Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı münasibətlərin normallaşma prosesini müzakirə edib. O, Türkiyənin "qırmızı xətt"inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib: “Amma biz onlardan (Ermənistandan) konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”.
Ərdoğanın Ermənistan üçün Azərbaycanı “qırmızı xətt” elan etməsindən hansı nəticələri çıxara bilərik?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına cəhdlər Qarabağ münaqişəsinin mövcud olduğu zamanda da olub: “Ancaq Türkiyə hər vaxt bu məsələdə Azərbaycan amilini önə çəkib. Əvvəl Ermənistandan işğal etdiyi ərazilərdən geri çəkilmək tələb olunurdu. Azərbaycan bu məsələni öz gücünə həll etdiyi üçün hazırda həmin tələb bir qədər arxa plana keçib. Ancaq bu o demək deyil ki, Ermənistanın üzərində öhdəlik qalmayıb.
May ayının 3-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri, səfir Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan arasında iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqların üçüncü raundu keçirilib və verilən məlumatlara görə, tərəflər heç bir şərt olmadan prosesi davam etdirmək barədə razılığa gəlib, nəzərəçarpacaq irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Öz növbəsində, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Ermənistan-Türkiyə sərhədinin dəqiqləşdirilməsi üçün ermənilərlə razılaşma var, paralel olaraq onu da qeyd edib ki, Ermənistan və Azərbaycan arasında birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub. Gözlənilirdi ki, son məqsədə çatmaq üçün Azərbaycanın maraqları da mütləq nəzərə alınacaq, qarşılıqlı ittihamlar və şərtlər də mütləq danışıqlar predmeti olacaq. Bu şərtlər də, təbii ki, müzakirə edilib. Eyni zamanda qeyd etmək lazımdır ki, danışıqların birinci raundu yanvarın 14-də Moskvada baş tutub və iki ölkə arasında 2020-ci ildə dayandırılmış hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər. Bundan sonra xüsusi nümayəndələr fevralın 24-də Vyanada ikinci dəfə görüşüblər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçirilən illik Diplomatik Forumda iştirak edən vaxt da məsələ müzakirə olundu. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi iddia edir ki, danışıqlarda Ermənistanla Türkiyə arasında sərhədin dəqiqləşdirilməsi ilə bağlı heç bir müzakirə, razılaşma yoxdur. Yəni danışıqların getməsinə baxmayaraq, hələ dəqiq bir fikir ortaya qoyulmayıb və təbii ki, burada həm Rusiyanın, həm də Qərbin maraqları var. Yəni maraq dairəsi mütləq şəkildə özünü büruzə verir və bu, Cənubi Qafqazda Azərbaycansız mümkün olmayacaq.
2009-cu ildə Ankara ilə İrəvan arasında Sürixdə imzalanmış protokollar Ermənistanın Azərbaycan ərazilərində işğalı davam etdirməsi səbəbindən ratifikasiya olunmadı. Həmin tarixdən ötən 13 il müddətində davam edən proseslər Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasətinin, Zəfərə aparan yolun məntiqi yekunu ilə başa çatdı. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni reallıqlar fonunda Ermənistanla münasibətlərin normallaşması şərtlərini açıqlayaraq dedi: “Biz bütün məsələləri Azərbaycanla birlikdə müzakirə edirik, bərabər qərar qəbul olunur. İndi biz səfir deyil, xüsusi nümayəndə təyin edirik, gələcəkdə vəziyyət normallaşarsa, Ermənistan baş verən son hadisələrdən dərs götürüb sülhü, əminamanlığı üstün tutarsa, prosesin gedişində səfirlik də açıla bilər. Bu məsələdə yenə də Azərbaycanla birlikdə qərar qəbul edəcəyik”.
Rəsmi Ankaranın bütün qərarları Bakı ilə birlikdə qəbul edəcəyi barədə bəyanatını nəzərə alsaq, İrəvan sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Zəngəzur dəhlizinin hüquqi rejimi üzrə danışıqlarda konstruktiv mövqe nümayiş etdirməlidir. Beləliklə, bütün proseslər İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar çərçivəsində davam edəcək. Artıq regionda çox güclü Azərbaycan və zəif Ermənistan var, Rusiyanın və Türkiyənin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması istiqamətində konstruktiv əməkdaşlığı mövcuddur. Eyni zamanda, Rusiya, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq aktorlar rəsmi Bakının sülh müqaviləsi imzalanmasına dair təklifini, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyirlər. On üç il əvvəl Sürixdə də əsas müzakirə mövzularından biri olmuş normallaşma prosesində Türkiyə-Ermənistan sərhədinin açılmasına gəldikdə, şübhəsiz ki, bu addım Naxçıvanla nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasından sonra atıla bilər”.
Məhəmmədəli QƏRİBLİ