Qırğızıstanda 5 Orta Asiya dövləti başçılarının sammiti keçirilib və yekun sənəd imzalanıb. Rusiya-Ukrayna müharibəsinədək Kremlin orbitində olan postsovet ölkələri mərkəzdənqaçma, daha doğrusu, Moskvadan uzaqlaşma yolunu seçiblər.
Bu proseslər bir zamanlar Kremlin daha ciddi təsir dairəsində olan Orta Asiya ölkələrində də baş verməkdədir. Son aylarda bu proses daha da sürətlənməkdədir. Odur ki, Orta Asiya ölkələri də yeni dünya düzənində və Avrasiya coğrafiyasında baş verən geosiyasi proseslərə adekvat addımlar ataraq, optimal çıxış yolları aramaqdadır. Yaranmış durumu dəyərləndirmək və gələcəyə doğru atılacaq addımları müəyyən etmək üçün Qırğızıstanda Orta Asiya ölkələrinin sammiti keçirilir.
Onu da qeyd edək ki, Orta Asiya dövlət başçılarının ilk məşvərət görüşü hələ 2018-ci ildə Nur-Sultanda (Qazaxıstan), bir il sonra ikinci görüş Özbəkistanda, üçüncü görüş 2021-ci ildə Türkmənistanın ev sahibliyi ilə keçirilib. İndi tədbir Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilir. Prezidentlərin görüşündən bir gün əvvəl xarici işlər nazirliklərinin nümayəndələri arasında görüş keçirilib. Onlar qarşıdan gələn danışıqların gündəliyini təsdiqləyib və yekun saziş layihəsini hazırlayıblar.
Mediaya sızan məlumatlara görə, bu gün işini yekunlaşdıracaq sammitin nəticəsi olaraq region ölkələrinin sıx koordinasiya olunmuş şəkildə əməkdaşlığı - “Mərkəzi Asiya İttifaqı”nın yaradılması nəzərdə tutulur.
Beş Orta Asiya ölkəsinin Putinsiz bir araya gəlməsi petspektiv üçün nə vəd edir?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Mərkəzi Asiyadakı ən son geosiyasi həyəcanlanmaların bir sıra səbəbləri də var: “Ukrayna ilə baş verən müharibədən sonra həmin ölkələr yumşaq sürüşmələr etməyə can atırlar. Ukrayna müharibəsindən əvvəl Tokayev baş verən etirazları yatırmaq üçün KTMT-ni, yəni faktiki olaraq Rusiyanı ölkəsinə dəvət etmişdisə, bundan bir müddət sonra Putinə açıq meydan oxudu. Mərkəzi Asiya ölkələrinin Rusiya ilə münasibətlərindəki ən yeni ziddiyyətlər Rusiya-Ukrayna müharibəsindən sonra başlayıb.
Bu regionu Rusiyanın siyasi orbitində saxlayan başqa məqamlar da mövcuddur. Ən əsas səbəb budur ki, region dövlətlərinin liderləri öz hakimiyyətlərini itirmək istəmirlər, ona görə də Rusiyadan çox da uzaqlaşa bilmirlər. Elə prezident Tokayevin özü bir az problem yaranandan sonra KTMT-ni ölkəsinə çağırdı. Rusiya bunu dərk etdiyi üçün arada ora barmaq uzadır. Özbəkistanın Qaraqalpaqstan vilayətində başlayan aksiyalarda Rusiyanın əli açıq göründü. Qaraqalpaqstanda Rusiyanın təsiri və nüfuzunun çox olduğu deyilir. Düşünmürəm ki, bu 5 ölkə Rusiyaya açıq şəkildə meydan oxumaq fikrinə düşəcək. Həssas regiondur. Çinin də həmin ölkələrlə bağlı marağı var. Rusiya həmin regionu asanlıqla güzəştə gedən deyil”.
Məhəmmədəli QƏRİBLİ