Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 10 noyabr 2020-ci il bəyanatının tələbinə uyğun olaraq Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisindən çıxması barədə açıqlaması gündəmin hələ də ən əsas mövzularından biri olaraq qalır. Onun açıqlamalarının Azərbaycanın xəbərdarlığından sonrakı dövrə təsadüf etməsi bu mənada daha çox diqqət cəlb edir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı konkret mesajlar verib: “10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bugünə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək”. Bununla Azərbaycan bildirib ki, Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılması üçün hərbi əməliyyatlara start verə bilər. Bunun isə ermənilər üçün nə ilə nəticələnəcəyini təsəvvür etmək elə də çətin deyil. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu fonda bildirir ki, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisindən çıxarılması sentyabr ayına kimi başa çatacaq: “Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağ “müdafiə ordusu”nun köməyinə gəldi. Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsindən sonra Ermənistan ordusunun bölmələrinin Qarabağdan çıxarılması tamamilə təbiidir”.
Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyan bildirir ki, Bakı yenidən istəyinə nail olur: “Ermənistan Azərbaycanın tələbini yerinə yetirməyə tələsdi. Armen Qriqoryanın müsahibəsi sadəcə olaraq onun Azərbaycan prezidentinə cavabıdır. Bu, Ermənistanın Qarabağ ərazisində hərbi mövcudluğunun olmayacağının və Ermənistan hakimiyyətinin mövqeyinin ictimai təsdiqidir. Həm də bununla Qarabağdakı ermənilər müdafiəsiz qalacaq. Bu bəyanat təsadüfi deyil, çünki daha əvvəl İlham Əliyev də erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tam çıxarılmaması barədə bəyanatı ilə Rusiya tərəfini tənqid edib. Beləliklə, Ermənistan hakimiyyəti Əliyevin və Türkiyə hakimiyyətinin bütün tələb və ilkin şərtlərini addım-addım yerinə yetirməkdə davam edir. Eyni zamanda, bu bəyanatda başqa bir təhlükə də var. Bununla onlar Ermənistan vətəndaşlarını qorxutmağa, onları “Qarabağ müdafiə ordusu”nda xidmət üçün müqavilə bağlamaqdan çəkindirməyə çalışırlar. Çünki hadisələrin gözlənilməz inkişafı halında Ermənistan hökuməti “vətəndaşları”ndan əl çəkəcək, əgər Allah eləməsin, Azərbaycan tərəfinə keçsələr, onların müdafiəsini təmin etməyəcək”. İnformasiya təhlükəsizliyi üzrə ekspert Karen Vrtanesyan isə məsələni belə qiymətləndirir: “Armen Qriqoryan: “Qarabağın “müdafiə ordusu”na Ermənistandan müqaviləli əsgərlər çağırılmır. Lazım gələrsə, Qarabağ müqaviləli hərbçilərin cəlb olunmasını yerindəcə təşkil edir”. Bu, Ermənistanın Təhlükəsizlik Şurasının qondarma katibidir... Onun bəyanatından əslində belə çıxır ki, Ermənistan qeydiyyatında olan əsgər Qarabağ ərazisində düşmən tərəfindən əsir götürülürsə, deməli Ermənistan heç bir şəkildə onun üçün məsuliyyət daşımır, çünki “Ermənistandan olan müqaviləlilər Qarabağda xidmət etmək üçün çağırılmırlar”. Ümumiyyətlə, onun müsahibəsinin bütün mahiyyəti belədir: Qarabağlılar necə istəyirlər, elə də vəziyyətdən çıxsınlar”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan yenə də vaxt uzatmağa cəhd edərsə, Azərbaycanın rusların nəzarətində olan ərazidə antiterror, sülhə məcburetmə, təmizləmə və sair kimi əməliyyatlardan ən azı birini həyata keçirmək üçün ciddi əsasları yaranacaq. Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi son bəyanatlar Ermənistan tərəfində çaxnaşmaya, narahatlığa səbəb olub: “Məhz bunun nəticəsidir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması ilə bağlı tələm-tələsik mediaya müsahibə verib. Halbuki, bu fəaliyyət 1 il 8 ay bundan əvvəl həyata keçirilməli idi. Qriqoryanın bəyanatının biz hələ ki, yalnız sözlərdən ibarət olduğunu görürük. Onların həyata keçirildiyini nümayiş etdirən görüntülər hələ də təqdim olunmayıb. Ermənistan tək şəxsi heyəti deyil, ağır, yüngül və zirehli texnikaları, o cümlədən artilleriya sistemlərini də tamamilə həmin ərazidən çıxarmalıdır. Əgər bu proseslər yaxın gələcəkdə real nəticə verməzsə, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri terrorçulardan təmizləmək üçün aktiv hərəkətə keçəcəyi şübhəsizdir”.
Nahid SALAYEV