Laçın dəhlizinin marşrutunun dəyişməsi, Laçın şəhəri, Zabux və Sus kəndinin Azərbaycana təhvil verilməsindən sonra separatçı - terrorçuların qaldığı bölgədə vəziyyət necə olacaq?
Ermənilər bu sual ətrafında müzakirə aparır.
“Hraparak” nəşri mövcud Laçın dəhlizinin ləğvindən sonra separatçı-terrorçular üçün yaranacaq “təhlükələri” araşdırıb:
“İyun ayı ərzində erməni cəmiyyətində böyük təlatümlər yaşandı, hamı Laçını “xilas edirdi”. 1 iyul gəlib keçdi, “xilasedicilərin” ajiotajı da getdi. Lakin reallıq budur ki, Laçın, Zabux və Ermənistanı Qarabağa birləşdirən yeganə yolun təhvil verilməsi prosesi indi də davam edir. Alternativ yolun tikintisi həyata keçirilir, üstəlik həmin yolun Ermənistan hissəsinin tikintisi üçün tender elan olunub. Məsələ təkcə Laçın şəhəri, Zabux və Sus kəndinin təhvil verilməsi ilə məhdudlaşmır”.
Nəşr yazır ki, mövcud dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil verildikdən sonra Bakı strateji əhəmiyyətli yüksəkliklərə də nəzarəti bərpa edəcək: “Şuşa-Xankəndi yolunun Şuşa döngəsi adlanan mühüm strateji yüksəkliyi yəqin çoxları görüb. Oradan bütün Xankəndini, o cümlədən, Əsgəranı və digər əraziləri ovucun içi kimi görmək mümkündür. Bu yüksəklik Xankəndinin kənarında yerləşir, Xankəndi və ətraf ərazilərə nəzarət baxımından dominant mövqeyə malikdir. Bu, Bakının tam nəzarətinə keçdikdən sonra Xankəndi və ətraf ərazilər Azərbaycan ordusunun birbaşa hədəfinə çevriləcək. Bundan sonra Xankəndi və onun ətrafında yaşamaq daha da çətinləşəcək”.
Tarixən Ermənistandan Azərbaycanın rayonlarına gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçib. Hazırda da Qarabağda yaşayan ermənilərin Ermənistanla əlaqəsinin olması üçün həmin yoldan istifadə olunur. Həmin yol Azərbaycanın tarixi yoludur.
Ermənilərin bu təşvişi nə dərəcədə əsaslıdır?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan əhalisinin birbaşa hərəkətini təmin etmək üçün Laçın şəhərindən yan keçən avtomobil yolu çəkilir: “Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan isə həm ermənilər, həm də azərbaycanlılar istifadə edəcək. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ yolun uzunluğu 28 km olacaq. Yolun Azərbaycan ərazisindəki hissəsindəki işlər yekunlaşmaq üzrədir. 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasının bəndlərindən birində bu haqda danışılır. Orada deyilirdi ki, üç il ərzində Rusiya tərəfinin iştirakı ilə Ermənistanla Dağlıq Qarabağı birləşdirən, Laçın və Şuşa şəhərlərindən yan keçən yeni dəhlizin marşrutu müəyyyən edilməli, yeni yolun çəkilməsi həyata keçirilməli, Rusiya sülhməramlı qüvvələri dəhlizin yeni marşrutu üzrə yerdəyişmə həyata keçirməli və nəhayət Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
Qeyd edək ki, hazırda Ermənistanla Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərini birləşdirən yol, yəni Laçın dəhlizi Laçın şəhərindən və Şuşanın bilavasitə yaxınlığından keçir. Dəhlizin yeni marşrutu və bu marşrut boyu yeni yol tikintisi barədə ətraflı məlumat verilmirdi. İndi dəhlizin yeni marşrutunun xəritəsinin yayılmasından sonra ermənilər fəallaşmağa başlayıb. Ermənilərin bu narahatlığı əbəsdir. Çünki Laçın və digər ərazilər hər zaman bizim nəzarətimiz altında olub.
Erməni silahlı dəstələri Laçını 1992-ci il may ayının 18-də işğal etmişdilər. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Laçının bir neçə kəndi işğaldan azad olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb. Yeni yolda haralar bizim nəzarətimizə keçəcəksə, ermənilərin bundan ifadə etdiyi narahatlıq nəyisə dəyişməyəcək”.
Məhəmmədəli QƏRİBLİ