çərşənbə günü, 16 sentyabr 2026
     

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib - FOTO

Image


Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Toplantını Azərbaycan Mətbuat Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov açıb.

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş Vətən övladlarının, peşə fəaliyyətlərini yerinə yetirərkən həyatlarını itirmiş AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun timsalında şəhid media təmsilçilərinin, qurultaylararası dövrdə dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxuyub.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Sizi Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları adından salamlamaqdan məmnunluq duyuruq.

Azərbaycan jurnalistikası xalqımızın çoxəsrlik adət-ənənələrinin yaşadılmasında, müstəqillik ideyasının təşəkkülündə fəal rol oynamış, tarixi missiya yerinə yetirmişdir. Əsası böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş mətbuatımız insanlarımızı müqəddəs amallar uğrunda mübarizəyə səsləmiş, həmrəyliyimizin dövlətçilik təfəkkürü ilə vəhdətini təmin etmişdir. Müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyev çıxışlarında, media təmsilçiləri ilə görüşlərində, imzaladığı dövlət sənədlərində mətbuatımızın bu missiyasını, milli şüurun oyanışına, milli özünüdərk proseslərinə töhfəsini yüksək qiymətləndirmişdir. O, jurnalistikanı dövlət idarəçiliyində mühüm ictimai institut olaraq görmüş, bu yanaşmanı idarəçilik modelinə, demokratik, dünyavi dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevirmişdir.

Möhtərəm cənab Prezident, Siz Ümummilli liderin uzaqgörənliklə müəyyənləşdirdiyi kursa sadiq qalaraq, onun jurnalistika ilə bağlı baxışlarındakı ideoloji xəttə davamlılıq qazandırmısınız. Bu xətt jurnalist peşəkarlığının yüksəldilməsindən tutmuş media orqanlarının maddi-texniki bazasının, jurnalistlərimizin sosial-məişət şəraitinin yaxşılaşdırılmasınadək bir çox vacib məqamları özündə birləşdirmişdir. Rəhbərliyiniz altında reallaşdırılmaqda olan çoxşaxəli islahatlar proqramı jurnalistikanı da əhatə edir. Gözləntimiz və arzumuz budur ki, Qafqaz coğrafiyasında xüsusi çəkiyə malik media orqanlarımız dünyanın nüfuzlu informasiya resursları ilə rəqabət mühitinə hazır olsunlar.

Cənab Prezident, 44 günlük Vətən Müharibəsi dövründə dünyanın qlobal media orqanlarına müsahibələrinizdəki fikirlər düşmənlə apardığımız informasiya savaşının əsas konturlarını təşkil etdi. Bu savaşdan qalib ayrılmaqdan, torpaqlarımızın düşmən tapdağından qurtulmasına şahidlikdən, zəfər təntənəsini yaşamaqdan böyük xoşbəxtlik ola bilməzdi.

Onu da bildiririk ki, dünyada baş verən qlobal proseslər fonunda milli maraq və mənafelərimizin qorunmasındakı prinsipiallıq və qətiyyətiniz Azərbaycan jurnalistlərinin ən mühün yaradıcılıq mövzusudur. Bu istiqamətdə materiallar hazırlamaq, təhlillər aparmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bizi güclü edən, qürurlandıran bu fəalliyyətin Vətənimiz naminə olduğuna dərin əminliyimizdir.

Möhtərəm cənab Prezident, Azərbaycan jurnalistlərinin VIII qurultayı milli informasiya resurslarımızın qarşısında ali vəzifələr müəyyənləşdirməkdədir. Biz Sizin şəxsinizdə Azərbaycan dövlətinin media siyasətinin zəngin mahiyyətinə güvənərək dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi naminə mühüm vəzifələrin icrasına hazır olduğumuzu bəyan edirik.

Sizə Vətənimizin çiçəklənməsinə yönələn müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq”.

Sonra qurultayın iş planı və reqlamenti səsə qoyularaq qəbul edilib, ali məclisin Sədarəti, Mandat və Say komissiyalarının, həmçinin Katibliyinin tərkibi səsə qoyularaq müəyyənləşdirilib.

Qurultayın aparılmasını MŞ sədri və iki müavinindən ibarət sədarət həyata keçirib.

MŞ sədri məlumat verib ki, Şuraya üzvlərdən 163-ü qurultayda iştirakını təsdiqləyib. Bu təşkilatlardan ümumilikdə 213 nümayəndənin adı iştirak anketinə daxil edib. Onlardan da 205-i toplantıya qatılıb. Bu isə o deməkdir ki, qurultay səlahiyyətlidir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qurultayın iş planına uyğun olaraq rəhbərlik etdiyi qurumun ötən müddətdə gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.

Əflatun Amaşov deyib: “Biz müstəqil Azərbaycanın jurnalistlərinin sayca VIII qurultayına toplaşmışıq. Aramızda Mətbuat Şurasının təsis qurultayını xatırlayanlar az deyil. Əslində o təməl digər qurultaylar üçün də ənənəyə çevrilib. Zəhmətimiz, səylərimiz nəticəsində ötən 19 ili birlikdə olmuşuq.

Azərbaycan jurnalistlərinin hər bir qurultayı spesifik vəzifələrin diqqətə çatdırılması, media müstəvisindəki problem və çatışmazlıqlara xüsusi yanaşmanın ortaya qoyulması ilə xarakterik olub. Əminəm ki, çıxışlarınızla, arqumentlərinizlə VIII qurultay da bu baxımdan tarixdə qalacaqdır. Sizləri ümumi işimiz naminə fəal olmağa səsləyirəm.

VII qurultaydan bəri Azərbaycan Mətbuat Şurasına ümumilikdə 1615 şikayət daxil olub. İlkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.

Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki mərhələdə şikayətlərin sayı iki dəfədən çox azalıb.

Onu da nəzərinizə çatdırım ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub. Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər.

Əziz dostlar, bilirsiniz ki, Mətbuat Şurası yaranandan bəri mediamızdakı neqativ hallara, jurnalist adından sui-istifadələrə qarşı mübarizə aparıb. Bu mübarizə ictimai qınağa əsaslanıb. Biz o zaman ictimai qınağın təsir yükünü artırmaq üçün müxtəlif formullar üzərində düşündük. Ortaq nəticəyə gəldik ki, bu istiqamətdəki fəaliyyətimizi “reket jurnalistika”ya qarşı mübarizə adlandıraq. Ayrıca komissiya da yaratdıq. Düzdü, zaman-zaman iradlarla üzləşdik. Bu gün də baxışlar müxtəlifdir, müzakirələr açıqdır. 

Bu da bir həqiqətdir ki, necə adlandırmağımızdan asılı olmayaraq, mübarizəmiz kifayət qədər effektiv oldu. Onu da bildirim ki, internet jurnalistikanın vüsət alması ilə jurnalist adından sui-istifadələr üçün meydan daha da genişlənməyə başladı. 

Məncə, yenə qarşımızda duran başlıca vəzifələrdən biri də mediamızdakı neqativ meyllərə qarşı mübarizədir. Adını nə qoyursan qoy, mübarizə davam etməlidir. Çünki bəla sovuşmayıb. Onu da unutmayaq ki, bu bəlanın iki tərəfi var. Birinci tərəf sözdən, ikincisi vəzifədən sui-sitifadə edir. Bundan bütövlükdə cəmiyyət zərər çəkir, cəmiyyətlə media arasında inamsızlıq yaranır.

Hörmətli qurultay iştirakçıları, Mətbuat Şurası qurultaylarası dövrdə KİV-lərin və jurnalistlərin müxtəlif dövlət qurumları və məhkəmə orqanları ilə münasibətlərdə üzləşdikləri problemləri öyrənib, onları aradan qaldırmaq üçün müvafiq tədbirlər görüb. Bunun üçün Şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyət göstərməkdədir. Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı, Daxili İşlər, Ədliyyə Nazirliklərinin və Baş Prokurorluğun və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları təmsil olunurlar. Bundan başqa Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu fəaliyyət göstərib. Qurumun üzvləri kütləvi aksiyalar zamanı jurnalistlərin peşə prinsiplərini yerinə yetirmələrinə yaradılan şəraitin vəziyyətini öyrəniblər. Qurultay iştirakçıları adından adlarını çəkdiyim dövlət orqanlarının rəhbərliklərinə təşəkkürümüzü bildirirəm.

Mətbuat Şurası hesabat dövründə jurnalistlərin prezident və parlament seçkilərini işıqlandırmalarının monitorinqini təşkil edib. Seçki günlərində qurumun telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərib. Jurnalistlər “qaynar xətt”ə müraciət edərək üzləşdikləri çətinliklər barədə məlumat vermək imkanı əldə ediblər.

Ötən müddətdə Mətbuat Şurası medianın müxtəlif sahələrinə dair çoxsaylı tematik tədbirlər reallaşdırıb, mətbuat tariximizdə mühüm rola malik media orqanlarının yubiley mərasimlərini keçirib, publisistik fikrin inkişafında xidmətləri olan jurnalistlərlə bağlı toplantılar reallaşdırıb.

Mətbuat Şurası Avropa Mətbuat Şuraları Alyansının və Dünya Mətbuat Şuraları Assosiasiyasının aktiv üzvüdür. İdarə Heyətinin üzvləri bu qurumların xəttilə reallaşmış çoxsaylı tədbirlərdə fəal iştirak ediblər. Onu da xüsusi vurğulayım ki, hesabat dövrünə aid 2019-cu ilin sentyabrında Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı gerçəkləşdirilib. Tədbirdə dünyanın 20-dək ölkəsindən ümumilikdə 50-dən artıq xarici qonağın iştirakı təmin olunub.

Hörmətli qurultay iştirakçıları, qurultaylararası dövr Vətən Müharibəsi kimi şanlı tarixin yaşanması ilə yadda qalıb.

2020-ci il sentyabrın 27-də Mətbuat Şurası müharibənin başlanması ilə əlaqədar KİV-lərə müraciət edib. Müraciətdə informasiya müharibəsinin önəmi vurğulanıb, jurnalist peşəkarlığının mühüm əhəmiyyət daşıdığı izah olunub. Müharibə müddətində KİV-lərimizə ümumən peşəkarlıq tələblərinin gözlənilməsi bağlı müraciətlər, tövsiyələr ünvanlanıb. 

Mətbuat Şurası Rusiya KİV-lərinin Qarabağ münaqişəsində birtərəfli mövqe tutmalarına, ölkə ictimaiyyətini yanlış, qeyri-obyektiv məlumatlandırmalarına dair Rusiya Jurnalistlər İttifaqına məktub göndərib. Şuranın Rusiya ictimaiyyətinə daha bir müraciəti “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı idi. Sənəddə Peqovun əməllərinin separatçılığa dəstək mahiyyəti daşıdığı vurğulanıb.

Mətbuat Şurası Qarabağa xaricdən qanunsuz jurnalist səfərləri ilə bağlı bəyanat da yayıb. Bundan başqa həmkarımız, TASS əməkdaşı Səadət Kadırovaya təzyiqlər pislənilib. Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri dəfələrlə Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb, bununla bağlı ayrıca onlayn konfrans düzənlənib.

Şura AZTV-nin və digər yerli telekanallarımızın, o cümlədən “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarını məlumatlandırıb. Həmçinin qurum bəyanat yayaraq erməni lobbisinin Fransanın “TF1” telekanalına,  İtaliyanın “La Repubblica” qəzetinə hücumlarını pisləyib.

Mətbuat Şurası müharibə müddətində cəhbədə döyüşən, qələmini süngüyə çevirən jurnalistlərin ailələrinə baş çəkib, yardımlar göstərib. Bu iş 20-dən çox jurnalist ailəsini əhatə edib. Yardım kampaniyası Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və baş redaktorlar tərəfindən gerçəkləşdirilib. Fürsətdən istifadə edib onların hər birinə təşəkkürümü bildirirəm.

Əziz dostlar, görünən düşmən Ermənistan, onun xaricdəki havadarları idi. Ölkəmiz görünməyən düşmən – COVID-19 infeksiyası ilə də mübarizə apardı. Bildiyiniz kimi, pandemiya mövzusu yalnız Azərbaycan deyil, bütövlükdə dünya jurnalistləri üçün yenilik idi. Onun təqdimatında müxtəlif təlaşlandırıcı, insanları təşvişə salan elementlər hiss olunurdu. Mətbuat Şurası dünyada mövcud istiqamətdəki tendensiyaları yaxından izləyərək Azərbaycan jurnalistləri üçün tövsiyələr hazırladı.

Bundan başqa, Şura jurnalist peşəsinin riskli olmasını, media təmsilçilərinin daha çox əhali təbəqəsi ilə təmasını nəzərə alaraq onlar üçün vaksinasiya təşkil etdi. 2020-ci ilin aprel-avqust ayları ərzində Mətbuat Şurasının ofisində ümumilikdə 1000-ə yaxın media əməkdaşı COVID-19 infeksiyası əleyhinə peyvənd olundu. Fürsətdən istifadə edib Mətbuat Şurasının təşəbbüsünə həssas yanaşdığı üçün TƏBİB-ə təşəkkürümü bildirirəm.

