İyulun 18-də İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin görüşü olub. Görüş zamanı tərəflərin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən Cənubi Qafqazda gedən prosesləri müzakirə elədikləri bildirilir. Ondan bir gün əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Vilyam Berns İrəvana səfər edib. Səfərdə nələrin müzakirə olunması barədə rəsmi məlumat yoxdur.
Bir-iki gün fərqi ilə əvvəlcə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, sonra isə RusiyaXarici Kəşfiyyat İdarəsi rəhbərləinin İrəvana gəlməsi müəyyən müzakirələrə səbəb olub. Belə versiyalar var ki, guya onlar İrəvanda Ukrayna ilə bağlı müzakirələr aparıblar. Ermənilər iddia edirlər ki, guya Ermənistan ABŞ-la Rusiya arasında Ukrayna mövzusunda vasitəçilik edir. Yəni məxfi danışıqlar üçün İrəvanı seçiblər.
Maraqlıdır, bütün bu deyilənlər nə qədər doğru ola bilər? Bir gün fərqlə iki ölkə kəşfiyyat rəhbərlərinin Ermənistana gəlməsi nə ilə bağlı ola bilər? Nəyə əsasən Ermənistanın vasitəçiliyi ortaya atılır? Adətən Rusiya ilə ABŞ arasında vasitəçilik məsələsində Azərbaycanın çox böyük təcrübəsi var. Dəfələrlə NATO və Rusiya rəsmiləri, ABŞ-Rusiya müdafiə nazirliklərinin baş qərərgah rəisləri Bakıda bir araya gəliblər. Xüsusən də Suriya məsələsi ilə bağlı bir neçə dəfə görüş olub. Üstəlik, ortada ciddi nəticələr də var idi. Yəni Ukrayna mövzusunda vasitəçiliyə ehtiyac olsa, Azərbaycan daha uyğun ölkədir, nəinki Ermənistan. O baxımdan Ukraynaya görə bir gün fərqlə 2 kəşfiyyat rəhbərinin buraya gəlməsi inandırıcı deyil. O zaman onlar niyə İrəvana gəliblər? Nə baş verir?
“Türkiyə ilə normallaşmaya görə Paşinyan iqtidarına qarşı sui-qəsd ola bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunun səbəbini belə izah etdi: “Ermənistana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədrinin səfəri, ardınca Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri Narışkinin səfəri xüsusi diqqət ediləsi məsələdir. Ermənistanın Türkiyə ilə danışıqları və müəyyən dərəcədə əldə edilmiş nəticələr, həmçinin bu ölkədə ABŞ biolabaratoriyalarının Rusiya tərəfindən bağlanılması tələbi Vaşinqtonun Ermənistana diqqətinin artmasına səbəb olub. Qeyd edim ki, bu gün regionda sülhün əldə edilməsi Ermənistanın siyasi iradəsindən asılı olan məsələdir. Çünki Ermənistan Azərbaycana qarşı ərazi iddialarınadan əl çəkməyincə regionda sülhün əldə edilməsi perspektivi yoxdur. Ermənistan üzərində ABŞ-Rusiya rəqabəti regionda ümumi təhlükəsizliyə təsir edir. 30 ildir ki, məhz Ermənistan amilinə görə regionda destabilizasiya hökm sürüb. Ermənistanın Rusiya təsirindən çıxarılması Türkiyə və Azərbaycanla sülhün əldə edilməsinə gətirib çıxarcaq. ABŞ MKİ sədrinin Ermənistan səfəri, əsasən, bir neçə amilə söykənə bilər. Birinci, ABŞ Ermənistanın Rusiyanın təsirindən çıxması üçün ilk növbədə Türkiyə ilə əlaqələrin normallaşmasına dəstək verir. Türkiyə ilə normallaşmaya görə Paşinyan iqtidarına qarşı sui-qəsd ola bilər. MKİ rəhbəri Rusiya tərəfindən olan təhlükələri Paşinyanın diqqətinə çatdırmaqla, ona tam təhlükəsizlik zəmanəti verilə bilər. İkinci, ABŞ biolabaratoriyalarının Rusiyanın baxışına verilməməsi. Üçüncü, Ermənistan daxilində siyasi proseslərdə qeyri-müəyyənlik var. Müxalifət parlamenti boykot edir. Bu istiqamətdə Paşinyana tam dəstəyin göstərilməsi. Narışkin məhz ABŞ kəşfiyyat rəisinin səfərindən narahat olaraq Ermənistana gələrək dəqiqləşdirmələr aparır. Ermənistan Ukrayna üzrə vasitəçi ola bilməz. Bu, Ermənistanin çapı üçün deyil. Ortada Türkiyə var. Bundan əvvəl Azərbaycan var. Rusiyanın forpostu olan bir ölkə ilə ABŞ bu məsələni müzakirə etməz”.
O baxımdan politoloq hesab edir ki, sadəcə, Paşinyana ciddi təlimatlar vermək üçün ABŞ baş kəşfiyyatçısı ora gedin.
Vidadi ORDAHALLI