyi ilə hakimiyyətə gəldi. Biz unutmamalıyıq ki, Ermənistan yeni hamilər axtarır. Əsasən də Fransaya sığınmaq istəyirlər. Üstəlik, bu məsələdə erməni diasporu da xüsusi canfəşanlıq göstərir. Ona görə də hər şey baş verə bilər”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər