“Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur”. Bunu Prezidenti İlham Əliyev iyulun 15-də ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
Ölkə başçısının sözlərinə görə, iyulun 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək: “Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb”.
Məlum olduğu kimi, Azərbaycan işçi qrupunun yaradılması ilə bağlı üzərinə düşən işləri görüb. Maraqlıdır, Ermənistan niyə bunu gecikdirir? Sülh sazişi imzalamaq üçün danışıqlarda niyə maraqlı deyil və işci qrupunu formalaşdırmır? Halbuki, mayın 22-də Brüsseldə keçirilən görüşdə belə bir razılıq var idi ki, yaxın həftələr ərzində sülh danışıqları başlamalıdı. Azərbaycan işçi qrup yaradıb, amma Ermənistan hələ yaratmayıb. Niyə?
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, burada bir sıra amillər prosesin uzanmasına təsir göstərir: “Əvvəla, Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündən ciddi nəticələr gözləməyə dəyməz. Baxmayaraq ki, biz bunun müsbət nəticə verməsini arzulayırıq. Problem ondadır ki, rəsmi İrəvan indiki şəraitdə sülh sazişinin imzalanmasında maraqlı deyil. Onlar hesab edir ki, Ermənistan müharibədə ciddi məğlubiyyətlə üzləşdiyi üçün indiki şəraitdə sülhə getmək ermənilər üçün məqbul deyil. Hələ də ümid edirlər ki, guya Ukrayna müharibəsindən sonra dünyada yaranacaq geosiyasi vəziyyət onların xeyrinə olacaq. Bəlkə o zaman sülh sazişi imzalamaq daha məqsədəuyğun olar. Məhz buna görə işçi qrupunu yaratmırlar, delimitasiya ilə bağlı ikinci görüşü yubadırlar və s. Nəzərə almaq lazımdır ki, bir vaxtlar hakimiyyətdə təmsil olunan yüksək rütbəli şəxslər də sülh sazişinin yubadılması ilə bağlı çağrışlar edirlər. Onların da arqumentləri bənzərdir. Bəs indiki şəraitdə sülh sazişi imzalamaq Ermənistan üçün məqbul deyil. Digər tərəfdən, erməni diasporu və Ermənistanı himayə edən dairələr də prosesə mane olurlar. Çünki həmin dairələr maraqlı deyil ki, regionda sabitlik olsun. Sülh sazişinin imzalanması Minsk Qrupu səhifəsinin birdəfəlik bağlanması deməkdir. Təəssüf doğuran məqam odur ki, aparıcı dövlətlər sülh sazişi ilə bağlı Ermənistana təzyiq göstərmirlər. Ermənistan hakimiyyətinin prosesi uzatmasının bir səbəbi də bununla bağlıdır”.
Ən nəhayət partiya sədri onu da əlavə etdi ki, Ermənistan növbəti dəfə prosesi uzadarsa, o zaman növbəti “Dəmir yumruğu” bu ölkənin başına endirmək lazımdır.
Vidadi ORDAHALLI