Rusiya hökuməti ölkəyə “dost olmayan” xarici dövlətlərin siyahısını genişləndirib. Bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında paylaşılıb: “Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya əlavə olunub”.
Qeyd edək ki, sözügedən siyahı ilk dəfə may ayının əvvəlində paylaşılıb. İlk olaraq siyahıya Avropa İttifaqına üzv olan bütün ölkələr və daha 21 dövlət daxil edilib. Daha sonradan siyahıya ABŞ və Çexiya əlavə olunub. Maraqlıdır ki, Ermənistan ərazilərimizi işğal etdiyi dönəmdə özünə Türkiyə ilə münasibətləri normal olmayan ölkələr arasında müttəfiqlər axtarmağa başlamışdı. Hətta Yunanıstan və Yunan Kipri ilə Ermənistan arasında hərbi əməkdaşlığa dair sənəd də imzalanmışdı. Ermənistan Rusiyanın forpostu olan ölkə sayılır. İndiki məqamda onun Yunanıstanla bağlı davranışı necə olacaq?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov Rusiya və Yunanıstan arasında ikitərəfli münasibətlərin Afinanın siyasəti ilə məhv edildiyini söyləyib: “Faktiki olaraq, iki ölkə arasında təmas və əməkdaşlıq kəsilib. Fevralın sonundan iki ölkə arasındakı ikitərəfli münasibətlər tamamilə məhv edilib, artıq mövcud deyil. Heç bir əməkdaşlıq, təmas yoxdur. Bir sözlə, inkişaflar, onilliklər ərzində toplanmış ikitərəfli münasibətlərin bütün silsiləsi sözün əsl mənasında bir neçə gün ərzində məhv edildi. Yunanıstan Rusiya üçün dost olmayan ölkəyə çevrilib.
Rusiya hökuməti Ukraynaya müdaxilədən sonra Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri həyata keçirən ölkələrin siyahısını təsdiqləyib. Siyahıda Yunanıstan da var. Türkiyə, NATO-ya üzv olmasına baxmayaraq, o siyahıya daxil edilməyib. Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edərkən çox vacib məqamlara toxundu. Dövlət başçısı iki ölkə arasında münasibətlərin inkişafına əngəl olan məsələləri aydın şəkildə ifadə etdi. Ermənistanın Yunanıstanla saziş imzalaması qardaş Türkiyəyə qarşı yönəlmişdi. Digər tərəfdən, Ermənistan tərəfi özünün işğalçılıq siyasətini müdafiə etmək məqsədilə Yunanıstanın və Kiprin simasında yeni müttəfiqlər əldə etməyə çalışırdı. Azərbaycanın təpkisindən sonra Yunanıstan addımlarına bir qədər korrektələr etməyə başladı. Hazırda Ermənistan Rusiya ilə Yunanıstan arasında seçim qarşısında qalıb. Təbiidir ki, sözün bütün mənalarında asılılığı olan Rusiyanı seçəcək. Onun Yunanıstanla yaxınlaşması anti-Türkiyə dekorasiyası üçün lazım idi. Rusiya isə Ermənistan üçün həyati əhəmiyyət daşıyır”.
Xatırladaq ki, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəklədiyini açıq bəyan etdi. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etmiş oldu. Sübut olundu ki, bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər belə oldu: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”. Ermənistan heç vaxt belə konkret mövqe ortaya qoya bilməz. Onun yeganə çıxış yolu Rusiyanın qucağında daha möhkəm oturmaq olacaq.
Məhəmmədəli QƏRİBLİ