Mətbuat Şurasının fəaliyyəti ilə bağlı illik hesabatlar açıqlanıb. Buna görə çıxışımda rəqəmlər üzərində çox dayanmadım. Elə bilirəm ki, statistika bu zalda əyləşənlərin hər birinə yaxşı məlumdur.

Hörmətli qurultay iştirakçıları, əziz dostlar, əvvəldə də bildirdim ki, Mətbuat Şurası artıq 20 ilə yaxındır, dəqiq desəm, 19 il 6 ay 9 gündür  fəaliyyətdədir. Bu müddət ərzində sizlərin yaxından dəstəyi və köməyi ilə Şuraya rəhbərlik etdim. Mətbuat Şurası yarananda da, sonrakı dövrlərdə də media cameəsində ona münasibət birmənalı olmayıb. Kimi bu qurumu siyasi oyunlara çəkib, niyyəti gerçəkləşmədikdə ona düşmən kəsilib, kimi Şuraya senzuranın yumşaq zühuru kimi yanaşıb, kimi də onu dişsizlikdə günahlandırıb. Əlbəttə, Mətbuat Şurasını hakimiyyətə yaxınlıqda ittiham edənlər də az olmayıb.

İndi qarşınızda çıxış edərkən, bəzi məsələlərə diqqət yetirərək o illərə nəzər salmaq istərdim. Bu, həm də müəyyən mənada mənim 20 illik fəaliyyət hesabatım sayıla bilər. Çünki ildən-ilə dəyişən, inkişaf edən Azərbaycan üçün 20 ilə yaxın müddət kifayət qədər dolğun zaman kəsiyidir. Hesab edirəm ki, ötən müddət bir insan kimi mənə başucalığı bəxş edib, utandırmayıb, peşman etməyib. Kifayət qədər həssas dövrü üzü ağ, alnı açıq yaşamışam.

Əksəriyyətiniz jurnalistsiniz, redaktorsunuz, media rəhbərisiniz. Əminəm ki, fəaliyyətinizdə dəfələrlə seçimlə qarşılaşmısınız. İndi də qarşılaşırsınız. Peşəkarlıqmı, media prinsiplərimi, yoxsa dövlətimizin maraq və mənafelərimi? İnanın, bu seçimlə mən bəlkə sizdən qat-qat çox üzləşmişəm. Ona da inanın ki, bıçağın sümüyə dirəndiyi anlar az olmayıb. Tərəddüdlü anlar.... Mən jurnalistəm, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Amma böyük ölçüdə yanaşsam, bəli, həmişə dövlətimizin maraq və mənafelərini üstün tutmuşam. Bunu peşəyə xəyanət müstəvisində qiymətləndirənlərlə əsla razı olmamışam və olmaram da. Ona görə yox ki, şəxsimə qarşı əks fikirləri qəbul etmirəm. Əksinə, burada əyləşənlərin hər birinə yaxşı məlumdur ki, tənqidlərə kifayət qədər açığam.

Bəzən bir çox həmkarımın belə desək, qurşaqdan aşağı rəftarı ilə də üzləşmişəm. Buna dözümlü yanaşmışam. Heç vaxt heç bir məsələni şəxsiləşdirməmişəm, şəxsləşdirməmişəm. Tənqid edənin də, nalayiq fikir söyləyənin də narazılığının, narahatlığının ilk növbədə jurnalistika naminə olduğunu düşünmüşəm. Baxmayaraq ki, onların bəziləri heç səmimi deyildilər, etiraz motivlərində jurnalistika təəssübü qətiyyən yox idi.

Məni tənqid edənlərin bir çoxu ilə sonradan dosta çevrilmişəm. İş otağım hamının - dostların da, əleyhimə çıxanların da üzünə açıq olub. Hətta bəzən ikincilərə daha həssas yanaşmışam. Ona görə yox ki, yenidən əksimə çıxacaqlarını düşünmüşəm. Onların daşıdıqları enerjinin, potensialın, istedadın dövlətimizə və jurnalistikamıza faydalı olacağına inanmışam. Çalışmışam ki, hansısa məqamda iddialarına, ambisiyalarına yenik düşməsinlər.

Bəli, dediyim kimi, dövlətimizin və cəmiyyətimizin maraqlarını üstün tutaraq yaşamışam, çalışmışam. Baxın dünyanın hər yerinə, hansı zəif dövlətin jurnalistikası güclüdür? Böyük ölçüdə heç birinin. Güclü dövlətin jurnalistikası da güclü olur. Obrazlı desəm, jurnalist qələmi xaos və anarxiya süngüsündəki mürəkkəb olub azadlığını tapacaqsa, bu, hələ azadlıq sayıla bilməz.

O zaman məqsəd dövləti gücləndirmək idisə, jurnalistikanın, medianın potensialı buna yönlənməliydi. Məncə, biz buna nail olduq. Bu zaman söz azadlığı arxa plana keçdimi? Fikrimcə, bir çox məqamlar mübahisələndirilə bilər. Buna əlahəzrət zamanın özü qiymət verəcəkdir. Mən düşüncəmdə səmimi, mövqeyimdə sadiq, prinsiplərimdə ardıcıl olmuşam. Buna görə çox rahatam.

Mətbuat Şurası dövrün, zamanın tələbindən irəli gələrək yaranmışdı. Qurum senzuranın aradan qaldırıldığı, mətbuatın dövlətsizləşdirildiyi bir zamanda medianın özünütənzimləmə orqanı kimi fəaliyyətə başlamışdı. O zaman bir sıra modellərin tətbiqi ilə bağlı müxtəlif variantlar var idi. Ulu öndər Heydər Əliyev məsələyə olduqca ciddi yanaşırdı. Mətbuat Şurası ilə bağlı dəyərli tövsiyələr də vermişdi.

Prezident Heydər Əliyevin mətbuata diqqət və qayğısı Mətbuat Şurasına da dəstək prioritetinə əsaslandı və ümumən dövlətin bu quruma münasibətinin konturlarını təşkil etdi. Eyni kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev də davam etdirdi,  prosesə fundamentallıq gətirdi. Bu siyasətin nəticəsində dövlət medianın potensialını cəmiyyətin maraq və mənafelərinin təminatı naminə stimullaşdırdı. Başlıca məram, heç şübhəsiz, jurnalistikanın müstəqilləşməsinə dəstək idi. Mətbuat Şurası müstəqil medianın peşə prinsiplərinə riayət etməsinə çağırış edirdi. Bu amil dövlətin quruma münasibətinin əsas indiqatoru idi. Fəxrlə deyə bilərəm ki, ölkə rəhbərliyi, dövlət başçımız cənab İlham Əliyev Mətbuat Şurasına hər zaman yüksək dəyər verib. Bu, o demək idi ki, qurumun ictimai missiyası dövlətimiz üçün də vacibdir. Fürsətdən istifadə edib bu münasibətinə görə Prezident İlham Əliyevə bir daha həm öz adımdan, həm də sizlərin adından dərin təşəkkürümü bildirirəm.

