Məlum olduğu kimi, Rusiyanın enerji resurslarını Qərblə mübarizədə silah kimi isitifadə etməsindən sonra Avropa Azərbaycandan daha böyük həcmdə təbii qaz idxalına nail olmaq istəyir. Azərbaycan isə bunun üçün yeni müqavilələrə ehtiyac olduğunu bildirir və görünən odur ki, Bakının bu tələbi ilə Avropa razılaşıb.
Yayılan məlumatlara əsasən, Avropa Komissiyası Avropa İttifaqı ölkələrinə təbii qaz idxalını artırmaq məqsədilə Azərbaycanla saziş və qazın həcmini artırmaq üçün boru kəmərinin genişləndirilməsinə dəstək verməyi təklif edib. “Reuters” agentliyi müvafiq saziş layihəsinə istinadən qeyd edir ki, tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Avropa İttifaqına ixrac da daxil olmaqla, 2027-ci ilədək “Cənub Qaz Dəhlizi” ilə ildə azı 20 milyrad kubmetr təbii qazın ticarətini təşviq edəcək. Bu zaman ixracın əsas hissəsi məhz Avropa İttifaqına olacaq. Məlumata görə, iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də məzmunu dəyişə bilən Anlaşma Memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir. Hər iki tərəf Avropaya tədarükün artırılıması üçün bu şəbəkənin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq edəcək. Sənəddə deyilir ki, gələcək qaz müqavilələri iqlim dəyişiklikləri ilə bağlı Avropa İttifaqının hədəfləri ilə razılaşdırılmalıdır. Bundan başqa, sənəd layihəsində qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin vacibliyi vurğulanıb. “EUobserver” nəşri isə yazır ki, Azərbaycan hökuməti ilə Avropa İttifaqının təbii qaz idxalının artırılması və “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini müzakirə etmək üçün Aİ-nin enerji üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır. Bu səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar. Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən “Transadriatik” qaz boru kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb. Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır. TAP konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər. Avropa İttifaqı məhz sonuncu variantın reallaşmasında maraqlıdır.
Yeni saziş Azərbaycana əlavə imkanlar yaradır ki, Avropa İttifaqı ilə əməkdaşlığı daha da genişləndirsin. İqtisadçı ekspert Natiq Cəfərli də qeyd edir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı yeni qaz sazişi hər iki tərəf üçün çox önəmlidir. Onun sözlərinə görə, indiki qaz böhranında alternativ enerji mənbələrinin çoxaldılması, çoxşaxəli təchizat modellərinə keçid Avropa İttifaqı üçün həyatı əhəmiyyət kəsb edir: “Azərbaycan üçün də əməkdaşlığın genişləndirilməsi önəmlidir. Çünki Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana yeni investisiyaların, texnologiyaların gəlişi, əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə səbəb olan faktora çevriləcək”. Bu sazişin Azərbaycan üçün Rusiya faktoru baxımından hansı təhlükələr yarada biləcəyi sualına gəldikdə isə, ekspert deyir ki, Kremlin bu məsələlərə isti baxmadığı məlumdur: “Sadəcə, burada həcm məsələsi var. Rusiyanın Avropa İttifaqına müharibəyə qədər göndərdiyi qazın həcmi 175-180 milyard kubmetr idi. Azərbaycanın o qədər həcmi yoxdur. Ona görə də Rusiya kifayət qədər qıcıq olsa da, bu məsələlərə həcmlərin az olması hələlik Moskvanın çox da aqressiv davranmasının qarşısını alır. Azərbaycana da müəyyən imkanlar, fürsətlər yaradır ki, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirsin. Azərbaycan TAP və TANAP vasitəsilə Avropaya keçən il 9.2 milyard kubmetr qaz tədarük edib. Bu il isə 11 milyarda yaxın qaz tədarük etməsi planlaşdırılır. Amma bu həcmi iki dəfə artırmaq mümkündür. Hətta yeni texnologiyaların tətbiqi həcmi 24-25 milyard qədərə də artırmağa imkan verir. İndiki danışıqlar və imzalanacaq müqavilələr yeni texnologiyaların tətbiqi ilə həcmlərin genişləndirilməsini nəzərdə tutur. Bu, Azərbaycanı həm də tranzit ölkəyə çevirə bilər. Yəni ətraf ölkələrin qaz resurslarını Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çatıdırılması imkanları genişlənəcək”. Beləliklə, Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir. 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.
Ramil QULİYEV