Prezident İlham Əliyev imzaladığı Fərmanla “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləyib. Fərmana əsasən, Medianın İnkişafı Agentliyinə (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
Prezidentin imzaladığı fərmanla artıq Media haqqında qanunun tətbiqinə başlanıb. Yeni qanunda jurnalistlərin imtiyazları, onların hüquqlarının qorunması və bir sıra yeniliklər var.
Onu da qeyd edək ki, vahid jurnalist vəsiqəsinin tətbiq olunması, onların vahid reyestrə daxil edilməsi həm də media mühitinin saflaşmasına xidmət edəcək. Həmçinin, həmin qaydalarda jurnalist və redaksiyaların xeyrinə olan bir sıra mütərəqqi maddələr var. Onlardan biri də budur ki, jurnalistlər üçün vahid reyestrin tətbiqi qələm sahiblərinə imtiyazlar və üstünlük təmin edəcək. Maraqlıdır, jurnalistlər hansı üstünlük və imtiyazlardan yararlana biləcək?
Şakir Ağayev: “Yeni qaydalarla media işçiləri bir çox imtiyazlardan yararlana biləcək, belə ki…”
“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni qaydalara əsasən, jurnalistlər vahid jurnalist vəsiqəsi ilə təmin ediləcək: “Bu olduqca mühum addımdır. Yeni qaydalarla media işçiləri bir çox imtiyazlardan yararlana biləcək. Belə ki, reyestrə daxil olan media işçiləri güzəştli şərtlərlə ipotekadan yararlana biləcək. Qanun artıq qəbul olundu, qaldı icra mexanizmi. Medianın İnkişafı Agentliyi də bu işi layiqincə icra edəcək”.
Müşfiq Ələsgərli: “Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır”
Jurnalistlərin Həmkarlar İttfaqının sədri, media eksperti Müşfiq Ələsgərli bizimlə söhbətində bildirdi ki, “Media Reyestrinin aparılması Qaydaları” haqqında Prezident Fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır: “Şəxsən mən Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni onun “Media haqqında Qanun”un layihəsində nəzərdə tutulduğu gündən dəstəkləmişəm. Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr, əslində peşəkar KİV və peşəkar jurnalist anlayışı üçün mövcud olan meyarlardır. Reystrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və peşəkar jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reystrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır.
Bu qaydaların qüvvəyə minməsi ilə həm də ölkədə ilk dəfə olaraq, sərbəst çalışan jurnalistlərin hüquqları tanınmış olur. Onlar adı reyestrdə olan KİV subyektlərinin biri ilə mülki müqavilə bağlamaqla, jurnalist vəsiqəsi ala və hüquqlarını reallaşdıra biləcəklər”.
Həmsöhbətimiz hesab edir ki, reyestrin tətbiq edilməsi həm də ölkədəki peşəkar KİV subyektləri və peşəkar jurnalistlərin kəmiyyətini müəyyənləşdirməyə, statistik məlumat bazası yaratmağa yardım edəcək. Bu statistikanın əldə edilməsi dövlətə də imkan verəcək ki, medianın inkişafı üçün effektiv proqramlar hazırlasın və icra etsin.
Günel CƏLİLOVA