“Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir”. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Prezident İlham Əliyevlə görüşündə bəyan edib.
Onun sözlərinə görə, hazırda yeni ikitərəfli saziş üzərində iş gedir: “Ümid edirik ki, iş tezliklə yekunlaşacaq. Onun məqsədi iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı genişləndirməkdir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir. Biz bunu genişləndirmək istəyirik. Biz 2024-cü ilə qədər 60 milyon avro həcmində Avropa İttifaqı sərmayəsini Azərbaycana yatıracağıq, iqtisadi və sərmayə planı 2 milyard avroya qədər əlavə sərmayənin səfərbər edilməsi potensialına malikdir. Həmin plan artıq icra olunur və Azərbaycanda təqribən 25 min kiçik və orta şirkətə dəstək verir. Həmçinin Bakı limanının dayanıqlı nəqliyyat qovşağına çevrilməsinə töhfə verilir”.
Görünən odur ki, Avropa İttifaqı Azərbaycanın vacib tərəfdaş olduğunu nəzərə alaraq ölkəmizə sərmayə qoyuluşunu artırmaq istəyir.
“Elə bir əlverişli zəmin olmalıdır ki, Avropa ölkələri Azərbaycana sərmayə qoymağa maraqlı olsunlar”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli hesab edir ki, Aİ rəsmisinin sərmayə qoyuluşu ilə bağlı fikirləri bir sıra mesajları özündə ehtiva edir: “Əvvəla, Avropa İttifaqı böyük sərmayə imkanlarına malikdir. Azərbaycanın neft-qaz sektoruna yetərincə kapital qoyulub. Bizim üçün əsas olan odur ki, Aİ qeyri-neft sektoruna ciddi həcmdə sərmayə qoyulsun. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin açıqlamasından belə məlum oldu ki, bununla bağlı müəyyən işlər görülməli, islahatlar aparılmalıdır. Başlıca məsələ Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli sazişin imzalanmasıdır. Fikrimcə, saziş imzalanandan sonra sərmayələrin gəlməsi sürətlənə bilər. Çünki Azərbaycan Aİ üçün başlıca enerji mənbəyidir. Başqa bir tərəfdən, Aİ sərmayəsini cəlb etmək üçün iqtisadiyyatda islahatlar dərinləşdirilməlidir. Elə bir əlverişli zəmin olmalıdır ki, Aİ ölkələri Azərbaycana sərmayə qoymağa maraqlı olsunlar. Bura qanunvericilikdən tutmuş, vergilərə qədər bir sıra məsələlər daxildir. Nəzərə alsaq ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması üçün böyük sərmayəyə ehtiyac var, o zaman bu sahədə ciddi işlər görülməlidir. Yalnız o halda Avropadan böyük həcmli sərmayələr gələ bilər”.
Bir sözlə, ekspert hesab edir ki, sərmayə cəlbi üçün əlverişli zəmin olmalıdır.
Vidadi ORDAHALLI