Əziz dostlar, 90-cı illərinin sonu - 2000-ci illər burada əyləşənlərin çoxunun xatirindədir. Kifayət qədər mürəkkəb zaman kəsiyi idi. Həm daxildə, həm xaricdə müxtəlif qüvvələr var idi ki, o zaman üçün kövrək təməllərə malik ölkəni qarışdırmaq istəyirdi. KİV-ləri də öz planlarına alət etmişdilər. Mətbuat Şurasısının yaranması həm də mahiyyətcə Azərbaycan jurnalistikasının həmin qüvvələrə qarşı birgə müqaviməti idi. Bəlkə çoxu o zaman bunun fərqində deyildi. Ancaq bir çox proseslərə dərindən bələd olan biri kimi bu gün burada bu sözü sizin qarşınızda qətiyyətlə, heç bir pafos olmadan deyirəm. Qürur duyuram ki, bu proseslərə rəhbərlik etmişəm, dövlətim, ölkəm üçün faydalı olmuşam.

Əziz dostlar, həmkarlar, bizim gücümüz peşə şərəfini üstün tutmağımızdaydı. Dəfələrlə bəyan etdik ki, jurnalistika siyasi proseslərdən kənar olmalıdır, heç bir qüvvənin ruporuna çevrilməməlidir. Dedik və elədik. Mətbuat Şurası buna nail oldu. Bəli, bu yol heç vaxt rəvan olmadı. Fikir ayrılıqları meydana çıxdı. Mübahisələrimiz yarandı. Hətta bəzən mübahisələr, ziddiyyətlər kəskinləşdi, kimlərsə küsdü, yolunu ayırdı. İnanın, daha böyük haqqı rəhbər tutmaqla hər kəsə haqq vermişəm. Hər zaman çalışmışam ki, hər kəsin haqqından böyük haqqın daxilində nələrsə olsun. Mənim Mətbuat Şurasının sədri kimi missiyam bundan ibarət idi. Başqa cür davrana bilməzdim. Bütün hallarda məni dəstəklədiniz. Hətta razılaşmadıqda belə susdunuz, etiraz bildirmədiniz, mənə inanmağı üstün tutdunuz. Hər birinizə, Mətbuat Şurasının İdarə Heyətində indiyədək təmsil olunmuş hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.

Mən xüsusi bir təşəkkür də bildirmək istərdim. Hesab edirəm ki, bu təşəkkür payında həm də keçilmiş yola ehtiram var. Ehtirama layiq insanların adlarını çəkmək isə ənənədir. Burada gənc həmkarlarım əyləşib, hər birinin kifayət qədər geniş çevrəsi var, qoy, bu ənənəmiz onlar üçün də örnək olsun. Mən Azərbaycan jurnalistlərinin birinci qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin fəaliyyətini yada salıram. Komitənin üzvləri Şuranı formalaşdırmaq naminə böyük həvəslə, əzmlə çalışırdılar. Mətbuat Şurası anlayışı “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin müəllifi olduğu layihədən qaynaqlanırdı. Bu tribunadan ona, o zaman Təşkilat Komitəsinin üzvlərinə, Vüqar Rəhimzadəyə, Zeynal Məmmədliyə, Vüsalə Mahirqızına, Gündüz Tahirliyə, Azər Həsrətə, Yadigar Məmmədliyə, Bəxtiyar Sadıqova, Mehman Əliyevə, Elçin Şıxlıya, Rəşad Məcidə, hörmətli professorumuz Cahangir Məmmədliyə, bir sözlə qurumda təmsil olunmuş, əməyi keçən hər bir həmkarıma təşəkkürümü bildirirəm.

Xoşbəxtəm ki, uzun illər rəhbərlik etdiyim Azərbaycan Mətbuat Şurası bundan sonra da yaşayacaq. Şuranın adını, təmsilçilərinin çıxışlarını tez-tez telekanallarda görəcəyik, qəzetlərdə, saytlarda oxuyacağıq. Əminəm ki, Şura həmişə öndə olacaqdır. Bu gün sizlərin qarşısında sədrliyə iddiamın olmadığını bəyan edirəm. Mən jurnalistəm, bundan sonra da jurnalistikada, həmkarlarımın  yanında  olacam, Mətbuat Şurasının daha da möhkəmlənməsi üçün əlimdən gələni əsirgəməyəcəm.”

Daha sonra Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Tahir Aydınoğlunun hesabatı dinlənilib.

Tahir Aydınoğlu deyib: “Azərbaycan Mətbuat Şurasının ötən qurultayından bəri, yəni 2018-ci ildən indiyə kimi gördüyü işlər, Şuranın fəaliyyətinin təşkilatın Nizamnaməsinə uyğun olub-olmamasını izləmək Nəzarət-Təftiş Komissiyasının başlıca fəaliyyət prinsipini təşkil edib. Hesabat dövründə işimiz aşağıdakı istiqamətləri əhatə edib:

1.İdarə Heyətinin və komissiyaların iclaslarının tələblərə müvafiq həyata keçirilməsinə nəzarət. Əlbəttə, söhbət ilk növbədə yetərsaydan, müzakirəyə çıxarılan məsələlərin nə dərəcədə Şuranın səlahiyyətlərinə aid olmasından gedir. Qurultaylararası dövrdə Şuranın İdarə Heyətinin 31, Şikayətlər üzrə Komissiyanın 63 iclası keçirilib. Digər komissiyaların iclaslarının ümumi sayı 42-dir. Qurumun Ahıl Jurnalistlər Məclisi müxtəlif məsələlərlə bağlı 36 dəfə toplanıb.

Toplantıların hər biri Mətbuat Şurasının Nizamnaməsinə uyğun keçirilib və yetərsay problemi olmayıb. Müzakirə edilən problemlərin də hər biri Şuranın Nizamnamədə nəzərdə tutulan səlahiyyətlərinə və ictimai missiyasına uyğun olub.

