Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlər valideynlərə təhvil verilmir. Bu barədə Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan məlumat yayıb. O qeyd edib ki, valideynləri meyitxanalara buraxmırlar:
“Bir neçə gün əvvəl Azərbaycan üç günlük müharibədə öldürülmüş daha 95 əsgərin meyitini Ermənistan tərəfinə təhvil verdi. Cəsədlərin əksəriyyəti Martuni meyitxanasına aparılıb. Valideynlər oğullarının meyitlərinin tanınması üçün meyitxanaya girməyə çalışırlar. Əsgər meyitlərinin gətirildiyi bütün morqlar hazırda təhlükəsizlik qüvvələri tərəfindən qorunur və müstəntiqlərin müşayiəti olmadan valideynlər ölənlərin şəxsiyyətini müəyyən edə bilmirlər”.
“Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlərin valideynlərə verilməməsi o ölkədə böyük narazılığa səbəb olub”
Siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, Ermənistan hər zaman öz itkilərini gizlədib. 44 günlük Vətən müharibəsi zamanı və bu ay baş vermis təxribatın ardından da həmin ölkə öz itkilərini gizlətməkdə davam edir: “Xatırladım ki, Ermənistanın törətdiyi təxtibatın ilk günlərində Azərbaycan tərəfi Ermənistanın azı 200 canlı qüvvəsinin məhv edildiyini bəyan etdi. Ancaq Ermənistan tərəfi dərhal bunu təkzib etdi. Sonra həmin ölkə yavaş-yavaş rəqəmi artıraraq ölən hərbçilərinin sayını artırdı. Azərbaycan tərəfi onu da bildirmişdi ki, bu hələ son rəqəm deyil, Ermənistanın itkiləri daha çoxdur”.
Həmsöhbətimiz bildirdi ki, meyitlərin valideynlərə təhvil verilməməsi o ölkədə böyük narazılığa səbəb olub. Valideynlər ölən övladlarının meyidini təhvil almaq istəyir. Ancaq Ermənistan hakimiyyəti buna mane olur. Bunun da müəyyən səbəbləri var: “Belə ki, onlar ölkə daxilində ajiotaj yaranmasından qorxurlar. Valideynlərə nə cavab verəcəklərindən, onların gözünün içinə baxa bilməyəcəklərindən qorxurlar. Ermənistan hakimiyyəti ölən hərbçilərin yaxınlarına heç bir məlumat vermir. Xalqın reaksiyasından qorxduqlarından, meyitləri ailələrinə verməmək üçün müxtəlif bəhanələr səsləndirirlər. Ümumiyyətlə, xalqı aldatmaq yalan danışmaq onlara xas xüsusiyyətdir”.
Günel CƏLİLOVA