ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri kimi addımlar yalnız münaqişələri qızışdırmağa xidmət edir.
Bunu bazar günü Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakına yekun vurarkən deyib:
"Ona görə də, bu cür səfərlər müəyyən münaqişələrin aradan qaldırılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək. Xarici dayılara və xalalara güvənmək məqsədəuyğun deyil”.
Çox maraqlıdır ki, biz nə Ukrayna rəsmiləri, nə də onların cəmiyyətindən Pelosiyə etiraz gördük. Azərbaycanda isə fərqli mənzərə var. Çoxları profil şəklinə Ukrayna bayrağı qoyur, statuslarında “Slava Ukraine” yazırlar. Belarusun davranışı özünü bizə dost sayan ölkələrə əsl nümunə ola bilərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ona olduqca maraqlı sual ünvanlamışıq: “Pelosinin təxribatçı səfərinə Ərdoğan da öz münasibətini bildirdi, hətta açıq şəkildə dedi ki, Pelosi heç nəyi həll etmir. Onun səfərinin heç nəyə təsiri yoxdur. Çox təəssüf ki, Ukrayna həm Pelosinin səfərində, həm də ona qədər baş verən hadisələrdə Azərbaycana dost münasibətini göstərmədi. Ukrayna XİN rəhbərinin sərhəddəki təxribatla bağlı bəyanatı ermənilər tərəfindən çox böyük sevinclə qarşılandı, hətta “Ukrayna bizi dəstəklədi”, dedilər. Bu sevinc əsassız deyildi. Çünki həmin bəyanatda həm ərazi bütövlüyü məsələsi qaldırılırdı, həm də orada “Dağlıq Qarabağ” ifadəsi işlədilmişdi. Ukraynada yaxşı bilirlər ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi vahidi yoxdur. Ayrı-ayrı Ukrayna rəsmilərinin Azərbaycan və Türkiyə əleyhinə bəyanatlarına da rast gəlirik. Yeri gəlmişkən bir məsələni də aydınlaşdırmaq istəyirəm. “44 günlük müharibədə Ukrayna bizi dəstəklədi” deyənlər yanılır. Eyni münasibəti Ukrayna bizə həmin vaxt da göstərdi və bizi dəstəkləmədi. Neytral bir bəyanat verərək, hərbi əməliyyatları dayandırmağa çağırmışdı. Hər dəfə “Krım platforması”nda iştirak etmədiyinə görə Azərbaycana hücum edib bizi haqsız sayanlar bu vəziyyəti yaxşı nəzərdən keçirməlidirlər. Görsünlər ki, öz maraqlarımızı, yoxsa xarici ölkənin maraqlarını düşünürlər? Çox təəssüf ki, bizdə Azərbaycanın maraqlarını düşünməyən qüvvələr kifayət qədərdi. Belarusun mövqeyi Azərbaycana özünü dost sayan ölkələr üçün mütləq nümunə olmalıdır. Son təxribatla bağlı Azərbaycanı yalnız Türkiyə açıq müdafiə etdi və Ermənistanın bizə hücum etdiyini dedi. Türk Dövlətləri Təşkilatında da Qırğızıstan və Qazağıstanın dəstəyini qeyd edə bilərik. Ancaq onlar da ayrılıqda bəyanat verib bizi dəstəkləmədilər. Azərbaycandakı siyasi qüvvələr ilk olaraq ölkəmizin maraqlarını düşünməlidirlər. Başqa maraqları mütləq mənada kənara qoymalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