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının nəzərdən keçirdiyi ikinci fəaliyyət istiqaməti sənədlər, məktublar və müraciətlərlə bağlı iş idi. Burada da qaydalar gözlənilib. Mətbuat Şurasının sədrinin də hesabatında bildirdiyi kimi, hesabat dövründə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 1615 şikayət daxil olub. Şikayət və şifahi müraciətlərin böyük bir hissəsi etik prinsiplərə zidd fəaliyyət göstərən, peşə səlahiyyətləri ilə bir araya sığmayan hallara yol verən mətbu orqanlarından və onların əməkdaşlarındandır. Təəssüf ki, ictimai qınaq heç də həmişə yetərli olmur. Yalnız məhz bu baxımdan deyə bilərik ki, qərarların icra mexanizmində müəyən problemlər nəzərə çarpıb.

Onu da bildirim ki, koronavirus pandemiyası səbəbindən bütün sahələrdə olduğu kimi, Mətbuat Şurasının fəaliyyətində də müəyyən çətinliklər müşahidə edilib. Göründüyü kimi, ötən qurultaylararası dövrlə müqayisədə Şuraya müraciətlər az olub. Müvafiq olaraq İdarə Heyətinin və komissiyaların iclaslarının sayı azdır. Ancaq bunu Nizamnamə pozuntusu kimi qiymətləndirə bilmərik. Eyni zamanda onu da bildiririk ki, üzv təşkilatlar tərəfindən Mətbuat Şurasına ödənilməli olan illik üzvlik haqlarında da azalmalar müşahidə edilib. Məlumdur ki, durğunluq həyatın bütün istiqamətlərini əhatə etmişdir. Ancaq o da nəzərə alınmalıdır ki, üzv təşkilatların Mətbuat Şurası ilə bağlılığını göstərən əsas göstərici üzvlük haqlarıdır. Hazırda təsisçilərinin 50 faizə yaxınının üzvlük haqqını ödəmədiyi məlumdur. Doğrudur, qurultayımıza hazırlıq müddətində açıqlanmış tələblərə görə mövcud istiqamətdə müəyyən canlanma oldu. Amma bu, yetərli sayıla bilməz. Qurultay nümayəndələri olan üzv təşkilatlardan xahiş edərdim ki, bundan sonra məsələyə ciddi yanaşsınlar. Üzvlük haqqını ödəmək hər bir təsisçinin nizamnamə öhdəliyidir və hamı buna qeyd-şərtsiz əməl edilməlidir. Başqa tərəfdənsə, nəzərdə tutulan illik üzvlük haqqı – gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər, jurnallar və internet informasiya resursları üçün 99 manatdır. Düşünürəm ki, bu, elə böyük məbləğ deyil.

Nəzarət-Təftiş Komissiyasının fəaliyyət dairəsinə Şuranın Katibliyinə daxil olan məktub və müraciətlərə prosedur qaydada baxılma, qeydiyyat və cavablandırılma işinin necə aparılmasını müəyyənləşdirmək də daxil idi. Bunun üçün qurum yoxlamalar aparıb. Bu yoxlamlar zamanı hər hansı Nizamnamə pozuntusu aşkarlanmayıb. Vətəndaş müraciətlərinə baxılması qaydası gözlənilib. Bu müraciətlərin müəyyən hissəsinin, təqribən 30 faizinin Şuraya aidiyyatının olmadığı müəyyənləşib. Bir zəruri qeyd edim ki, Mətbuat Şurasının sədrinin hesabatında şikayətlərin statistikası açıqlandı. Təbii, komissiyamız buna da diqqət yetirib.

Ümumən NTK hesabat dövründə MŞ-nin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı aşağıdakıları müəyyən edib:

Şuraya vəsaitlər 2 mənbə üzrə daxil olub:

Üzvlük haqqları - 31 min 18 manat;

Məqsədyönlü maliyyə yardımları 62 min 740 manat.

Yoxlama zamanı təsərrüfat xərcləri və əmək haqqının ödənilməsi üzrə bütün sənədlərin qaydada olduğu müəyyən edilib. Nəğd hesablaşma zamanı ödənilən vəsaitlər üzrə çek və qaimələr alınıb. Yoxlama dövrü ərzində MŞ-nin maliyyə fəaliyyətində pozuntu olmayıb, mühasibatlıq sənədləşməni mühasibat və vergi qanunvericiliyinə uyğun aparıb, donorlara maliyyə hesabatları təqdim edib. 

Hörmətli qurultay iştirakçıları!

NTK sizin göstərdiyiniz etimadı doğrultmaq ücün bütün səylərini səfərbər etmiş və MŞ-nin Nizamnaməsini, NTK-nın Əsasnaməsini rəhbər tutaraq Şuranın fəaliyyətində yaxından iştirak etmişdir. Ümid edirəm ki, NTK-nın bu gün seçiləcək yeni tərkibi qurultayın qəbul edəcəyi qərarların həyata keçirilməsində yenə fəallıq göstərəcək, azad sözün, müstəqil mətbuatın inkişafına öz köməyini əsirgəməyəcəkdir”.

Hesabat ətrafındakı müzakirələrdə MŞ İdarə Heyətinin üzvləri - APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli,  həmçinin “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Editor.az” informasiya portalının rəhbəri Fərid Şahbazlı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Fərəcov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Femida” qəzetinin baş redaktoru Etibar Poladlı, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, “Police.az” saytının təsisçisi və rəhbəri Şəmsəddin Əliyev, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Veteninfo.az” informasiya agentliyinin baş redaktoru Nahid Canbaxışlı, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, "Türkel" TV-nin baş redaktoru Ramiz Məşədihəsənli, Azərbaycanın Əməkdar jurnalisti Rəhman Orxan, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı və başqaları bildiriblər ki, hər iki sənəddə göstərilən məsələlər MŞ-nin hesabat dövründə məhsuldar çalışdığını söyləməyə əsas verir. Onlar Şuranın jurnalistlərin peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, etik prinsiplərə əməl etmələrinə ictimai nəzarət missiyasının effektivliyi üzərində dayanıblar. Çıxışlarda həmçinin qurumun dövlət orqanları ilə media arasında etibarlı əlaqələndirici və tənzimləyici vəzifəsindən də söz açılıb. Bildirilib ki, bu vəzifə ümumən cəmiyyətdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə, söz, fikir və məlumat azadlığına daha geniş imkanların yaradılmasına əməli dəstəkdir. Çıxış edənlər həmçinin MŞ-nin media ilə bağlı problemlərin məhkəməyəqədər həlli variantlarının araşdırılması missiyasının əhəmiyyətliliyini və effektivliyini qabardıblar. Ümumilikdə Şuranın gördüyü işlər qənaətbəxş sayılıb. Ə.Amaşovun Şura sədr kimi ötən müddətdəki fəaliyyətinin səmərəli olduğu xüsusi vurğulanıb, onun media sahəsindəki xidmətləri yüksək qiymətləndirilib.

MŞ sədri Ə.Amaşov Mətbuat Şurasının Nizamnaməsindəki dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, Şuranın İdarə Heyətinin tərkibi əvvəlki kimi 23 nəfər saxlanılıb. Ehtiyat üzvlər məsələsi çıxarılıb. Eyni zamanda əvvəllər 23 nəfərlik heyətin 11-i jurnalistləri, 6-sı ictimaiyyət nümayəndələrini, 5-i internet portalların təmsilçilərini nəzərdə tuturdusa, artıq bu bölgü aradan qaldırılır, İH jurnalistlərdən 14, ictimaiyyət nümayəndələrindən 9 nəfər olmaqla formalaşır. Nizamnamə dəyişikliyində bununla yanaşı, mövcud bölgünün Şuranın strukturlarının işinə şamil olunması da əksini tapıb. Daha bir dəyişiklikdə Nizamnamədə yer alan “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” anlayışının “Azərbaycan Jurnalistlərinin Etik Kodeksi” şəklində göstərilməsi məqsədəuyğun sayılıb. Ə.Amaşov əsas dəyişikliklərdən birinin də Şura sədrinin seçilməsi ilə bağlılığını önə çəkib. O bildirib ki, Nizamnamə dəyişikliyi sədri gizli deyil, açıq səsvermə yolu ilə seçməyi nəzərdə tutur. Təklif edilən dəyişiklərlə əlaqədar səsvermə keçirilib və qəbul olunub.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə çıxışında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” olmuş, Nizamnamə dəyişikliyi nəticəsində “Azərbaycan jurnalistlərinin Etik Kodeksi” adlandırılmış sənədin bilavasitə özünə dəyişikliklərlə əlaqədar məlumat verib. O bildirib ki, vaxtilə AJPDQ  4 (dörd)  prinsipdən ibarət olmuşdur. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin qərarı ilə sənədə yeni “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi” prinsipi əlavə edilib. Bununla da prinsiplərin sayı 4-dən 5-ə qaldırılıb. Dəyişikliyə əsasən, əvvəlki 4-cü prinsip (Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması) yeni variantda 5-ci prinsip kimi qeyd edilib. “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi” prinsipi isə 4-cü prinsip olaraq müəyyənləşib. Dəyişiklik səsə qoyularaq qurultay nümayəndələri tərəfindən məqbul qiymətləndirilib.

Bundan sonra MŞ İdarə Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi ilə bağlı səsvermə keçirilib. Proses nəticəsində aşağıda adları qeyd edilmiş şəxslər Mətbuat Şurasının İdarə Heyətinə seçiliblər:

Jurnalist nümayəndələr:

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru – 152 səs;

Əflatun Amaşov, “Xalq qəzeti”nin baş redaktoru – 147 səs;

Vüqar Rəhimzadə, “İki sahil” qəzetinin baş redaktoru – 147 səs;

Hacıbəy Heydərli, “Azxeber.com” saytının baş redaktoru – 95 səs;

Azər Həsrət, “Bayraqdar.info” saytının baş redaktoru – 95 səs;

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru – 92 səs;

Elçin Mirzəbəyli, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru – 90 səs;

Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktoru – 90 səs;

Səadət Məmmədova, ATV prezidentinin müşaviri – 89 səs;

Elşad Eyvazlı, Modern Media Qrupunun rəhbəri – 88 səs;

Aqil Ələsgər, Yeni Çağ Media Qrupunun rəhbəri – 88 səs;

Rauf Arifoğlu, “Yeni Müsavat” Media Qrupunun rəhbəri – 87 səs;

Vüsalə Mahirqızı, APA Holdinqin rəhbəri – 82 səs;

Alqış Musayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru – 80 səs;

İctimaiyyət təmsilçiləri:

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri – 139 səs;

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri – 130 səs;

Yadigar Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri – 116 səs;

Bəhruz Məmmədzadə, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini – 115 səs;

Qulu Məhərrəmli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru – 105 səs;

Vüqar Zifəroğlu, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı – 101 səs;

Fərid Pərdəşünas, “Technote Media” şirkətinin icraçı direktoru – 74 səs;

Ceyhun Musaoğlu, Jurnalist Ekspert Mərkəzinin sədri – 70 səs;

Yeganə Hacıyeva, Gənc Demokratlar İnstitutunun sədri – 69 səs.

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibinin seçilməsinə gəldikdə isə, burada 5 nəfərin – “Xalq qəzeti”nin baş redaktoru Tahir Aydınoğlunun, “Vətən səsi” qəzetinin baş reaktoru Elşən Əliyevin, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlunun, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Nadir İsmayılovun, “Yeni Müsavat” Media Qrupunun direktoru Ələsgər Süleymanovun namizədlikləri üzərində dayanılıb və onlar NTK-nın yeni üzvləri seçiliblər.

Bundan sonra MŞ-nin yeni sədrinin seçilməsi üçün səsvermə keçirilib. Yeganə namizəd “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yekdilliklə Mətbuat Şurasının sədri seçilib.

Sədr R.Məcid qurultay nümayəndələri qarşısında çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, əvvəlki sədr Əflatun Amaşovun Şuraya rəhbərlik etdiyi dövrdə kifayət qədər uğurla çalışdığını vurğulayıb. R.Məcid MŞ-nin bundan sonrakı fəaliyyətinin daha çevik olacağına əminliyini ifadə edib. İnformasiya məkanının genişliyinin nəzərə alınaraq adekvat fəaliyyət göstərilməsinin zəruriliyini əsaslandıran sədr bu istiqamətdə MŞ-nin İdarə Heyətinin yeni seçilmiş tərkibində təmsil olunanların təcrübəsinə, dünyagörüşünə ehtiyacın duyulduğunu önə çəkib. O, medianın saflaşdırılması ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağını vurğulayıb.

R.Məcid çıxışında həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il iyulun 22-də Şuşada keçirilmiş Beynəlxalq Media Forumunun iştirakçılarına təbrikində yer almış fikirlərinə istinad edib. O deyib ki, dövlət başçımız qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzunu zədələmək istəyən qüvvələrin mövcudluğunu, Azərbaycan mediasının belə mənfi təmayüllərə qarşı mübarizədə dinamik iş aparmasının vacibliyini qabardıb.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Beynəlxalq Media Forumuna təbrikində bildirib ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”, - deyən R.Məcid bu fikirlərin Azərbaycan jurnalistikasının gələcək fəaliyyət platforması baxımından əhəmiyyətli cəhətlərinə diqqət çəkib. Mövcud xüsusda Mətbuat Şurasının fəallığının daha praktik iş müstəvisinə gətirilməsinə zərurət duyulduğunu bildirib.

Sonda Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul edilib.

Qətnamədə deyilir:

Azərbaycan jurnalistlərinin VIII qurultayı Azərbaycan Mətbuat Şurasının sədrinin, Mətbuat Şurasının hesabat-seçki dövründə gördüyü işlərə dair məruzəsini, Nəzarət-Təftiş Komissiyasının sədrinin qurultaylararası dövrdəki fəaliyyətin təftişinə dair məruzəsini, məruzələr ətrafındakı çıxışları, ümumən VIII qurultaydakı təklif və təşəbbüsləri nəzərə alaraq qərara alır:

Azərbaycan Mətbuat Şurasının hesabat-seçki dövründə gördüyü işlər məqbul hesab edilsin; Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının ötən hesabat-seçki dövründə gördüyü işlərə dair hesabatı qənaətbəxş qiymətləndirilsin; a) Azərbaycan Mətbuat Şurası Nizamnaməsinin 4.4.6, 4.10, 4.13, 4.14, 4.15, 4.15.1, 4.18, 4.19, 4.20, 4.21, 4.23, 4.27, 4.29, 4.29.1 maddələrinə dəyişiklik edilməsi ilə bağlı təkliflər ölkə jurnalistlərinin VIII qurultayının iştirakçıları tərəfindən səs çoxluğu ilə bəyənildiyi üçün qəbul edilsin;

b) Tapşırılsın Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinə ölkə jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinin 4.4.6, 4.10, 4.13, 4.14, 4.15, 4.15.1, 4.18, 4.19, 4.20, 4.21, 4.23, 4.27, 4.29, 4.29.1 maddələrinə  qəbul edilmiş dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin;
c) Qurultayın Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklər olunması ilə bağlı qəbul etdiyi qərar MŞ-nin gələcək fəaliyyəti üçün əsas götürülsün;

“Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Kodeksi” adlandırılsın və sənədə dəyişikliklər qəbul edilsin. Qərar MŞ-nin gələcək fəaliyyəti üçün əsas götürülsün; Mətbuat Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibləri təsdiq olunsun; Azərbaycan Mətbuat Şurasının sədrinin seçilməsi ilə bağlı VIII qurultayın qəbul etdiyi qərar təsdiq olunsun; Media məkanımızdakı mənfi hallar, jurnalist adından sui-istifadə təmayülləri nəzarətdə saxlanılsın, mövcud istiqamətdə Azərbaycan qanunvericiliyinə və Mətbuat Şurasının Nizamnaməsinə uyğun fəalliyyətdə intensivlik artırılsın; Reqional medianın maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədi ilə xüsusi layihənin hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunması təmin edilsin; Jurnalistlərin sosial problemlərinin həlli diqqətdə saxlanılsın, bununla əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırılsın; Azərbaycanda və dünyada söz azadlığı, jurnalist peşəkarlığı və təhlükəsizliyi ilə bağlı tendensiyalar diqqətdə saxlanılsın, mövcud istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar fəaliyyət gücləndirilsin; Azərbaycan Mətbuat Şurası təsisçilərinin Mətbuat Şurasına üzvlük haqqı borclarının ödənilməsi məqsədilə məqsədyönlü fəaliyyət aparılsın; Fəaliyyətini dayandırmış, Şura ilə əlaqələri itmiş, üzvlük haqqını ödəməyən, əsaslı səbəb olmadan Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak etməyən üzv təşkilatlar Mətbuat Şurasına üzvlükdən çıxarılsın; Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə heyəti VIII qurultaydakı müxtəlif çıxışlarda səslənmiş təkliflərin, irəli sürülmüş təşəbbüslərin nəzərdən keçirilməsi, həmin təklif və təşəbbüslərlə bağlı əməli fəaliyyətin reallaşdırılması imkanlarını araşdırsın, bununla əlaqədar konkret iş planının tərtibi üçün MŞ-nin komissiyaları və Katibliyi qarşısında vəzifələr müəyyənləşdirsin.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

16.09.2026 / 17:43
Rusiya 102-ci bazanı Ermənistandan çıxarmır, ermənilər isə bazaya ehtiyac olmadığını deyir...

16.09.2026 / 17:33
ABŞ-ın orbitdəki kosmik silahları Rusiya və Çin üçün təhlükəyə çevrildi...

16.09.2026 / 17:18
2008-dən sonrakı 18 il - Azərbaycan dünyanın dialoq və humanitar əməkdaşlıq məkanına necə çevrildi...

16.09.2026 / 16:53
Tramp Husilərin basqısı altında Səudiyyənin müdafiəsindən imtina etdi... Niyə?

16.09.2026 / 16:44
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

16.09.2026 / 16:38
İslam dininə qarşı elan olunmamış müharibə - İlham Əliyev qorxunc, lakin real təhlükəni təsdiqlədi...

16.09.2026 / 16:25
Paris Azərbaycandakı vətəndaşlarının azadlığı qarşılığında Usmanov üzərindən sanksiyaların götürülməsini istəyir

16.09.2026 / 16:21
Şahin Mustafayev Stolüstü Tennis Federasiyasına prezident seçildi

16.09.2026 / 16:12
Sosial şəbəkədə ADMİU tələbələrini hədələyən şəxslər polisə çağırıldı

16.09.2026 / 16:07
Füzuli və Xankəndidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi

16.09.2026 / 16:04
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edildi

16.09.2026 / 15:56
Vüqar Rəhimzadə: Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır

16.09.2026 / 15:50
İlham Əliyevin bu sözlərində Ermənistanı qane etməyən nə var ki... Sülh Xocalını unutmaq deyil...

16.09.2026 / 15:40
Üç bölgə Brutaniyadan ayrılmaq qərarı verdi - başqasının ərazi bütövlüyünə qəsdin cavabı belə olur...

16.09.2026 / 15:36
Xudavəng monastırı: Alban irsinin saxtalaşdırılması və mədəni soyğunçuluq reallığı...

16.09.2026 / 15:23
ABŞ iki Belarus şirkətinə sanksiyaları ləğv etdi, qarşılığında Minsk 25 məhbusu azadlığa buraxdı…

16.09.2026 / 15:10
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb edəcək…

16.09.2026 / 14:43
2027-ci ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi

16.09.2026 / 14:35
Prezidentin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - VİDEO

16.09.2026 / 14:15
Ermənilər Xudavəng monastrında Həsən Cəlal irsini son anda məhv etdilər...

