Türkiyə və Azərbaycan oyuna getməz, İran Qərblə düşmən, qalır Gürcüstan üzərindən Ermənistanı silahlandırmaq... Qanlı plan...

Ramil Məmmədli: ”Qərbə Cənubi Qafqazda yaxın olan yeganə ölkə Gürcüstandır ki, onun üzərindən müəyyən daşınmaların həyata keçiriləcəyini təxmin etmək olar”

img

Son vaxtlar ABŞ və  Qərbin Ermənistanla münasibətlərinin isinişdiyini görürük. Bunun fonunda Ermənistan əzəli müttəfiqi olan Rusiyaya dirsək göstərir. Azərbaycan əsgərlərinin guya erməni hərbçilərini güllələdikləri videosunun dünya KİV-lərində bu qədər tez yayılması həmin dairələrin Ermənistana verdiyi dəstəyin fonunda yaşanır.

Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev bildirib ki, Şərq həmişə Qərb üçün yaddır və yad olaraq qalacaq: “Türk ölkələrinə mənfi təsir edə biləcək hər şey Qərb üçün prioritetdir. Bu artıq təbii haldır ki, Qərb Cənubi Qafqazda tamamilə sülh istəmir. Bu gün Qərbin əsas məqsədi Rusiyanın zəifləməsidir. Ona görə də ABŞ və onun “köməkçiləri” Qafqazda da vəziyyəti gərginləşdirmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Təbii ki, aparıcı Qərb KİV-ləri də bu istiqamətdə işləyir. İndi İrəvan artıq Qərb dəstəyinə əmindir. Onlar silah tədarükünü gözləyirlər. Ermənistan səmimi düşünür ki, Fransa və ya NATO ermənilərin maraqları uğrunda vuruşacaq. Necə ki, bir müddət öncə ruslar haqqında bu cür düşünürdülər... Təbii ki, ermənilərin absurd ideyaları uğrunda heç bir dövlət vuruşmayacaq. Lakin Qərb Ermənistanı silahlandıracaq və onu Azərbaycana qarşı itələyəcək ki, Rusiyanı bu münaqişəyə cəlb etsin”.

Göründüyü kimi, Qərb və ABŞ-ın, Ukraynanı olduğu kimi, Ermənistanı silahlandırıb Azərbaycanla yeni müharibəyə təhrik etmək istəməsinə dair fikirlər səslənir. Ermənistanın ətrafında olan Türkiyə vasitəsilə bu reallaşa bilməz. İran Qərblə düşməndi. Qalır Gürcüstan. Ermənistanın silahlandırılması hansı üçüncü ölkə üzərindən baş tuta bilər?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Ermənistan bir ilə yaxındır Qərb və ABŞ-la olan əməkdaşlığı dərinləşdirir və bu istiqamətdəki səylərini davam etdirir: “Bu yaxınlaşma yalnız siyasi kontekstdə deyil, həm də  hərbi-texniki istiqamətlərdə özünü göstərir. Xüsusilə də ABŞ-la hərbi-texniki vasitələrin alınması istiqamətində danışıqlar aparır. Bu proses son günlər açıq şəkildə özünü göstərir. Təbii ki, belə bir bölgədə Ermənistanın  Gürcüstandan sonra sırf Qərbə doğru kurs  götürməsi region ölkələrində narahatlıq yaradır. İranla Ermənistan arasındakı əlaqələr çox səmimidir. Rusiya ilə KTMT-də müttəfiqdirlər. Belə  vəziyyətdə Ermənistanın atdığı addımlar onlarda da müəyyən suallar yaradır. Bəli, silahlarla bağlı logistika olduqca maraqlıdır. Ermənistana bu silahlar hansı ölkənin üzərindən ötürüləcək? İran və Türkiyə üzərindən bu, birmənalı mümkün deyil. Çünki İran Qərblə düşməndi, Türkiyə isə bizimlə müttəfiqdir. Qərbə Cənubi Qafqazda yaxın olan yeganə ölkə Gürcüstandır ki, onun üzərindən müəyyən daşınmaların həyata keçiriləcəyini təxmin etmək olar. Belə daşınmalar təyyarələr vasitəsilə həyata keçiriləcək. Problem yaranarsa, növbəti mərhələdə Gürcüstandan quru yolla reallaşa bilər. Belə addımın atılması Gürcüstana Azərbaycan arasında ciddi problemlər yarada bilər. Gürcüstanın özü də separatçılıqdan əziyyət çəkən ölkədir. Eyni zamanda, ciddi iqtisadi əlaqələrə xələl gəlməsin deyə, Gürcüstan Azərbaycanla münasibətləri korlamaqda maraqlı olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər