“Enerji sahəsində apardığımız fəal əməkdaşlığın on beş ildən artıq tarixi var”. Bunu Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.
Ölkə başçısının fikrincə, tərəflər arasında imzalanan Memorandum birinci sənəd deyil: “Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir”.
Bütün bu deyilənlərin fonunda enerji sahəsində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı bir mərhələ idi. Söhbət indiki əməkdaşlığın 15 il əvvəl qurulan əməkadaşlıqdan fərqli olmasından gedir. Yəni indi tərəflər arasında qurulan əməkdaşlıq daha geniş və mükəmməldir, enerji dialoqu mərhələsinə keçib.
Maraqlıdır, enerji dialoqunun əhəmiyyəti nədən ibarətdir? Yanvardan başlanan bu mərhələnin özəl xüsusiyyətləri nədən ibarətdir və əvvəlki dövrlərdən nə ilə fərqlənir?
“İndi elə bir vəziyyət yaranıb ki, ölkəmizdən daha çox qaz idxal etmək zərurətə çevrilib”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, ortada çox ciddi fərq var: “Məsələ ondadır ki, 2000-ci illərin ortalarında Avropanın Azərbaycandan enerji təchizatı ilə bağlı gözləntiləri indiki kimi böyük deyildi. Başlıca fərq bundan ibarətdir. O vaxt, xüsusən də qazla bağlı elə bir böyük gözlənti yox idi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildi. O vaxt Vladimir Putun prezident olsa da, Rusiya-Qərb münasibətləri gərgin deyildi. Avropada kimsə təsəvvür edə bilməzdi ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edəcək, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayacaq. Ara-sıra Rusiya Avropanı qazla şantaj edirdi, amma buna o qədər də ciddi yanaşmırdılar. İndi isə Avropa İttifaqı kimi böyük bir qurum enerji təchizatında Azərbaycana əsas mənbə kimi baxır. İnsafən, 15 il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Baxmayaraq ki, Azərbaycanın Avropanın enerji təchizatında hazırda payı hardasa 2 faizdir. Ancaq indi elə bir vəziyyət yaranıb ki, Azərbaycandan daha çox qaz idxal etmək zərurətə çevrilib. Düzdür, Azərbaycan Avropanın qaza olan tələbatını tam ödəyə bilməz. Lakin Avropa İttifaqı Azərbaycana həm də enerji habı kimi baxır. Əsas hədəf həm də Türkmənistan və mümkün olarsa İran qazını Azərbaycan üzərindən Avropaya çıxarmaqdır. Azərbaycan bununla bağlı kilid ölkə rolunda çıxış edir”.
Partiya sədri hesab edir ki, bütün bunlar çox önəmli məqamlardır.
Vidadi ORDAHALLI