Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da ilk dəfə ikitərəfli formatda Tbilisidə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunulub:
“Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar”.
Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə önəm verdiklərini vurğulayıblar.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Mirzoyan və Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə edib. Bununla əlaqədar tərəflər əvvəllər üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıb.
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü müsbət addım kimi qiymətləndirib:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da Tbilisidə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”.
Maraqlıdır ki, Rusiyanın birbaşa təmasla bağlı heç bir açıqlaması yoxdur. Belə birbaşa dialoq Moskvada hansı reaksiyanı doğura bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Moskva bu istiqamətdə nəticənin əldə olunmasını mümkün qədər tormozlamağa çalışır: “Təbiidir ki, tərəflərin arasında baş tutan birgə təmaslar onun bu istəyinə ciddi mane olur. Prosesi ləngitmək xəttini seçib. Çünki problemin dondurulması Moskva üçün əsas xətdir. Bununla Moskva hər iki tərəfə təzyiq etmək kimi imkanları özündə saxlayır. Erməni tərəfinin özü də aşağı baxanda saqqal, yuxarı baxanda isə bığ görür. Bir tərəfdən Rusiyadan qorxur, digər tərəfdən isə iqtisadi vəziyyətini düzəltmək üçün kommunikasiyaların açılmasını istəyir. Bunlar da Azərbaycanla imzalanacaq Sülh Sazişindın xeyli asılıdır. Onlar probleminin çoxunu yalnız bu yolla həll edə bilərlər. Çox gərgin görüş olub. Bəzi istiqamətlər üzrə razılıqlar əldə olunub. Xüsusilə də belə təmasların davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Hətta çalışırlar ki, ölkə rəhbərlərinin də təkbətək görüşünü təşkil edə bilsinlər. Bu nöqteyi nəzərdən bu görüşü həm alqışlayan, həm də nəticəsiz sayanlar da tapılır. Danışıqlar prosesini irəlilədə biləcək bir formatdır. Rusiya, təbiidir ki, belə formata qarşıdır. Bunu birmənalı söyləmək olar. Rusiya bütün dünyanın gözündən düşüb. Onun siyasi elitası açıq şəkildə neoimperiya siyasətini tam leqal şəkildə həyata keçirir. Buna görə də onun iştirakından kənarda nəyinsə razılaşdırılmasını istəmir”.
Məhəmmədəli QƏRİBLİ