16.09.2026 / 13:50
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP-lə bağlı qərarını açıqladı - konstitusiyaya uyğundur…

16.09.2026 / 13:37
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

16.09.2026 / 13:25
Rusiyanın Ukraynanın qərbini bombaladı – Polşa qırıcıları havaya qaldırdı və aeroportları bağladı…

16.09.2026 / 13:11
Qərbi Azərbaycan İcması Ermənistana çağırış etdi - keçmişin səhvlərini təkrarlamayın...

16.09.2026 / 12:54
Türk dövlətlərinin ortaq inkişaf bankı yaradılır... DETALLAR açıqlandı...

16.09.2026 / 12:41
Avropanın sanksiya qoyduğu rus oliqarx Usmanovun Bakıda həbsdə olan casus fransızlarla nə əlaqəsi?.. Ərdoğan da işin içindədir...

16.09.2026 / 12:23
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16.09.2026 / 12:15
“Qobustan” Günəş Elektrik Stansiyasının açılışı oldu - FOTO

16.09.2026 / 12:09
Küləyin səsi...

16.09.2026 / 12:03
Azərbaycan Türk dünyası və İslam aləmində həmrəylik və birləşdirici gücə çevrilib

16.09.2026 / 11:47
İran Qeşm adası üzərində ABŞ PUA-sını vurdu - Amerika 52-ci MQ-9 dronunu itirdi…

16.09.2026 / 11:35
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edildi

16.09.2026 / 11:33
Prezident Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanladı

16.09.2026 / 11:26
"İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb" - QMİ sədri

16.09.2026 / 11:12
ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı ilk addım atıldı…

16.09.2026 / 10:53
ABŞ-dan İsrailə nəhəng silah paketi – 40 min bomba, 20 min döyüş başlığı…

16.09.2026 / 10:19
ABŞ Belarusun dondurulmuş aktivlərini geri qaytarır - xüsusi nümayəndə Lukaşenkonu haqlı saydı…

16.09.2026 / 09:56
Bakıda TDT aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı keçirilir

16.09.2026 / 09:41
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi

16.09.2026 / 09:15
Tramp prezident olduqdan sonra 2,7 milyard dollar artıb...

16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

16.09.2026 / 06:55
ABŞ qüvvələri narkokartelin üzən yanacaqdoldurma stansiyasını okeanın dibinə gömdü

16.09.2026 / 06:32
Tramp üçün impiçment istəyi demokratları ikiyə böldü

15.09.2026 / 23:41
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - VİDEO

15.09.2026 / 22:48
Almaniyada hökumət böhranı… 30 millət vəkili hərəkətə keçdi – kansler Merts devrilə bilər…

15.09.2026 / 22:23
Rusiya freqatı Danimarka helikopterini atəşə tutdu - səfir XİN-ə çağırıldı…

15.09.2026 / 22:06
Rusiyadan Ermənistana 11 günlük “qaz zərbəsinin” əsl səbəbi başqadır...

15.09.2026 / 21:49
İki məmur övladlarına yüz minlərlə dollarlıq toy edir, ittihamlar hakimiyyətə yönəlir - Qəribə deyil?...

15.09.2026 / 21:34
Zəngəzur dəhlizi açılmamış Ermənistan İranla saziş imzaladı - bu nə sazişdir...

15.09.2026 / 21:20
BRİKS Zirvəsinin qrup foto mərasimində Putinin yerini niyə dəyişdirdilər...?

15.09.2026 / 21:05
Demokratlar kiçik Trampın toyunun maliyyəsini araşdıra bilər - Aralıq seçkiləri udsalar…

15.09.2026 / 21:05
İlham Əliyev Naxçıvanda “qızıl kəşfiyyatı” üzrə saziş imzaladı...

15.09.2026 / 20:53
Erməni mediası ABŞ, Fransa səfirlərini və AB xüsusi elçisini düşmən elan etdi - səfirlərin “günahı”...

15.09.2026 / 20:40
Hörmüz boğazı üzrə İran-Ərəb sammiti baş tutmadı - neftin qiyməti kəllə-çarxa qalxacaq...

15.09.2026 / 20:22
İlham Əliyev Cənub Qaz Dəhlizi üzrə daha bir müqavilə imzaladı...

15.09.2026 / 20:08
Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

15.09.2026 / 19:55
ABŞ Azərbaycanda da fəaliyyət göstərən Rusiya bankını İrana görə sanksiya siyahısına saldı...

15.09.2026 / 19:47
Yardımlıda korrupsiya əməliyyatı - İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi

15.09.2026 / 19:41
Vüqar Rəhimzadə: Ermənistan cəmiyyətinin xarici diplomatların suveren ərazimizə səfərlərinə reaksiyası qəbuledilməzdir

15.09.2026 / 19:25
Səudiyyədən Məkkə, Ciddə və Taifə hücum xəbərdarlığı - sakinlərə çağırış edildi…

15.09.2026 / 19:12
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

15.09.2026 / 18:33
Naxçıvanda ümumi daxili məhsul artıb, amma inflyasiya yüksək, əməkhaqqı azdır...

15.09.2026 / 18:15
Dəyişkən iş qrafikinin nəqliyyat sıxlığına səmərəli təsiri (?) 1 həftə sonra bilinəcək...

15.09.2026 / 17:58
Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

15.09.2026 / 17:53
Ermənistan "qaz bucağına" sıxışdırılır - xilas yolu Azərbaycanın dəhlizindədir...

15.09.2026 / 17:42
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb

15.09.2026 / 17:36
Xırdalanda əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız öldü...

15.09.2026 / 17:29
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

15.09.2026 / 17:15
XIN-dən Nyu-Yorkda gözlənilən Bayramov-Mirzoyan görüşü ilə bağlı açıqlama...

15.09.2026 / 17:10
"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik" - Prezident

15.09.2026 / 17:04
Prezident: "Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"

15.09.2026 / 17:03
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident

15.09.2026 / 17:02
Prezident İlham Əliyev: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

15.09.2026 / 16:57
"Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır" - Prezident

15.09.2026 / 16:51
Ermənistanın sülhpərvərliyi şübhə doğurur

15.09.2026 / 16:50
Körfəz ölkələrinin İranla “Hörmüz danışıqlarını” kim pozdu?..

15.09.2026 / 16:48
Prezident İlham Əliyev: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

15.09.2026 / 16:47
"Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib" - Prezident

15.09.2026 / 16:44
Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

15.09.2026 / 16:43
"Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz" - Prezident

15.09.2026 / 16:41
"Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq" - Prezident İlham Əliyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