Yunanıstan hökumətinin Qərbi Trakyada türk azlıqlara aid 4 məktəbi bağlaması Ankara və Afina arasında növbəti gərginliyə səbəb olub. Məsələyə Türkiyə ən yüksək s.viyyədə münasibət bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Yunanıstan son vaxtlar Lozanna Sülh Müqaviləsinin müddəalarını, xüsusən də türk milli azlığının hüquqları ilə bağlı müddəalarını qəsdən pozur.
Türkiyə dövlətinin başçısı xatırladıb ki, Lozanna Sülh Müqaviləsi Türkiyənin quru sərhədlərini müəyyən etməyə, Yunanıstandakı türk milli azlığının hüquqlarına zəmanət verməyə, Türkiyə sahillərindəki yunan adalarının silahsızlaşdırılmış statusunu təsdiq etməyə imkan verib. Ərdoğan vurğulayıb ki, ötən 99 il ərzində Türkiyə Lozanna Sülh Müqaviləsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri diqqətlə yerinə yetirdi: “Lozanna Sülh Müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasını diqqətlə izləyib. Lakin Yunanıstan son vaxtlar Lozanna Sülh Müqaviləsinin müddəalarını, xüsusən də türk milli azlığının hüquqları ilə bağlı müddəalarını qəsdən pozur. Türkiyə mehriban qonşuluq və razılaşmalara sadiqlik prinsiplərinə zidd olan belə bir vəziyyətlə barışa bilməz. Ankara bölgədə davamlı sülh və sabitliyin bərqərar olması, eləcə də türk xalqının hüquqlarının təmin edilməsi üçün hər cür səy göstərmək əzmindədir. Türkiyə Respublikanın yaranmasının və 2023-cü ildə qeyd olunacaq Lozanna müqaviləsinin imzalanmasının 100-cü ildönümünə inamlı addımlarla yaxınlaşan Türkiyə regional və qlobal məsələlərdə də mövqeyini gücləndirməkdə davam edir”. Türkiyəni narazı salan məqamlardan biri də Yunanıstanın Egey dənizindəki adaları silahlandırmasıdır. Bundan öncəməsələyə münasibət bildirən Ərdoğan qeyd edib ki, Yunanıstanın Egey dənizindəki adaları silahlandırması ortadadır: “Digər tərəfdən, hava məkanımızı daim pozurlar. İndi bizimlə razılaşmaq istəyən hava məkanımızı pozaraq bizi təxribata çəkərmi? Hələ üstəlik adalara da gedir. Oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı”.
Xatırladaq ki, Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi Ankara və Afina arasında gərginliyi uzun müddətdir artırmaqda davam edir. Buna əsas səbəb Yunanıstanın beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlilkləri pozaraq Türkiyə sahillərinə yaxın adaları hərbiləşdirməsidir. Məsələ burasındadır ki, Egeydəki adalar Yunanıstana verilərkən 1923-cü il Lozanna və 1947-ci il Paris razılaşmaları ilə adaların silahlandırılmaması şərti qoyulub. Lozanna danışıqlarında bu şərti ilk qoyan Türkiyə olub. Bunun səbəbi kimi yunan ordusunun məğlubiyyətə uğraması ilə nəticələnən Türkiyənin “1919-1922-ci il Anadolu yürüşünün təkrarlanma ehtimalının qarşısının alınması” göstərilib və Yunanıstan bu şərti qəbul edib. 1947-ci il Paris müqaviləsi İkinci Dünya müharibəsinin qalibləri arasında imzalanıb. Bu müqavilə ilə müharibədə məğlub olan dövrün faşist İtaliyasının işğalı altında olan adalar yenidən qalib ölkələr sırasında olan Yunanıstana verilib. Amma o şərtlə ki, yunan tərəfi adaları silahlandıra, onlardan hərbi məqsədlər üçün istifadə edə bilməz. Bununla belə, yunan tərəfi bu müstəvidə öhdəliklərini pozur. Bunun ardınca Qərbi Trakyada türk azlıqların hüquqlarının yunan tərəfindən pozulması vəziyyəti daha da ağırlaşdırır. Hesab edilir ki, bu hal yunan-türk gərginliyinin savaşa çevrilmə ehtimalını daha da yüksəldir. Bundan isə NATO rəhbərliyi ciddi narahatdır. NATO baş katibi Yens Stoltenberq məsələ ilə bağlı bildirir: “NATO müxtəlif coğrafiyası, tarixi və siyasi partiyaları olan 30 ölkənin ittifaqıdır. Bəzən ölkələrimiz arasında kəskin fikir ayrılıqlarının olması bizi təəccübləndirməməlidir. Fərqli baxışlar və müzakirələr bizim demokratiyamızın vacib hissəsidir. Həm Yunanıstan, həm də Türkiyə onilliklərdir ki, müttəfiqlərdir və hər gün Yunanıstan və Türkiyə ən aktual təhlükəsizlik çağırışlarına cavab vermək üçün 28 digər müttəfiqlə birlikdə NATO-da birgə çalışır. Aralıq dənizi NATO üçün həyati əhəmiyyət kəsb edir. Yunanıstan, Türkiyə, bir çox müttəfiqlər və digər ölkələr burada müntəzəm olaraq fəaliyyət göstərir. Keçmişdə Yunanıstan və Türkiyə qüvvələri arasında insidentlər olub və biz gələcəkdə belə insidentlərin risqini azaltmaq üçün əlimizdən gələni etməliyik. Belə halların təkrarlanmaması hər kəsin marağındadır”. O, 2020-ci ildə NATO-nun Şərqi Aralıq dənizində insident riskini azaltmaq üçün Yunanıstan və Türkiyə arasında xüsusi hərbi mexanizminin yaradılmasına köməyi xatırladıb: “Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını etimad və müttəfiq həmrəyliyi ruhunda həll etməyə çağırırıq. Bu, təmkin və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinmək deməkdir. Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin Avropada sülhü pozduğu bir vaxtda müttəfiqlər üçün birləşmək daha vacibdir”.
Nahid SALAYEV