Son günlərdə Ermənistan tərəfindən sərhəd zonasında atəşkəs hallarının yenidən intensiv şəkildə pozulması halları müşahidə edilir. Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Son günlərin statistikası Ermənistan tərəfindən Kəlbəcər rayonu istiqamətində atəşkəs hallarının daha çox pozulmaqda olduğunu göstərir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, əməkdaşlıq münasibətlərinin yaradılmasına hazırlıq getdiyi bir vaxtda İrəvanın nədən vəziyyəti gərginləşdirməyə çalışması xüsusi maraq doğurur. Ekspertlər hesab edir ki, əslində, Ermənistanda revanşist qüvvələrin hələ də orduya təsir imkanları var. Onlar Azərbaycanla sülh əldə olunmasına qarşı çıxır və ordudan da məqsədləri üçün yararlanmağa cəhd edirlər. Ermənistanda mövcud hakimiyyət isə prosesə fərqli yanaşır. Hazırda Ermənistan siyasətində bölgədə yaranan yeni hərbi-siyasi vəziyyətin şərtlərini ən yaxşı qavrayan Nikol Paşinyan iqtidarı Azərbaycan və Türkiyə ilə normallaşmanı təmin etmənin erməni milli maraqları baxımından qaçılmaz zərurətə çevrildiyini qəbul edir. Paşinyan və komandası 44 günlük müharibə dövrü Azərbaycan ordusunun gücünü, döyüş qabiliyyətini görüb. Rəsmi İrəvan nəzərə alır ki, həmin müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi güc balansı yaranıb. Azərbaycanla qardaşlıq ittifaqını dərinləşdirən Türkiyə bu bölgədə təsirini getdikcə artırmaqdadır. Qurulmaqda olan çoxqütblü dünya nizamında Ermənistanın isə demoqrafik, hərbi və coğrafi baxımdan dünyanın aparıcı siyasi ölkələr üçün cəlbediciliyi, əhəmiyyəti getdikcə azalmaqdadır. Cənubi Qafqazda ermənilərin tarixi hamisi rolunu oynayan Rusiya belə yeni güc yüksəlişi və geosiyasi reallığı qəbul edərək Türkiyə-Azərbaycan-Pakistan ittifaqıyla daha yaxın əməkdaşlıq qurmağa çalışmaqdadır. Bu səbəbdən Paşinyan Ankara və Bakının uzatdığı barış əlinin Ermənistan üçün bir şans olduğunu görməkdə, Azərbaycanla böyük sülh sazişi imzalamağa hazır olduğunu ifadə etməkdədir. Bütün bunlar Ermənistanın revanşist qüvvələri tərəfindən sərt müqavimətlə qarşılanır. Elə bu səbəbdən onlar orduda və digər güc strukturlarında olan bağlantıları vasitəsilə sülh prosesinə qarşı çıxmağa can atırlar. Xarici işlər naziri Ceyhun Bayramov da bildirir ki, Ermənistan cəmiyyətində hələ də revanşist fikirlər səsləndirən qruplar var: “Ümid edirik, Ermənistan siyasi rəhbərliyi reallıqları başa düşəcək ki, regionda sülhü təmin etmək üçün beynəlxalq prinsiplərə əməl etmək lazımdır”.
Bununla yanaşı fikirlər də səslənir ki, sərhəddə atəşkəsin pozulmasının başqa səbəbləri də var. Ermənistanın sərhəd təxribatları haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz “axar.az” portalına bu xüsusda bildirir: “Ermənistan Azərbaycanı beynəlxalq aləmdə günahkar çıxarmaq üçün son günlərdə xüsusilə Kəlbəcər istiqamətində sərhəd təxribatlarını törədir. İrəvan bu təxribatlara Azərbaycanın adekvat formada yox, daha güclü və sərt şəkildə cavab verməsini istəyir: “Əgər belə olarsa, onlar beynəlxalq aləm qarşısında ağlaşma quraraq dünyanı Azərbaycanın təcavüzkarlığına inandırmağa çalışacaqlar. Bununla Ermənistan Azərbaycana qarşı məcburetmə diplomatiyası və psixoloji müharibə aparmaq üçün zaman qazanmaq istəyir. Məqsəd isə, ABŞ başda olmaqla, Qərbin Bakıya təzyiq göstərməsinə çalışmaq yolu ilə 10 noyabr və Brüssel bəyannamələrinin icrasından boyun qaçırmaqdır”. General başqa bir diqqətçəkən məqamın Qərbin Cənubi Qafqazla bağlı siyasəti olduğunu vurğulayıb: “ABŞ, Avropa Birliyi və dünyanı idarə edən supergüclər Ermənistanın məğlub olacağını bilə-bilə onu müharibəyə sürükləyə bilərlər. Baş verə biləcək Üçüncü Qarabağ müharibəsinin Ermənistan üçün faciə ilə nəticələnəcəyini bilsələr də, orada Rusiyanın təsirini qırmaq üçün buna getmələri mümkündür. Azərbaycan səbrli davranmalıdır. Əlbəttə ki, atəş açan erməni mövqeləri adekvat şəkildə vurulmalıdır. Lakin rəsmi Bakı Ukraynadakı prosesləri nəzərə almalı, maksimum dərəcədə diqqətli olmalıdır. Çünki ABŞ və AB dünyanın bütün nöqtələrində Rusiyanın nüfuzunu sarsıtmaq üçün plan qəbul edib. NATO Rusiyanı birinci və əsas təhdid kimi görür. Dolayısı ilə Azərbaycanı belə böyük oyunun, ssenarinin içinə çəkmə istəkləri ola bilər”.
Ekspertlər hesab edir ki, bütün bunlara son qoyulması üçün İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanmasını tezləşdirməli, əməkdaşlıq münasibətləri qurmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan qeyd edilən xüsusda artıq Ermənistana müvafiq təkliflərini göndərib.
Nahid SALAYEV