Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra yüzlərlə beynəlxalq şirkət bu ölkədəki fəaliyyətini dayandırıb. Bu şirkətlərin gedişi Rusiya iqtisadiyyatı üçün ciddi problem hesab edilir.
Məsələ burasındadır ki, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandəran şirkətlərdə az qala 8 milyona yaxın Rusiya vətəndaşı çalışırdı. Həmin şirkətlərdə müqavilə ilə çalışan çoxsaylı rusiyalıların da olduğunu nəzərə alsaq, toplamda ölkədə 15-16 milyon Rusiya vətəndaşı bu şirkətlərin gedişindən zərər görür. Daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı, indi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalıb. Belə vəziyyətdə maraq doğuran məqam Rusiyanı tərk edən şirkətlərin cəlbi istiqamətində bəzi ölkələrin fəaliyyətini genişləndirməsidir. Məsələn, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qeyd edir ki, Qazaxıstan hökuməti Rusiya bazarını tərk edən xarici şirkətləri cəlb etmək üçün əlverişli şərait yaratmalıdır. Bu barədə artıq müvafiq göstəriş verən Kasım-Jomart Tokayev bildirir: “Biz investisiya kapitalı üçün qlobal mübarizənin şahidiyik. 1400 iri xarici şirkətdən hər ikincisi Rusiya bazarında öz fəaliyyətini ya dayandırıb, ya da oranı tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır”. Eyni zamanda, Qazaxıstan lideri belə bir təşəbbüsün orta və yuxarı təbəqəli malların istehsalını artıracağına inanır. Qeyd edək ki, Kasım-Jomart Tokayev bundan əvvəl hökumətə emal sənayesi üzrə investisiya layihələrinin siyahısının hazırlanması və potensial investorlarla birgə işləmək barədə göstəriş verib.
Daha öncə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara Rusiya bazarından çıxan qlobal şirkətləri qəbul etməyə hazırdır: “Rusiyanı təkcə Amerika şirkətləri deyil, bir çox dünya brendləri də tərk edir, təbii ki, ölkəmizin qapıları onların üzünə açıqdır, gəlsinlər. Bundan əlavə, ölkəmizə gəlib biznesini bizdə yerləşdirmək istəyən müəyyən kapital qrupları var. Təbii ki, biz onların üzünə qapıları bağlı saxlamırıq. Bizim qapılarımız onların da üzünə açıqdır”. Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanı tərk edən qlobal şirkətləri ölkəsinə dəvət edib: “Rusiyadan çıxan istənilən şirkət Ukrayna bazarına daxil ola bilər, şirkətlər azadlığı tam dəstəkləməklə bundan faydalanacaqlar”. Digər bir sıra ölkələr də Rusiyanı tərk edən şirkətlərin cəlbi istiqamətində fəal iş aparır. Hesab edilir ki, Azərbaycan da bu prosesə xüsusi diqqət ayırmalıdır. Eyni zamanda məlumdur ki, rus oliqarxlar və varlı təbəqə indi xaricdə daşınmaz əmlak alışına da xüsusi diqqət edir. Məsələn, Dubayda daşınmaz əmlak bazarının analizilə məşğul olan şirkətlərin məlumatlarına görə, bu ilin birinci rübündə rusiyalı alıcıların payı Birləşmiş Ərəb Əmirliklərində 67 faiz artıb. Bildirilir ki, səbəb Qərb sanksiyalarının varlı rusiyalıları bir çox başqa ölkələrdə biznes qurmaq imkanından məhrum etməsidir. Hazırda Rusiya dünyada ən çox sanksiya tətbiq edilən ölkədir. Bu baxımdan Rusiya İran, Suriya, Şimali Koreya kimi ölkələri belə qabaqlayıb. Belə vəziyyətdə ruslar üçün biznes və ticarət imkanı olan ölkələrə diqqət artır. Bunu yenə Dubay timsalında görmək olar. Brokerlərin hesablamalarına görə, rusiyalılar 2022-ci ilin ilk üç ayında Dubayda təxminən 12 milyard dollar xərcləyiblər. BƏƏ Rusiya ilə Ukrayna arasındakı münaqişədə neytral mövqe tutub. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, ölkədəki bütün təşkilatlar, ilk növbədə maliyyə qurumları müharibədən və onun nəticələrindən qaçmış rusiyalılara və ukraynalılara eyni səviyyədə xidmət göstərir. Rusiyanın imkanlı şəxsləri, Dubayla yanaşı, Türkiyəyə də çox maraq göstərirlər. Rusiyalılar, əsasən Antalya, Alanya və Mersin bölgələrində əmlak almağa maraq göstərirlər. Türkiyənin böyük şəhərləri turizm mənbəyi olan yerlərdir, dünyanın hər istiqamətindən bura axın var. Bu baxımdan, iş adamları üçün də münbit şərait mövcuddur. Digər tərəfdən, Türkiyə illər əvvəl öz Mülki Məcəlləsinə dəyişiklər edib. Buna əsasən, xarici vətəndaşlar bu ölkədə həm daşınmaz əmlak, həm də torpaq sahəsi ala bilər, müxtəlif biznes sahələrindən də yararlanmaları mümkündür. Bütün bunlar BƏƏ, Türkiyə iqtisadiyyatına xeyli vəsait qazandırır. Hesab edilir ki, Azərbaycanın da bu məsələyə xüsusi diqqət yetirməsi olduqca vacibdir. Azərbaycanda rusdilli məktəblərin çoxluğu, bu ölkə ilə olan yaxınlıq iş adamlarının burada yatırım etməsi və ya yaşaması üçün əlverişli şərait yaradır. Deməli, Azərbaycan digər ölkələrlə müqayisədə daha çox üstünlüyə malikdir.
Samirə SƏFƏROVA