Elşad Musayev: “Yaxşı olardı ki, İran bu “qırmızı xətti” Azərbaycan-İran sərhədinin böyük hissəsi erməni işğalı altına düşəndə müəyyən edəydi”

İranın Tranzit və Avtomobil Nəqliyyatı Təşkilatının baş direktoru Cavad Hedayati deyib ki, Azərbaycan Naxçıvana Ermənistanın nəzarətindən kənar dəhliz əldə etməyə çalışır.
İran rəsmisinin sözlərinə görə, hazırkı vəziyyət çətin ki, davam etsin, ona görə də İran istənilən vəziyyətə hazır olmalıdır:
“Görünür, Azərbaycan Naxçıvana Ermənistanın nəzarətindən kənarda heç bir maneəsiz və uzunmüddətli zəmanətlə dəhlizə sahib olmağa, habelə müttəfiqlərinin koordinasiyası ilə Xəzər dənizindən birbaşa Türkiyəyə enerji tranzit dəhlizi yaratmağa çalışır. Nəzərə almalıyıq ki, verilən vəziyyətin saxlanılması və davam etməsi ehtimalı azdır. Buna görə də istənilən vəziyyətə hazır olmalıyıq”.
Xatırladaq ki, İran İslam Respublikası son iki ildə dəfələrlə Azərbaycan və Türkiyə tərəfindən Ermənistan ərazisindən keçirilməsi planlaşdırılan Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu bəyan edib. İran tərəfi Ermənistan-İran sərhədində baş verə biləcək dəyişiklikləri qəbuledilməz sayaraq, bunu “qırmızı xətti” adlandırıb.
İranın Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi növbəti qısqançlığı necə dəyərləndirmək olar?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirən dəhlizin açılmasına açıq şəkildə mane olmağa çalışır: “ Bununla İran Azərbaycan və Türkiyəyə qarşı düşməçilik münasibətlərini davam etdirdiyini isbat edir. Bununla İran həm də Ermənistana arxa-dayaq durduğunu göstərir. Azərbaycan heç kimdən çəkinmədən deyir ki, Zəngəzur dəhlizinin açılması üçün əlindən gələn bütün vasitələrdən istifadə edəcək. Buna görə də gərginlik artır. İranı narahat edən başqa amillər də var. İsrailin xarici işlər naziri Bakıda Azərbaycan Prezidenti ilə görüşdü. Səudiyyə Ərəbistanının xarici işlər naziri və Türkiyənin müdafiə nazirinin də Bakıya səfəri məhz bu ərəfəyə təsadüf etdi. Azərbaycanın müdafiə naziri İranın baş qərərgah rəisi ilə də danışdı. İran bütün bunlardan həm də nəticə çıxarmalıdır. Bunlar sübut edir ki, İran nə etsə də, xeyri yoxdu, Zəngəzur dəhlizi açılacaq. İran bu məsələdə sona qədər duruş gətirə bilməyəcək. Bu dəhliz həm də Çinin, Böyük Britaniyanın maraqlarına uyğundur. Yaxşı olardı ki, İran bu “qırmızı xətti” Azərbaycan-İran sərhədinin böyük hissəsi erməni işğalı altına düşəndə müəyyən edəydi. Nədənsə, 30 il ərzində sərhədlərin toxunulmazlığından danışmadı. Bax, elə bu münasibətdən İranın səmimi olmadığı aydın görünür”.
Məhəmmədəli QƏRİBLİ